"Türk ordusu qəbrimi tapdalayıb keçsin" - Hacı Zeynalabidin Tağıyevin vəsiyyəti

 "Türk ordusu qəbrimi tapdalayıb keçsin" -  Hacı Zeynalabidin Tağıyevin vəsiyyəti
  30 Sentyabr 2022    Oxunub:2635
Fəxrəddin Ərdoğan - 1874-cü ildə Divriğin Yağıbasan kəndində doğulub. Qarsda qurduğu İttihadi-İslam Cəmiyyətinə görə 1914-cü ildə Orenburqa sürgün edilib.1917-ci il bolşevik inqilabından sonra Orenburqdan qaçaraq Buxara və Bakı üzərindən Qarsa gəlib. Cənub-Qərbi Qafqaz hökumətinin qurulmasında iştirak edib, hökumətdə xarici işlər naziri olub. Mustafa Kamal paşanın Ərzurumda təşkil etdiyi konqresdə iştirak edib, daha sonra 1921-ci ildə Qars təmsilçi kimi TBMM-ə qatılıb. Bir dönəm millət vəkili olduqdan sonra Qarsa dönərək ticarətlə məşğul olub, CXP və Türk Ocaqlarında aktiv fəaliyyət göstərib.1937-ci ildə Ankaraya köçüb, 1954-cü ildə “Türk ellərində xatirələrim” adlı əsərini yazıb.1958-ci ildə vəfat edib.

AzVision.az Fəxrəddin Ərdoğanın Azərbaycana səfərini əhatə edən xatirə məqaləsini təqdim edir:

…Türküstanı qarış-qarış gəzib dolaşdıqdan sonra Xəzər sahilində ən son iskələ olan Grosnuviskiyə gəldik. Bura Lehistandan gələn rus mühacirlərilə dolu idi. Hər kəs açıq yerdə qurulmuş çadırlarda yatırdı. Buradan gəmi ilə ayrılıb 22 saat fırtınalı dəniz səfərindən sonra Bakıya çatdıq. Musa Nağıyevin İsmailiyyə binasındakı müsafirxanasına gəldik.

Dəniz səfərinin sarsıntısına görə narahat olduğum üçün iki gün müsafirxanadan çölə çıxmadım. Bakıya gəldiyimizi xəbər alan qarslı bərbər Mustafa əfəndi ilə yeni qazili Xalid bizi gəlib tapdılar. Çünki dostlarından bərbər İsmayıl əfəndi də mənimlə birlikdə idi. Burada bir çox xəbər aldıq. Bizlərdən sonra bərbər Mustafa əfəndini də ailəsi ilə birlikdə Bakıya sürgün ediblər. Xanımı və iki yaşındakı çocuğu Gülzar ilə tramvaydan enərkən yıxılmışlar, özü yaralanmış, zavallı çocuqcığazın da ayağı qırılmışdır. İkisinin də Tağıyev xəstəxanasında müalicə alıb çıxdığını söylədilər. İndi bərbər Mustafa əfəndi Uğurlu soyadını almış, “Bizim Bərbər” deyə bir salonu var. O ayağı qırılan Gülzar isə İstanbul Tibb Fakültəsindən diş həkimi olaraq məzun olmuş, Qarsda böyük bir müayinəxana açaraq çalışır.

Bakını bərbər Mustafa əfəndi ilə gəzdim, ilk iş olaraq Bakı Cəmiyyəti- Xeyriyyəsinə getdik, orada tanınmış şəxslərlə tanış olduq. Burada istiqlal eşqiylə cəmiyyətlər qurulmuş, dayanmadan iş gedirdi. Yaşadığımız İsmailiyyə binasında Musa Nağıyevin 50 yataqlı müsafirxanası var idi ki, hər gələn türk yolçusu burada aylarla qalır, yemək və yataqları təmin edildiyi kimi çamaşırları yuyulur, bütün məsrəf Nağıyevin kassasından ödənilir, müsafirlərdən tək quruş da alınmırdı. Üç min sabit kreslosu olan böyük bir salonu, qadınlara aid yuxarıda lojaları var idi. Bakı türkləri bütün yığıncaqlarını burada edirdilər. Bu möhtəşəm binanı Musa Nağıyev Cəmiyyəti-Xeyriyyəyə bağışlamışdı. Nağıyevin İsmayıl adında, gənc yaşda vəfat edən bir oğlu varmış. Binasının səkkizinci mərtəbəsində oğlunun heykəlini hazırlatdırıb bir otağa qoydurmuş, binaya İsmailiyyə deyilməsi buna görə idi. Bundan başqa 200 yataqlı bir də yetimxanası var idi. Buraya cəbhədən toplanan kimsəsiz çocuqlar gətirilərək himayə edilmişdi.

