Maaşlar artdı - Naxçıvanda

Maaşlar artdı - Naxçıvanda
  26 May 2014    Oxunub:1289
Naxçıvanda əhalinin gəlirləri və maaşları artıb. Bu barədə AzVision.az-a Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib. NM-nın rüblük hesabahında bildirilir ki, əhalinin gəlirləri 2,8 faiz artaraq 448 milyon 211 min manat, onun hər bir nəfərə düşən həcmi isə 1,1 faiz yüksələrək 1028 manat təşkil edir.

Həmçinin bildirilir ki, iqtisadiyyatın əsas göstəricisi qismində 584 milyon 99 min manatlıq Ümumi Daxi¬li Məhsul istehsal olunub ki, bu da 2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,3 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır.

Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 1,8 faiz artaraq 1339,7 manata (1707,9 ABŞ dollarına) çatıb.

Hazırda muxtar respublika iqtisadiyyatının lokomotivi sayılan sənaye sahəsində 283 milyon 363 min manatdan çox məhsul istehsal edilib ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 2,2 faiz üstələyib.
İnfrastruktur quruculuğu çərçivəsində əsas kapitala 304 milyon 756 min manatdan çox həcmdə investisiya yönəldilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 1,4 faiz artıb.

İnformasiya cəmiyyətinin inkişafına paralel olaraq davamlı artan informasiya və rabitə xidmətlərinin həcmi 15 milyon 273 min manatdan çox olub ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 12 milyon 835 min manatdan çox olub və bir il öncəki göstəricini 1 faiz üstələyib.
İqtisadi inkişafın prioritet istiqaməti kimi ərzaq təhlükəsizliyinin təminatı üzrə səmərəli ərzaq balansı formalaşdırılmaqdadır. Bu dövr ərzində 31 milyon 799 min manat həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 5,8 faiz üstələyib.

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada 6,7 min ton ət (diri çəkidə), 23,7 min ton süd istehsal edilib, 2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə ət istehsalı 2 faiz, süd istehsalı 0,3 faiz artıb.
Əhalinin artan gəlirlərinin davamlılığının təmin olunması və onun inflyasiyadan qorunması üzrə səmərəli mexanizmlərin tətbiqi ardıcıl təşviq olunmaqdadır. Cari ilin yanvar-aprel aylarında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artaraq 448 milyon 211 min manat, onun hər bir nəfərə düşən həcmi isə 1,1 faiz yüksələrək 1028 manat təşkil edib.
İqtisadi siyasətin əsas hədəflərindən biri kimi əməkhaqlarının davamlı artımı təşviq olunur və bu məqsədlə, ilk növbədə, sa¬hibkarlığın inkişafına ciddi dəstək verilir. 2014-cü ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 378,1 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artıb.

Bildirilir ki, dərinləşən iqtisadi münasibətlərə paralel olaraq bank işi təkmilləşməkdədir. 1 may 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 26939-a çatıb ki, bunun da 4023-ü və ya 89,2 faizi aktiv hesablardır. 2014-cü ilin yanvar-aprel ayları ərzində açılmış 6661 bank hesabının 6603-ü və ya 99,1 faizi aktiv hesablardır.

İqtisadi inkişafın yüksək templəri, öz növbəsində, xarici ticarət həcminin və onun coğrafiyasının genişlənməsini təmin etməkdədir. Ötən dövr ərzində muxtar respublikanın 129 milyon 72 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi olub ki, bu da bir il öncəki göstəricini 0,3 faiz üstələyib. İxracın həcmi son bir il ərzində 17,3 faiz artaraq 93 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 58 milyon ABŞ dollarına yaxın həcmdə müsbət saldo yaranıb.

Hesabatda qeyd edilib ki, sahibkarlıq strukturlarının kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2014-cü ilin yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 17 milyon 794 min manatdan çox həcmdə kreditlər verilib.

Anar RÜSTƏMOV
AzVision.az



Teqlər:  





Xəbər lenti