LAYİHƏ: BELƏ YARANIR – “Gecikmiş etiraf”ın tarixçəsi

LAYİHƏ: BELƏ YARANIR – “Gecikmiş etiraf”ın tarixçəsi
  15 Aprel 2013    Oxunub:11660
4 ildən sonra bu mahnıdan danışılırsa, deməli, səbəbi var...
Aygün Səmədzadə: “Birdən-birə mənə nə isə gəldi elə bil...”
Sevinc Çılğın: “Bilmirəm necə oldu, necə yazdım...”
Vüsal Hacıyev: “Hətta ermənilər bu mahnıya görə mənə təşəkkür ediblər”

AzVision.az yeni bir layihəyə start verir: “BELƏ YARANIR...” Bu layihə vasitəsilə oxucuları müxtəlif incəsənət nümunələrinin yaranma prosesi, görünməyən tərəfləri ilə tanış etməyə çalışacağıq. Layihəmizin növbəti buraxılışı musiqisi Aygün Səmədzadəyə, sözləri Sevinc Çılğına məxsus, Vüsal Hacıyevin ifasında tanıyıb-sevdiyimiz “Gecikmiş etiraf” mahnısına həsr olunub.

“Gecikmiş etiraf deyirlər buna...” Kiminin “Məhz mənim üçün yazılıb” dediyi, kiminin “Həyatının saundtreki” hesab etdiyi, artıq bir ünvanı olmayan gecikmiş etirafların çevrildiyi o nəğməyə...Bəlkə də, elə iki qadın ürəyi, ruhu da gecikmişdi o etirafı sözə, musiqiyə yansıtmağa. Amma bir gün etdilər bu etirafı, həm də bir yerdə. Və yəqin ki, o etiraf açıq şəkildə olsaydı, heç bu mahnı da yaranmazdı...

Nə deyim, bəlkə də,gec oldu,
Bəlkə də, utandım gülərsən deyə.
Kəsdi yollarımı qorxaq taleyim,
Uduzdum bu vaxtsız dəli sevgiyə...




“Hər kəsin bir gecikmiş etirafı var” deyən bəstəkar Aygün Səmədzadə və şairə Sevinc Çılğının etirafıdır bu mahnı... Dediklərinə görə, hazırda ünvansız olan bu etiraf nəğməsini, bəlkə də, indi tale başqasına eşitdirir, başqasına ünvanlanır...

Ancaq yenə də bu mahnıda Aygün Səmədzadə var, Sevinc Çılğın var. İçində illərlə bu hissləri qoruyub saxlayan neçə-neçə insan var. Onlar üçündür bu mahnı. “Mahnıdakı yaşantılar hardasa mənim özümə də aiddir. Yəqin ki, hər bir insanın həyatında yaşanan hadisədir. İnanmıram elə bir insan ola ki, onun həyatında bu mövzu olmasın. O halda elə insan olar ki, sevginin, ülvi hisslərin onun üçün heç bir anlamı yoxdur. Məsələn, kimi görsə, deyər ki, “Mən səni sevirəm”, yəni bu qədər rahat... Ancaq ömrü boyu bu duyğularla yaşayanlar da olur. Bu mahnı onlara daha çox təsir edir”,- deyir Aygün Səmədzadə.

Elə Sevinc Çılğının da bir gecikmiş etirafı var imiş: “Aygün xanım mənə deyirdi ki, sənə də aiddi bu hisslər. Həqiqətən, axı bu mövzu mənə də yad deyildi. Ona görə də, mahnıda elə doğmalıq, sevgi var. Ancaq o etirafımın üstündən çox keçib...”

“Dinləyicilər hələ də “Tut ağacı”, “Məktəb illəri” kimi mahnılar arzulasa da, bu mahnı mənim ən sevdiyim mahnılarımdan biri, bəlkə də, birincisidir”,- deyir Aygün xanım:
- Bu vaxta kimi nə qədər mahnı yazmışam, içində ürəyimə çox yatan mahnılar olub. Amma bu mahnını başqa cür çox istəyirəm...

...Və sevə-sevə, duya-duya yazılan, eyni zamanda, dinlənilən bu mahnı Aygün Səmədzadənin ata evində BELƏ YARANIB, sanki bir vəhylə: “Bir dəfə Sevinclə atamgilə qonaq getmişdik. Birdən-birə mənə nə isə gəldi elə bil. Dedim ki, bax belə mövzu istəyirəm, hətta yaranacaq mahnının nəqarətini də zümzümə elədim.Sevinc də buna uyğun o qədər tez yazdı ki şeri...

