49 yaşından sonra beyin bədəni yavaşıdır - TƏDQİQAT

   49 yaşından sonra beyin bədəni yavaşıdır -    TƏDQİQAT
  07 May 2025    Oxunub:622
Amerikanın Şimal-Şərq Universitetinin alimləri belə bir hipotez irəli sürüblər ki, yaş artdıqca fiziki aktivliyin azalması təkcə əzələ kütləsinin və hərəkət qabiliyyətinin itməsi ilə deyil, həm də beynin fəaliyyətində baş verən dəyişikliklərlə bağlıdır. Tədqiqatın nəticələri "Journal of Gerontology" (JGeront) jurnalında dərc olunub.
Tədqiqat Kembric Yaşlanma və Neyrobiologiya Mərkəzi tərəfindən toplanmış məlumatlara əsaslanır. Eksperimentdə 18-81 yaş arası könüllülər iştirak edib. Alimlər müəyyən ediblər ki, fiziki aktivliyin nəzərəçarpan dərəcədə azalması təxminən 49 yaşında başlayır və bu da beynin diqqət və özünü idarəetməyə cavabdeh sahələrində baş verən dəyişikliklərlə üst-üstə düşür.

“Biz müşahidə etdik ki, beyin fiziki aktivliyin azalmasını əvvəlcədən proqnozlaşdıra bilir,” – deyə tədqiqatın müəlliflərindən biri, fizioterapiya kafedrasının dosenti Timoti Morris bildirib.

Tədqiqatçılar xüsusilə, “diqqət şəbəkəsi” adlandırılan – insular pay və dorsal ön singulat qabıq daxil olmaqla beyin bölgələrinə xüsusi diqqət yetiriblər. Bu bölgələr məkan oriyentasiyası və impulsların idarə olunmasında əsas rol oynayır. Yaş artdıqca bu sahələrin funksiyası zəifləyir ki, bu da alimlərin fikrincə, fiziki aktivliyi çətinləşdirir.

“Evə gələndə divanı görürsünüz və oturmaq istəyi yaranır. Bu istəyi cilovlamaq üçün beyin müəyyən impulsları boğmalıdır. Yaşlandıqca bu nəzarət zəifləyir və istirahət etməyə meyl artır,” – deyə Morris izah edib.

Tədqiqat müəllifləri hesab edirlər ki, yaşlı insanlarda aktivliyin beyinə, neyronlara bağlı azalmasının daha dərindən araşdırmaq onların fiziki aktivliyini qorumaq üçün yeni strategiyaların hazırlanmasına kömək edə bilər.

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:





Xəbər lenti