2 milyona yaxın fələstinli Qəzzanı tərk edə bilər

   2 milyona yaxın fələstinli Qəzzanı tərk edə bilər
  06 May 2025    Oxunub:325
İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatları genişləndirməsi nəticəsində Fələstin anklavından 1,4-1,8 milyon sakin mühacirət təhlükəsi ilə üzləşib.
AzVision.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ingilis dilli dövlət nəşri olan “The National” qəzeti mənbələrə istinadən belə məlumat yayıb.

Mənbələrin dediyinə görə, təhlükəsizlik zonası Qəzzanın Misirlə sərhədi yaxınlığında 50-70 km² təşkil edəcək. İsrail rəhbərliyi isə 2,3 milyon sakindən 1,8 milyona qədərini anklavdan çıxmağa və mühacirətə məcbur etmək üçün ərazidə qəsdən dözülməz şərait yaratmağı planlaşdırır. Bu halda Qəzzada yalnız 500-900 min fələstinli qalmalıdır.

“Burada İsrail hərbçilərinin ciddi nəzarəti altında olan çadırlar, primitiv tibb klinikaları və məktəblər yerləşəcək. Yardımların həcmi minimal olacaq, çünki fələstinlilərin orada yaşamasının çətinləşəcəyi və onların çoxunun bölgəni tərk etmək istəyəcəyi gözlənilir", - mənbələrdən biri açıqlayıb.

Nəşrin həmsöhbətləri bu ssenarini 1948-1949-cu illərdə birinci ərəb-İsrail müharibəsi nəticəsində fələstinlilərin müasir İsrail ərazisindən kütləvi surətdə köçməsini həyata keçirən Əl-Nəkbə aktı ilə müqayisə ediblər.

İsrail hökuməti Qəzzanın işğalını dəstəkləyib
Bundan əvvəl mənbələrə istinad edən İsrailin “Kan” dövlət telekanalı əməliyyat ərəfəsində İsrailin Qəzzaya əlavə qüvvələr yerləşdirməsinin ABŞ prezidenti Donald Trampın regiona səfərinə qədər “girovların azad edilməsi” müqaviləsini həyata keçirmək üçün “imkan pəncərəsi” açdığını bildirmişdi.

- Lakin razılaşma əldə olunsa belə, İsrail təmizlənmiş və təhlükəsizlik zonasına birləşdirilən əraziləri qoruyub saxlamağa çalışacaq. Bununla belə, girovların azad edilməsi ilə bağlı razılaşma əldə olunmazsa, “Gideon arabaları” əməliyyatı böyük intensivliklə başlayacaq və bütün məqsədlərinə çatana qədər dayanmayacaq”, - BƏƏ-nin “The National” qəzeti vurğulayır.

Xatırladaq ki, bir gün əvvəl İsrailin “Ynet” portalı yəhudi dövlətinin hərbi-siyasi kabinetinin Qəzzada əməliyyatın genişləndirilməsi planını təsdiqlədiyini yazıb. “Kan” telekanalının məlumatına görə, “Gideonun arabaları” adı verilən əməliyyat HƏMAS hərəkatını məğlub etmək niyyəti güdür.

Bu məqsədlə İsrail qoşunlarının nəzarəti altında təhlükəsizlik zonasına çevrilməli olan zolağın cənub hissəsinə “Bütün Qəzza əhalisinin genişmiqyaslı təxliyyəsi” planlaşdırılır, anklavın qalan ərazilərində isə orduya “əməliyyat sərbəstliyi” veriləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qəzza   İsrail   köç  





Xəbər lenti