İsraildən İrana sərt xəbərdarlıq: "Ağır zərbələr sizi gözləyir"

   İsraildən İrana sərt xəbərdarlıq:    "Ağır zərbələr sizi gözləyir"
  08 May 2025    Oxunub:408
"İsrail istənilən təhlükəyə və düşmənə qarşı özünün təkbaşına müdafiəsinə hazırdır".
Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats mətbuata açıqlamasında diqqətə çatdırıb. O, son günlər birbaşa ölkə ərazisinə qarşı artan hücumlara görə Yəməndə fəaliyyət göstərən "Husi" terror qruplaşmasına və onun himayədarı İrana xəbərdarlıq ünvanlayıb.

"Onlar İsrailə qarşı raket hücumlarını dayandırmasalar, ağır cavab zərbələri ilə üzləşəcəklər. İsrail Ordusu istənilən missiyaya hazırdır", - nazir vurğulayıb.

Husilərin məhz İran tərəfindən maliyyələşdirildiyini, silahlandırıldığını və nəzarətdə saxlandığını diqqətə çatdıran Katsın sözlərinə görə, Tehranın Yaxın Şərqdəki "müqavimət oxu" çoxdan qırılıb.

"Artıq siz birbaşa məsuliyyət daşıyırsınız. Beyrutda "Hizbullah"a, Qəzzada HƏMAS-a, Dəməşqdə Əsədə (Suriyanın sabiq prezidenti Bəşər Əsəd - red.) və Yəməndə husilərə göstərdiyimiz aqibəti Tehranda siz də görəcəksiniz. Heç bir elementin İsrailə zərər vurmasına icazə verməyəcəyik", - İsrael Kats söyləyib.
Husilər İsraildə aviabazaya raket atıblar

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar. Qruplaşma bu çərçivədə İsrailə qarşı birbaşa raket hücumları da həyata keçirməyə başlayıb.

"Husi" qruplaşması ötən ilin noyabrından bəri Qəzzada müharibəyə etiraz məqsədilə Qırmızı dəniz regionunda əsasən İsraillə əlaqəli gəmiləri hədəfə almaqda idi. Bu dəniz ticarəti və ümumiyyətlə, qlobal iqtisadiyyatı ciddi təhlükə altına almışdı. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə regiona qoşun göndərmiş, onlara qarşı bir sıra uğurlu əməliyyat keçirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   husilər   İran   münaqişə   xəbərdarlıq  





Xəbər lenti