Qaranlıq “niyə”lərin erməni beynindəki cavabları – VİDEO

   Qaranlıq “niyə”lərin erməni beynindəki cavabları –    VİDEO
  25 Dekabr 2022    Oxunub:2626
Niyə ermənilər Qarabağdakı iki mədəndə ekoloji monitorinqin aparılmasına bu cür şiddətlə etiraz edirlər? Niyə Xankəndidə özlərinin iddia etdikləri kimi, “120 min əhalinin” məhrumiyyətlə üzləşməsinə razıdırlar, amma iki yatağa baxış keçirilməsinə yox?! Niyə yolun bağlı qalmasına dözürlər, bütün dünyada aksiyalar keçirirlər, məsələni BMT-nin Təhlükəsizlik Şurasına qədər çıxarırlar, amma ən sadə və asan həll ilə razılaşmırlar?!
Axı iki yataqda monitorinqin aparılmasında ermənilər üçün qorxulu nə ola bilər ki, məsələni bu qədər qəlizləşdirirlər?! Bu, hazırda günün ən vacib suallarındandır.

İlk baxışdan vəziyyət həqiqətən də absurd teatrını xatırladır. Amma ermənilərin verdikləri açıqlamaları diqqətlə dinləyəndə aydın olur ki, onlar ekoloji monitorinq kimi sadə məsələni niyə bu qədər ağırlaşdıraraq, az qala “həyat-ölüm” məsələsinə çeviriblər.

Dəhlizi dalana çevirən səbəblər

Ermənistanlı politoloq David Stepanyanın gürcü jurnalist Gela Vasadzeyə müsahibəsindən bir neçə səbəbi tutmaq mümkündür. Məsələnin bir tərəfini politoloq açıq etiraf edir: “...Çünki onlar mədənə buraxılandan sonra orada çox ciddi pozuntular aşkarlayacaqlar. Kaşendə peyda olandan sonra onlar yüzlərlə pozuntu tapacaqlar...”


Birinci aydın olan odur ki, ermənilərin “Kaşen” dedikləri Dəmirli və Qızılbulaq yataqarında həqiqətən də ciddi ekoloji problemlər var. İlk növbədə buna görə ora ekoloji monitorinqi buraxmaq istəmirlər. Hərçənd, apriori bəllidir ki, söhbət təkcə ekologiyadan getmir: Əgər həmin yataqlar hansısa şəkildə istismar olunursa, bu, artıq pozuntudur. Çünki onlar Azərbaycanın BMT tərəfindən rəsmən tanınan ərazisində yerləşirlər.

Daha sonra Stepanyan deyir: “...Ardınca orada daimi iştirak istiəcəklər, daha sonra Azərbaycan polisi peyda olacaq, sonra yatağın özlərininki olduğunu deyəcəklər, sonra sahibinin dəyişməsini, axırda da Xankəndidə Azərbaycan bayrağının dalğalanmasını tələb edəcəklər”.

Göründüyü kimi, bizim qaldırdığımız ekoloji məsələni ermənilər “Qarabağ kimindir?” siyasi sualına qədər yuvarlaqlaşdırırlar. Halbuki, biz cavabı birmənalı olan bu sualı kənara qoyaraq, irəliyə getmək niyyətində idik...
Erməni mediası açıq şəkildə yazır ki, Qarabağdakı yataqlar Azərbaycana yox, yerli ermənilərin separatçı qurumuna məxsusdur və “dünyada ən qanuni şəkildə istismar olunan” mədənlərdir. Başqa sözlə, ekoloji məsələni Azərbaycanın Qarabağ üzərində suverenliyini inkar etmək müstəvisinə keçirirlər. Bu halda əlbəttə ki, məsələnin rəngi dəyişir.

Amma ermənilərin yozumları bununla da bitmir. David Stepanyan açıq şəkildə söyləyir ki, əsas hədəf Zəngəzur dəhlizidir: “Azərbaycan hələ bir neçə ay əvvəl demişdi ki, Laçın və Zəngəzur dəhlizlərinin statusu bərabər olmalıdır. Onlar Mehridən keçən dəhliz istəyirlər. Mehridən keçən! Bu, vacib məqamdır, çünki Ermənistanı İrandan ayırmağa xidmət edəcək”.

Dəqiqləşdirək: “bir neçə ay əvvəl” yox, düz bir il qabaq, 2021-ci il, dekabrın 14-də prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə birlikdə Brüsseldə keçirdiyi mətbuat konfransında demişdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır: “Üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.


