Dahi və “inək” Şaban

Dahi və “inək” Şaban
  12 Aprel 2013    Oxunub:2276
Əsəd Qaraqaplan

Hər dəfə filmə baxanda məndə belə bir fikir yaranır ki, aktyorlar filmdə hansı rolda daha yaxşı oynayırlarsa, demək, onlar mahiyyətcə də, yəni həyatda da elədirlər. Məsələn, mənfi bir rolda oynayan bir aktyorun mahiyyətcə də mənfi biri olduğunu düşünürəm.
Mən ünlü türk aktyoru, hamının sevimlisi Kemal Sunalın – “inək Şaban”ın mənfi rolda oynadığı heç bir filmə rast gəlməmişəm. Bəlkə də buna görə onu və filmlərini çox sevdim... Onun həmişə mahiyyətcə də elə müsbət bir insan olduğunu düşünmüşəm...

Amma adamlar Kemal Sunalın filmlərinə baxıb güləndə mən ağlayıram. Onun bu qədər gülüş və sadəlövhlüyün içində insanın, toplumun, millətin, bəşəriyyətin faciəsini necə “gizlətməsi” məni həmişə dəhşətə gətirir.
Uşaq vaxtı o filmlərə baxıb güldüyüm kimi, böyüdükcə o filmlərin detallarında özümün, öz həyatımın, ətrafımın və s. faciələrini görəndə ağlamağa başladım. Və o filmlərə yenidən, təklikdə və indiki halımla baxmaq qərarına gəldim...

“Nərimanov” tərəfdə, tez-tez dostlarla yığışdığımız “Dursunun kafesi”ndə səyyar film diskləri satan cavan, arıq, biraz da Şabanı xatırladan bir oğlana rast gəlmək olar. Əvvəllər evdə kompüterim olmadığından onu saxlayıb boş yerə vaxtını almaq istəmirdim. Çünki bu əziyyətli işə şəxsən mən qatlaşa bilmərəm. Həm də belə insanlara mən həmişə əlimdən gəldiyi qədər xeyir vermək istəmişəm.

Evə kompüter alandan sonra artıq onu görəndə ürəklə saxlayıb disk ala biləcəyimi düşündüm. Həm də bunu içimdən gəldiyi üçün edirdim. Cibimdə az-maz pul olan vaxtların birində (təbii, həmişə belə olmur) o oğlanı görəndə saxladım. İlk ağlıma gələn çoxdan dediyim qaydada baxmaq istədiyim Kamal Sunalın filmləri oldu. Soruşanda qardaş mənə onun seçilmiş filmləri olan bir neçə diskini verdi. Hərəsinin içində tam 8 film.

Sonrakı günlərdə o oğlandan Kemal Sunalın bir neçə diskini də aldım. Gəlib evdə hər gecə bir filmə baxdım. Baxdım, düşündüm və ağladım... Heç nə indiki halımı, ətrafımı, həyatı, insanları və insanlığı bu filmlər kimi anlada bilməzdi.

Bu filmlərə baxdıqca təkcə bu saydıqlarımın yox, həm də bu filmlərə yalnız “zövqçün” baxıb, mal kimi gülənlərin halına da acıyıb, onların yerinə də ağladım. Bu qədər insan faciəsini adam necə öz içində gəzdirib, onu acı gülüşə çevirə bilər, çaşıb qalmışdım.
Adam rəsmən dahiymiş...

Onun dahiliyinin bir sirri də filmlərində əsasən özünü və yaşantılarından keçənləri oynamasıydı. Necə ki, özü də bu yerlərə çətinliklə - “0”-dan gəlmişdi, filmlərində də bu “həyat yolu”nun özünü göstərirdi, sonrasını və nəticəsini yox.
Kemal Sunalın filmləri qədər kütlənin əsl üzünü, murdar xislətini, fərdə münasibətini açıb göstərən filmlərə rast gəlməmişəm. O, hər şeyi olduğu kimi göstəməyin ustasıydı – bütün halıyla, çırıl-çılpaq... həqiqəti sadəlövhlüklə adamın üzünə çırpmaqla...
Bəli, aktyorlar filmdə hansı rolda daha yaxşı oynayırlarsa, demək, onlar mahiyyətcə də, yəni həyatda da elədirlər. Filmdə də öz içindən - əsl mahiyyətindən qaçmaq olmur...
Sonralar Kemal Sunalın həyatıyla maraqlananda da eyni mənzərəylə qarşılaşdım. O, filmlərində necə imişsə, həyatda da eləymiş. Saf, təmiz, içində insan faciələrini daşıyan, onu dəhşətli bir gülüşə çevirən, sadəlövh və cəsarətli. Yəni dahi və “inək Şaban”.


Teqlər:  





Xəbər lenti