Ömrünə qonaqdı sevgim,
Yolumdan uzaqdı... neynim?
Daha susar gözümdə,
Uyuyar ürəyimdə,
Dinər mahnılarımda...


Sevinc Çılğın:
- Demək, mən şeri yazıram. Bir də görürsən ki, hansısa hissəsi uyğun olmur mahnıya. Onu dəyişdirməli oluruq. Aygün xanım deyir ki, tez ol, dəyiş bu sözü. Mənim də əvvəlki atmosferə qayıtmağım müşkül olur. Amma yenə də mən tez özümü yığışdırır, bir dəqiqənin içində yazıram yenə o hissəni. Bu şeirdə isə bilmirəm necə oldu, necə yazdım...

Aygün Səmədzadə:
-Sevinc tam istədiyim kimi elə sürətlə yazdı ki, şeri...O anlarda həmişə deyirəm ki, sən çox istedadlısan. Çünki birdən-birə sənin istədiyini tam olaraq verir, çatdırır. Bu mahnıda belə oldu. Adam şübhələnir ki, axı bu necə olur? Necə yarandı bu? Məhz o anda Sevincin şair olduğunu hiss edirəm...

Gizlicə arxanca baxardım sənin
Yoluna çıxmağa cəsarət hanı?
İmzasız bir məktub gəlmişdi sənə,
Susan lal kəlmələr de yadındamı?


Aygün Səmədzadə birdən-birə keçmişə qayıdıb, iki yaradıcı insanın bir masa arxasında oturub minlərlə insanın ürəyinə yol tapan nəğmələr yaratdıqları dövrə: “Birdən dedi ki, gəl mahnı yazaq. Bax keçmişdə necə edirdilər, elə...Məsələn, otururdular bir yerdə, mahnı yazırdılar, fotoları da var elə... Zeynal Cabbarzadə, digərləri... Dedim yaxşı. Amma qorxurdum ki, birdən yaza bilmərəm. Dedim, ya Zeynal Cabbarzadənin ruhu... Həm komik vəziyyət idi, həm də çətin. Çünki inanmırdım ki, Aygün xanım ciddi deyir. Belə şey ola bilməz, axı biz işimizə ciddi yanaşırıq. Hisslər də gəlməlidir axı...Bir də gördüm ki, doğrudan da yazmışam. Alındı, avtomatik olaraq da Aygün xanım oturdu pianinonun arxasına...”

- “Gecikmiş etiraf” bu şəkildə ortaya çıxardığımız tək işimizdir. Onu deyim ki, mən heç vaxt məktəbdə başqa şagirdlərlə bir yerdə dərs hazırlaya bilmirdim. Həmişə mənə maraqlı gəlirdi ki, bir neçə adam, dostlar bir yerdə necə dərs hazırlayır? Bir yerdə dərs oxumaq mümkün deyil, bir yerdə adam söhbət edə bilər, mütləq dərsdən kənara çıxılar. Eləcə də mahnı...baxırdım ki, filan bəstəkar oturdu filan şairlə mahnı yazdılar. Yəni bizim böyük sənətkarlarımızdan danışılanda belə xatirələrə rast gəlirik. Mən də Sevincə dedim ki, görəsən, biz də belə bir şey edə bilərikmi? Adətən ya mən şeirə musiqi bəstələyirəm, ya da mənim musiqimə şeir yazılır. Bu mahnı isə belə alındı...

Tezmi doğulmusan, gecmi rastladım?
Sənə nə deyim ki, yadında qalım?
Nə yazdım, nə dedim, nə dinə bildim,
Sənsə gözlərimdən duya bilmədin...


...Beləcə “Gecikmiş etiraf” yaranıb. Aygün Səmədzadə isə, ana körpəsi doğularkən baxıb-baxıb, qucaqlayıb, sinəsinə sıxıb ağladığı kimi, mahnını çalıb-çalıb ağlayıb: “Bir müddət bu mahnını heç kimə göstərmədim, ağlamaq gəlirdi mənə. Axı mu mahnı mənim özümü tapdığım mahnıdır...”