Göründüyü kimi, Azərbaycanın bu tələbində yeni və qeyri-adi heç nə yoxdur: Hər şey lap əvvəldən belə nəzərdə tutulub. Stepanyan bunu deyərkən niyə özünü Amerika kəşf etmiş kimi aparır - aydın deyil. Üstəlik, məntiq də, ədalət də bunu tələb edir: Əgər müharibədə məğlub tərəfə nəzarətsiz dəhliz veriləcəksə, qalib tərəf niyə öz torpağına məğlubun nəzarəti altında gedib-gəlməlidir? Belə şey tarixdə olmayıb!

Ermənistan qəti şəkildə və heç bir halda Azərbaycana dəhliz verməyəcəyini bildirir. O halda nə alınır? Ekologiya məsələsini radikal şəkildə siyasiləşdirərək, Qarabağın kimə məxsus olması və dəhliz mövzularına çevirirlər, hər iki məsələdə də zərrə qədər güzəştin olmayacağını deyirlər. Məsələ tam dalana dirənir.
Belə davam etdikcə aksiyanın iştirakçılarına ancaq bir yol qalır: İsti geyinmək və möhkəm dayanmaq. Ekoloji aksiya psixoloji mübarizə ilə müşayiət olunan dözümlülük yarışına çevrilir. Hələ ki...

“Kiçik işğal”ın böyük problemi

Maraqlıdır ki, erməni tərəfi üçün məsələ bununla bitmir: Stepanyanın növbəti açıqlamalarından aydın olur ki, niyə sərhədlərin delimitasiya və demarkasiya məsələsi divara dirənib.

Məsələ ondadır ki, Qazax rayonunun erməni anklavında olan yeddi kəndi 1990-cı illərin əvvəlindən işğal olunub: Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı, Aşağı Əskipara. Ermənilər ilk növbədə 1990-cı ilin martında Bağanis Ayrımı işğal etmişdilər, çünki o, İcevan-Noyamberyan avtomobil yolunun üzərində yerləşir və xüsusi strateji əhəmiyyətə malikdir. Bu gün həmin yol o cümlədən də Ermənistanla Gürcüstanı birləşdirir.

Stepanyanın sözlərindən aydın olur ki, həmin yolun heç bir şəkildə Azərbaycanın nəzarətinə keçməsilə razı deyillər. Ona görə İrəvan delimitasiya zamanı 1929-cu ilin xəritələrindən istifadə olunmasında təkid edir. Detallar hələ ki məlum deyil, amma görünür, həmin xəritələrdə 7 kənd Azərbaycan SSR-nin inzibati ərazisi kimi göstərilməyibmiş, ona görə. 1991-ci ilin xəritələrində isə sözsüz ki, Azərbaycan ərazisi kimi qeyd olunublar.

Amma bu zaman bir sual çıxır: Axı Ermənistan rəhbərliyi sözdə Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ilin sərhədlərilə tanıdğını iddia edir! Belə çıxır ki, üzdə bir, arxada isə başqa şeydən danışırlar.

Vacib məsələ odur ki, sovet xəritələrində nə vaxt necə göstərilməsindən asılı olmayaraq, həmin kəndlər tarixi Azərbaycan torpaqlarıdır, onların işğalı amansız etnik təmizləmə və dəhşətli insan faciələri ilə müşayiət olunmuşdu. Azərbaycan özünün həm tarixi, həm də qanuni torpaqlarından necə imtina edə bilər axı?!

Beləliklə, sülh prosesinin pozulmasının arxasındakı təfərrüatlar aydınlaşır:
• Ermənilər Laçın yolunun dəhliz kimi qalmasını tələb edir, özləri isə Azərbaycana dəhliz verməkdən qəti imtina edirlər;
• Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərə nəzarət hüququnu tanımaq istəmirlər;
• Qazax rayonunun işğalda olan 7 kəndini qaytarmaqdan imtina edirlər.

Bu halda təbii ki, nə sərhədləri müəyyənləşdirmək mümkün olacaq, nə də sülh müqaviləsi imzalamaq. Ermənilər təəssüf ki, bir vacib dərsi hələ də anlaya bilməyiblər: Əgər sənə qarşı uzadılan əli sıxmaq istəmirsənsə, onda növbəti dəfə həmin əl yumruq şəklində də qayıda bilər.

Vüsal Məmmədov
AzVision.az

Teqlər: Ermənistan   Qarabağ   Hərb-ya-sülh  







Xəbər lenti