Bakıda qaldığımız həftə Hacı Zeynalabdin Tağıyev əfəndinin ziyarətinə getdim. Bakıdakı hər zəngin türkün evinin qapısında dağıstanlı, avar və ləzgilərdən bir xidmətçisi vardı. Getdiyim evin xidmətçisi dərhal Hacıya xəbər verdi. Qəbul edildim. Dostum İbrahim əfəndi ilə Hacının əlini öpdük, yer göstərdi, əyləşdik. Kim olduğumuzu soruşdu, özümüzü təqdim etdik. Türk əsirləri olduğumuzu öyrənincə yerindən qalxdı, əlimizi sıxdı və gözlərimizdən öpdü. Hacı 50-60 yaşlarında Azərbaycan türklərindən dinc bir ixtiyardı. Çox xoşsöhbətdi. Türk ordularının Qafqaz və Bakıya gələcəklərinə inanmış olduğu üçün bizə yorulmadan çalışmağımızı tövsiyə edir, bütün sərvətini türklük və qurtuluş uğrunda sərf edəcəyini vəd edirdi.


Müharibənin ikinci ilində Hacı mühüm bir xəstəlik keçirdi. Bütün Türküstan qəzetləri onun səhhəti ilə maraqlanır, gündə iki dəfə səhhətinə dair xəbər yazırdılar. Bir gün Hacının son günlərini yaşadığını və cəmiyyət adamlarını başına yığıb vəsiyyətini edəcəyini xəbər verdilər. Bakı əhalisi evinin ətrafını sarmışdı və Hacı belə vəsiyyət edirdi: “Camaat, mən bu gün öləcəyəm, türklər mütləq Bakıya gələcəkdir, gələn ordunun komandanına mənim vəsiyyətimi söyləyin, ordunu çəkərək mənim məzarımı tapdalayıb keçsinlər, ruhum ancaq o zaman şad olar. Şəhərin ən yüksək yerində olan 800 otaqlı, 8 milyon qızıl rubla tikilən bu binanı Ənvər paşaya bağışladım, qərargahını bu binada yerləşdirsin”.

Bu xəbər yayılanda türklər kədər və üzüntüyə qərq oldular. Hacının ölüm xəbərini və cənazə törənini qəzetlər xəbər verəcək deyə gözlənilərkən, qurtulduğunu yazmağa başladılar. Təkrar Bakı cəmiyyətini ətrafına yığaraq ikinci vəsiyyətini edir: “Bu xəstəlikdən qurtuluşumun sədəqəsi olaraq Bakının ortasında olan ərazimin içində bir məscidin təməli atılacaq ki, bütün Bakı müsəlman türklərini bayramlarda içinə yığacaq qədər böyük olacaq, sonra 200 yataqlı bir xəstəxana və 100 tələbə tutacaq qədər məktəbin təməllərinin tez atılması üçün 3 milyon qızılın sərfinə əmr verirəm”. Hacı xəstəlikdən qurtuldu, xalq da Tanrıya şükür edib sevindi.