Ancaq “Onsuz da o etiraf ünvanına çatmadı, heç nə dəyişmədi. O etiraf ünvanı artıq yoxdur...” deyə düşünür. Sevinc xanım isə deyir ki, mahnının ünvanlandığı şəxs heç fərqində də deyil bu etirafın.

Aygün Səmədzadə:
- O etirafı açıq şəkildə etməyi bacaran elə onu 10-20 il bundan əvvəl edərdi də. Deyir sözü atdın, kim götürdü, götürdü. O adamlar əgər dərk eləyiblərsə, özləri bunu anlayacaqlar. Amma mənə elə gəlir ki, dərk etmədilər...

Ancaq deyir ki, indiyə qədər gizli qalan bu etirafın heç bir ağırlığı olmayıb içində. Əslində isə deyə bilmədikləri, aça bilmədikləridir musiqiyə çevrilən. Daxilindəki yumağa dönüb qalan duyğulardır bu mahnı: “O hisslər olmasa, mahnı yaranmaz. Düşünürəm ki, yaranan bütün mahnılar onu yaradanların içlərindəki hisslərin təcəssümüdür. Biz deyə bilmirik axı. Sən bunu gedib kiməsə deyə bilməzsən. Hər yoldan keçənə “Səni sevirəm” deyən adam musiqi bəstələyə bilməz, şeir yaza bilməz. Şeir daha açıq etirafdır əslində. Məsələn, Sevinc o sözləri yazıb, ona çox adam deyə bilər ki, sən bunu kimə yazmısan? Ancaq bunu mənə deyə bilməzlər, çünki musiqidə hər şey gizlənir...”

-Aygün xanımın cavabı var, soruşanda deyəcək, mən şairin sözlərinə bəstələmişəm.

Sevinc xanım Aygün Səmədzadənin ürəyini bölüşdüyü çox az sayda olan şairlərdəndir. Deyir ki, yaş fərqimiz çox olsa da, onunla daha rahatdır hisslərini paylaşmaq. Hesab edir ki, səbəb onun gənc olmağı və böyük ürəyidir. Və elə buna görə də, həmin anda o etirafınının səsini məhz Sevinc Çılğına çatdırıb.

Beləcə, mahnı hazır olub: “Sonra da mahnını Vüsal Hacıyev çox gözəl ifa etdi. Bu mahnıda o qədər özümü bildirmək istəyirdim ki, səsimi də yazdırdım. Göstərəndə ki, burasını belə oxu, orasını elə oxu, dedilər ki, bəlkə elə özünüz oxuyasınız. Mən də oxudum... Çox bəyənirəm öz səsimi”.

Sevinc Çılğın isə deyir ki, Aygün xanımın mahnılarını dinləyəndə onun öz səsini eşidir: “Çünki necə oxumaq istəyirsə, elə də oxutdurur. Yəqin elə ona görə, həmin adamların yaradıcılığında Aygün xanımın rolu xüsusilə seçilir. O, özü mahnılarını çox ürəklə oxuyur, necə lazımdırsa, elə çatdırır insana. Müğənni texnikləşir, amma o yox. Bu mahnıya da Aygün xanım öz səsiylə imza atdı, naxış vurdu, bəzədi...”

Bəstəkar xanım buna görə mahnını dinləyəndə həmişə öz səsini gözləyir: “Özümü eşitməyəndə mahnı mənimçün belə də...”
Görünür, elə çoxları bu mahnını, bu mahnı kimisini eşitmək istəyir.

Sevinc Çılğın:
- İndi də kimsə məndən mahnı üçün şeir istəyəndə, deyir ki, bax elə sözləri olsun. Bu, əslində qıcıqlandırır məni. Mənə inanırsansa, bilməlisən ki, onu da mən yazmışam da, yenə yaza bilərəm.

Aygün Səmədzadə:
- Məndən də istəyirlər elə. Bu mahnının dinləyicisi çoxdur. Amma kütləvi deyil. Mən də özümü bununla sakitləşdirirəm ki, o qədər lazımsız mahnı var ki, çox populyardır, hamı dinləyir. Amma düşünürəm ki, kütləvi musiqini heç yazmaq lazım deyil. Bu mənada mən bilirəm ki, bu mahnı həmişə yaşayacaq. Çox müğənnilər istəyib bunu oxumaq, amma mən istəmirəm. İstəyirəm mahnını Vüsalın səsində tanısınlar.

