Hüquqşünas gənclər üçün mərkəz yaradılıb

Hüquqşünas gənclər üçün mərkəz yaradılıb
  09 Aprel 2013    Oxunub:1945
Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ABŞ İnkişaf Agentliyi (USAİD) ilə Əməkdaşlıq Razılaşmasına əsasən, “Azərbaycan Hüquq Konsorsiumu” layihəsini həyata keçirməkdədir.
Layihə çərçivəsində digər fəaliyyət növləri ilə yanaşı, hüquqşünas tələbələr və gənc hüquqşünasların bacarıqlarını inkişaf etdirmək məqsədilə Xəzər Universiteti nəzdində Hüquq Tədris Mərkəzi yaradılıb. Tədris mərkəzinin fəaliyyəti əsasən cari ildə hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünaslara təlim kursu təşkil etməkdən ibarət olacaq. Layihə çərçivəsində ilk təlim kursu cari ilin mart ayının üçüncü həftəsindən başlayıb və iyun ayının sonuna qədər davam edəcək.

Aprelin 6-da Hüquq Tədris Mərkəzinin rəsmi açılış mərasimi olub. Açılışda Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, milət vəkili Əli Hüseynli bildirib ki, mərkəz AHK-nın ABŞ İnkişaf Agentliyi (USAİD) ilə Əməkdaşlıq Razılaşmasına əsasən həyata keçirdiyi “Azərbaycan Hüquq Konsorsiumu” layihəsi çərçivəsində hüquqşünas tələbələr və gənc hüquqşünasların bacarıqlarını inkişaf etdirmək məqsədilə yaradılıb: “Tədris mərkəzinin fəaliyyəti əsasən cari ildə hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünaslara təlim kursu təşkil etməkdən ibarət olacaqdır. Layihə çərçivəsində ilk təlim kursu cari ilin mart ayının üçüncü həftəsindən başlayaraq iyun ayının sonuna qədər davam edəcək. İnanıram ki, biz tələbələri şərəfli peşələrdən olan vəkillik peşəsinə hazırlaya biləcəyik və bizim əməkdaşlığımızın faydası olacaq”.

USAİD-in Azərbaycan nümayəndəliyinin direktoru Ronald Qlas istənilən ölkədə insan hüquqlarını müdafiə edən şəxs olmağın asan olmadığını deyib: “Hər bir hüquqşünas dərk etməlidirlər ki, onlar şəxsi maraqları yox, hüququn aliliyini müdafiə etməlidirlər. Mən bu sahədə hər birinizə uğurlar arzu edirəm”.

Xəzər Universitetinin rəhbəri Hamlet İsaxanlı isə bildirib ki, bu mərkəzin açılması ciddi bir işdir: “Universitetdə diplom almaqla yaxşı mütəxəssis olmaq mümkün deyil. Bunun üçün təcrübə vacibdir”.

Femida.az


Teqlər:  





Xəbər lenti