Ziyarətimizdə Hacı bizə çox iltifat etdi. Çay, tort verildi. Əlini öpərək ayrıldıq. Yaşadığı malikanə fövqəladə olduğu üçün insan içində ikən hansı tərəfinə baxacağına şaşırırdı. Bina hazır olduqdan sonra içinə əşyalar yerləşdirilərkən Moskvadan 8 min lirə qiymətə tutulmuş bir mühəndis yerləşdirməni bir plan daxilində həyata keçirmişdi. Çar Nikolay Qafqaza gəldiyi zaman bu evdə Hacının qonağı olmuşdu. Hacının Bakıda 800-dən çox möhtəşəm evi var idi. Qafqaz və Azərbaycanın 20 şəhərində həm məktəbləri, həm də xəstəxanaları var idi. Onların bütün məsrəfləri Hacının büdcəsindən ödənilirdi. Bakıdakı yetimxanaları da gəzdim. Ərzurum cəbhəsindən gətirilən minə qədər uşaq və qadın burada qalırdı. Hər 10 uşağın bir xidmətçisi vardı, hər cümə günlərində ayrı-ayrı rəngdə əlbisələr geyindirilərək, gəzməyə çıxarılırdılar. Məktəb yaşındakılara gündə 4 saat təhsil verir, 4 saat da iplik fabrikinə aparırdılar. Uşaqlar qutulara doldurulan iplik çarxlarını qulplu səbətlə böyük sandığın yanına aparır, böyüklər də sandığı doldururdular.

Hacının bir yandan milyonları, eyni zamanda bir o qədər də xeyirxahlığı artırdı. Hacının ali təhsili yox idi, təkcə ibtidai təhsil almışdı. Ticarət işlərində və siyasətdə öndə idi, işlərini hər kəsdən daha irəliyə aparmağı bacarırdı. 1900-cü ildən sonra ona “Neft kralı” adı verilmişdi. Hacı Türk birliyi üçün çox əmək və pul sərf etmişdi. “Nə şiəlik, nə sünnilik var, yalnız haqq dinində müsəlmanlıq, milliyyət mövzusunda da yalnızca türklük vardır” deyə vəz və təbliğat aparan axund və xocalara min lirə bəxşiş verirdi.

Bir qafqazlı sünni ilə bir azərbaycanlı şiə qız və oğlana vasitəçilik edənlərə və bunları evləndirənlərə 3 min lirə bəxşiş verirdi. Özü də bu məqsədlə dağıstanlı sünni biri ilə evlənmişdi. Müharibə ərəfəsində Türkiyə cəbhəsindən gələn rus və erməni zabit və əsgərlərinin yanında kimsə bir türk qadınını görüb əllərindən alıb cəmiyyətə xəbər verərdisə, ona da dərhal 3 min lirə mükafat verirdi. Hacı bu siyasəti və pulu ilə Qafqazdakı Türk birliyinin qurulmasına çalışırdı.

Ərzurumun işğalından sonra rus cəbhəsi Ərzincana qədər irəliləmiş burada əsir düşən zabit və əsgərləri Sibirdə deyil, Bakının qarşısında, Xəzər dənizinin ortasındakı Nargin adasında əsir düşərgəsində saxlayırdılar. Hər bazar bu düşərgədə olan əsir zabitlər izin alaraq mühafizlərlə birlikdə şəhərə gələrdilər. Biz də onları görmək üçün iskələyə getdik. Xalq yığılmış, avtomobillər sıralanmış, içində gənc qızlar yolçuların gəlməyini gözləyirdilər. Bu avtomobildəkilərin kimlər olduqlarını soruşdum. Bakı milyonçularının qızları olduqlarını öyrəndim. Məsələn, Əlimərdan bəy Topçubaşının, Nağıyev, Tağıyev və Quliyevlərin qızları ən başda dayanırdılar. Motorlar yanaşdı, əsir türk zabitləri sahilə çıxdılar. Taksidən enən qızlar bir-bir, iki-iki zabitlərin qolundan tutub avtomobillərinə əyləşdirir, şəhərin hər tərəfini gəzdirir, zabitlərin və düşərgədəki dostlarının ehtiyaclarını mağazadan qarşılayır, pullar isə cəmiyyət tərəfindən ödənilirdi. Əsirləri evlərinə apararaq günorta yeməklərini ailələri ilə birlikdə yedikdən sonra təkrar taksilərlə aldıqları yerə apararaq təslim edirdilər. Türk ordusu Bakıya girincəyə qədər bu adət hər zaman davam etdi.

Bakıda 20 gün qədər qaldıqdan sonra bütün cəmiyyət yoldaşlarıma, dostlara vida etdikdən sonra Tiflisə getdik...

Materialın hazırlanmasında tarixçi-jurnalist Dilqəm Əhmədin "Cümhuriyyət xatirələri" kitabından istifadə edilib.

Şəms Şahinli
AzVision.az

Teqlər:







Xəbər lenti