“Aygün xanım indiki dövrdə mənim üçün elə dahi bəstəkar, onun yazdığı mahnılar o qədər dərindir ki, mənimçün əlçatmaz idi onun mahnısını oxumaq. Mən muğam sinfini bitirmişəm. Teymur Əmrahdan vokal dərsi almağıma baxmayaq, yenə də Aygün xanımın mahnılarını ifa etmək çətin idi. İfa edəndə baxıb görürdüm ki, nə isə çatmır. Anladım ki, ürəyim çatmır...yoxsa yaşantılarmı? O qədər içdən yazıb ki, nəyin çatmadığını ifadə eləmək çətindir. Məsələn, deyirsən ki, “Ömrümə qonaqdır sevgin...”, amma ifa edəndə o qədər çətindir ki, gərək sənə şillə vursunlar, ya ağlayasan, nə bilim nə isə yadına düşə ki, onu ürəklə oxuya biləsən. O da tam olaraq ürək qoymaq qeyri-mümkündür. O ancaq Aygün xanımın özünə məxsus olan bir şeydir, o çatdıra bilər...”, -deyir Vüsal Hacıyev.

Vüsalın da gecikmiş etirafı çoxdur, dediyinə görə...Və düşünür ki, bu mahnının yaranması və bu mahnıda payı olan insanların Aygün xanımın yanında olması heç də təsadüfi deyil.

Aygün Səmədzadə:
-Əslində heç kim heç kimin ətrafında deyil. Bu, o deməkdir ki, mən də onların dairəsindəyəm. Onlar mənim başıma yığışmayıb, hərəsinin öz işığı var. Sanki qohum ruhlar, müəyyən içi olan insanlar bir yerdə birləşib. Biz təsadüfən birləşməmişik...və özümüzü yaxşı adamlar hesab edirik... (gülür)

Özlərinin sözlərinə görə, onları birləşdirən insani keyfiyyətləridir. Və bu keyfiyyətlərin hopduğu birgə iş – “Gecikmiş etiraf” onların gözlədiklərindən də çox səs-küy salıb, tanınıb.

Vüsal Hacıyev:
- Hətta bir neçə dəfə ermənilər də mənə yazıb, bu mahnıya görə təşəkkürlərini bildiriblər. Çox sevirlər bu mahnını. Yaradıcılığımda da çox böyük rol oynayıb.

Bu yerdə Aygün Səmədzadə mahnının aranjemançısı Tural Usubovdan söz açır: “Əslində Azərbaycanın musiqi aləmində, televeziyilarda insanlar necə görünmək istəyirlərsə, elə görünürlər. Ancaq pərdə arxasında insanlar göründükləri kimi tanınırlar. Tural da elə musiqiçilərdəndir ki, pianino arxasında oturanda bilirsən ki, ət döymür, fortepianoda ifa edir. Musiqidə təsadüfi insan deyil. Mahnını ona etibar etmək olur. Mənim üçün dəyərli olan bu mahnımı da ürəklə ona etibar etdim...”

2009-cu ildə oxunub bu mahnı: “Elə mahnı olur ki, nə qədər eşitsək də, tez unudulub gedir. Amma bu mahnı nə özü qışqırır, biz qışqırmırıq ki, bu mahnı belədir, elədir. Amma 4 ildən sonra bu mahnıdan danışılırsa, deməli, səbəbi var...Bu mahnıda əməyi olan insanların hər biri belədir. Biz özümüzü reklam eləməyi bacarmırıq. Biz hay çəkmirik...bəlkə də, eləmək lazım idi, amma eləmirik”.

Düşünürlər ki, alqış üçün yaranmayıb bu mahnı. Sevinc Çılğın içindən gəldiyi üçün yazıb, Aygün Səmədzadə içindən gəldiyi üçün bəstələyib, Vüsal Hacıyev də istədiyi üçün oxuyub. “Etməsək yaşaya bilməyəcəyimiz bir işlə məşğuluq” deyirlər. Elə onlar yaşadıqları üçün, yaratdıqları üçün, sevdikləri üçün, sevənlər üçün var bu mahnı. Və ünvanına çatmasa da, yaşayacaq bu etiraf...

Susmağa məcburdum,
Nə yaş, nə zaman
Yerində deyildi... nə dəyim indi...
Qismətmi, deyilmi, bilmirəm amma,
Gecikmiş etiraf deyirlər buna...


Sevinc Fədai
Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti