70 ildir yağan qar: Məşhur mahnının tarixçəsi

   70 ildir yağan qar:    Məşhur mahnının tarixçəsi
  23 Dekabr 2023    Oxunub:6379
XX əsrin əfsanəvi hitlərindən birinin bu il 70 yaşı tamam oldu. Salvatore Adamonun hər qış mütləq yada düşən “Qar yağır” (Tombe la neige) mahnısının yzlərlə dildə minlərlə kaver-versiyasının olduğunu nəzərə alsaq, dünyada onu eşitməyən çox az adam tapılar. Vaxtilə Müslim Maqomayevin də oxumasına baxmayaraq, bizdə bu mahnının Ajda Pekkanın ifa etdiyi türk versiyası (“Her yerde kar var”) daha məşhurdur.
Salvatore Adamo Belçika müğənnisi kimi tanınsa da, əslində milliyyətcə italyandır. 1943-cü ildə Siciliyada çox kasıb bir ailədə dünyaya gəlib. Onun dörd yaşı olanda ailəsi dolanışıq arxasınca düşərək, II Dünya Müharibəsinin xarabalıqları altında əzilən İtaliyadan Belçikaya köçüblər. Balaca Totonun (“Salvatore” adını əzizləmə mənasında belə deyirlər) atası kömür şaxtasında işləyir və əlindən gələni edirdi ki, oğlunun həyatı daha asan, rahat olsun. Buna görə də ailəsi onda özünü aşkar şəkildə göstərən musiqi istedadını inkişaf etdirməyə çalışırdı.

Totonun 14 yaşı olanda babasından yadigar qalan gitaranı ona əmanət edirlər. Yeniyetmə tezliklə bu aləti mükəmməl şəkildə mənimsəyir və həm mahnılar ifa etməyə, həm də özü bəstələməyə başlayır. Doğma italyan dilində danışmasına, italyanca kitablar oxumasına baxmayaraq, Salvatore nəyə görəsə mahnılarını fransız dilində qoşurdu. Maraqlıdır, bəs görəsən o, nəğmələrini italyanca yazsaydı, “Tombe la neige” yaranacaqdımı?


16 yaşında Salvatore artıq Fransa və Belçikada nüfuzlu müsabiqələrdə qalib gəlmiş gənc müğənni idi. “Sans toi, ma mie” adlı mahnısı ilə məşhurlaşmış, hətta kralın sarayında ifa etmişdi. Amma ən böyük musiqi uğuru onu 1963-cü ildə gözləyirdi.

...Axşamdır. Qar yağır. 19 yaşlı gənc sevgilisinin yolunu gözləyir. Amma qız nəyə görəsə gəlmir. Niyə? İndi sevən ürəkdə belə sualların meydana çıxması aktual deyil. Sadəcə olaraq zəng vurub, ya da “votsap”a yazıb, soruşmaq olar. Amma 1963-cü ildə mobil telefon yox idi. Ona görə də Salvatore beynində qızın görüşə niyə gəlməməsi haqda ehtimalları bir-bir saf-çürük edirdi: Nə olub görəsən? Niyə gəlmir? Bəlkə qar yağdığına görə? Əlbəttə! Günah qardadır! Hər şeyi edən odur!..
Qar yağır
Bu axşam gəlməyəcəksən
Qar yağır
Hər yan kədərdən ağarıb
Ürəyim qara bağlayır.




“Əgər mən məsələn, Kvebekdə yaşasaydım, yəqin ki, bu mahnı yaranmayacaqdı. Çünki orada hamı qışa hazırdır və qar yağdığına görə görüşlər pozulmur. Mən isə həm 19 yaşın, həm də siciliyalı xarakterimin təsirilə o vaxt bunu əsl faciə kimi qəbul etmişdim”,- Salvatore sonralar müsahibələrinin birində deyəcəkdi.

Həmin axşam görüşə gəlməyən qız tezliklə möhkəm peşman olacaqdı. Çünki sevgilisini görə bilmədən evə qayıdan gənc kədərini notlara çevirir və “Tombe la neige” adlı əsrarəngiz mahnı yaranır. Mahnının hazır olması yaya təsadüf etdiyindən, prodüserləri gənc müğənniyə məsləhət görürlər ki, qışa qədər səbr etsin. Amma qanı qaynayan italiyalı gənc ilə səbr bir-birindən çox uzaq anlayışlardır.


Sinql buraxılan kimi əvvəlcə Belçikada dillərə düşür, sonra Avropada, ardınca bütün dünyada yayılır. Musiqi nöqteyi-nəzərindən bu, minor akkordlarda yazılmış neapolitan nəğməsi janrında idi. Onu SSRİ-dən tutmuş Yaponiyaya qədər hər yerdə oxuyur və dinləyirdilər. Sözlərini Leonid Derbenevin yazdığı rus versiyasının ilk ifaçılarından biri xalq artisti Müslim Maqomayev olub.



SSRİ-də Emil Qorovetsin ifası da olduqca sevilirdi. 1972-ci ildə Adamonun özü də Moskvaya qastrola gələrək, mahnını şəxsən ifa edir. 1974-cü ildə isə mahnı “Estrada ulduzları” adı altında «Melodiya» şirkətinin vallarında satışa çıxarılır.

Türkiyədə karyerasına yeni başlayan Ajda Pekkan 1964-cü ildə mahnının lokal versiyasını (“Hər yerdə kar var”) ifa etməklə ulduza çevrilir. Sonradan bir neçə dəfə bu mahnının remiksini yazıb.



Qısa vaxtda mahnının alman, italyan, ispan, portuqal, fin, xorvat, bolqar, rumın, polyak, koreya, gürcü, kxmer və xeyli başqa dillərdə kaverləri yaranır. Yaponiyada mahnı xüsusilə məşhur idi. Müğənni Koşici Fubuki “Qar yağır”ı Yapon haykusu ilə birləşdirərək, ora Sakura budağını da əlavə edir. Və “Tombe la neige” üzərinə qar yağan Sakura budağı haqqında nəğməyə çevrilir. Bu nəğmə elə bir çılğın populyarlıq qazanır ki, hazırda yaponların çoxu onu xalq mahnısı zənn edirlər. Adalarda bu mahnının 500-dən çox kaver versiyası var.
Maraqlıdır ki, Salvatore Adamonun özü də mahnını Koşici Fubukinin yaponcaya tərcümə etdiyi versiyada ( “Yuki ga furu” ) oxuyub. Bu, mahnısına olan başgicəlləndirici sevginin əvəzində onun Yaponiyaya minnətdarlıq jesti idi.



1971-ci ildə Pol Moria mahnının instrumental versiyasını hazırlamaqla musiqiyə yeni gözəllik qatır.



70 ildir dünya bu mahnıdan doymur, usanmır, yorulmur... Niyə? Axı indi sevgililər yağan qara görə görüşlərini ləğv etmirlər. Baş tutmayan görüşlərin səbəblərini dəqiqləşdirmək üçün isə müasir kommunikasiya vasitələr var. Demək, heç kimin qarın altında gözləyə-gözləyə üşümək riski də yoxdur. Buna baxmayaraq, biz hələ də inanırıq ki, sevdiyimiz bizi aldatmaz, gözümüzü yolda qoymaz; əgər qoyubsa, bunu edən o deyil, günah mütləq kimdəsə, nədəsə başqasındadır – məsələn, qarda...
Yağma kar, dur artık
Bak, buz oldu kalbim
Hər şey senin yüzündən
Belki gelir sevgilim...


Vüsal Məmmədov
AzVision.az


Teqlər: Mahnı   Musiqi  





Xəbər lenti