TQDK qəbul imtahanı keçirir

TQDK qəbul imtahanı keçirir
  29 İyun 2014    Oxunub:929
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün bu gün qəbul imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, İmtahanda iştirak etmək üçün 14 923 abituriyentin ərizə təqdim edib. Onlardan 5459 nəfərini oğlanlar, 9464 nəfərini qızlar təşkil edir. 14 380 abituriyent Azərbaycan bölməsi, 543 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 15 nəfəri artıq orta ixtisas təhsil müəssisələrinin məzunları olmuş şəxslər, 14 nəfəri isə ali təhsilli şəxslərdir. 50 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci il, ən gənc abituriyent 1999-cu il təvəllüdlüdür.

Qəbul imtahanı mərkəzləşmiş qaydada respublikanın 14 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Tovuz, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçirilir.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq. İmtahan 1 saat 30 dəqiqə ərzində aparılır və abituriyentlərə Ana dili və riyaziyyat fənlərinin hər birindən 30 sual (ümumilikdə 60 sual) təqdim olunur. Abituriyentin balları hesablandıqda, hər düzgün cavab 1 balla qiymətləndirilir. Ümumi bal hər bir fənn üzrə toplanılan balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar.

Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Belə ki, həmin kateqoriyadan olan abituriyentlər kolleclərə qəbul olmaq üçün buraxılış imtahanından əlavə imtahan verməyəcəklər.


Teqlər:  





Xəbər lenti