İnflyasiya ilə savaş: Dövlətlər nə edə bilər - VİDEO

// Dünyada yaranmış "pul köpükləri"ni ləğv etmək lazımdır

 İnflyasiya ilə savaş:  Dövlətlər nə edə bilər -  VİDEO
  18 Avqust 2022    Oxunub:5729
Qlobal inflyasiyanın və sürətli qiymət artımlarının cilovlanması üçün milli hökumətlər müxtəlif tənzimləyici addımlar atsalar da, hələlik zəruri olan hədəfə çatılmayıb. Ekspertlərə görə, bunun əsas səbəbi mövcud inflyasiyanı şərltəndirən amillərin və yaranmış problemlərin dəf olunmasında milli hökumətlərin həyata keçirdiyi requlyativ tədbirlərin müxtəlifliyidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM-nin) departament rəhbəri Nicat Hacızadə AzVision.az -a müsahibəsində qlobal inflyasiyanın mahiyyəti və onun doğurduğu problemlərin həlli metodları barədə maraqlı məqamlara toxunub

- Bir çox ölkələrin iqtisadiyyatlarının üzləşdiyi yüksək səviyyəli inflyasiya və sürətli qiymət artımlarını şərtləndirən amillər hansılardır?
- Bu inflyasiyanın əsas səbəbləri 2021-ci ili son altı ayından etibarən enerji bazarındakı qiymətlərin artımı ilə, bundan əlavə pandemiya ilə əlaqədar təchizat və logistika zəncirindəki pozulmalar və yaranan qırılmalarla bağlıdır. Dünyanın əksər ölkələri qlobal dəyər zəncirinə inteqrasiya olunub və bu inteqrasiya şəraitində ümumilikdə xammal idxalı, o cümlədən, istehsal sənayesində tələb olunan məhsulların əldə edilməsində ciddi problemlər yaşandı. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin Avrozonadan hazır məhsulların idxalını həyata keçirirdiklərini nəzərə alsaq, təbii ki, bu idxal inflyasiyası bütün ölkələrin iqtisadiyyatlarının tərkib hissəsində birbaşa rol oynayaraq, qiymət artmalarına səbəb olub.



- Hətta COVİD pandemiyası dövründə belə sərt qapanmalar logistika sistemini indiki qədər sarsıtmamışdı. Ticarət zəncirlərinin qırılmasına birbaşa təsir göstərən bu neqativ amili necə izah edərdiniz?
- "COVİD-19" pandemiyasında başqa bir amillə də rastlaşmışdıq. Bu əmək bazarlarındakı pozulmalarla bağlı idi. Pandemiyanın qeyri-müəyyən dövründə logistik fəaliyyətin dayanması ilə bağlı bir sıra insanların öz iş yerlərini dəyişməsi və onların az bir qisminin yenidən fəaliyyətə qayıtması baş verdi. Birləşmiş Ştatlarda və Avrozonada yerləşən logistika, nəqliyyat-daşıma şirkətlərində fəaliyyət göstərən əmək qüvvəsinin əksəriyyəti miqrantlardan ibarətdir. Həmin miqrantların öz ölkələrinə qayıtması və ya başqa ixtisas sahələrinə yönəlməsi ümumilikdə logistik zəncirdəki qiymət artımlarının və ləngimələrin əsas səbəblərindən biridir. Təbii ki, bu özlüyündə logistik zəncirdəki qiymət artımlarına və ləngimələrə gətirib çıxarır.

Logistik zəncirdəki ləngimələr istehsal qiymətlərini də artırır. Çünki ümumilikdə bu gün Avrozonın, o cümlədən, istehsal fəaliyyəti ilə məşğul olan ölkələrin xammal ehtiyacları ilə bağlı əvvəlkitək geniş diversifikasiya olunmuş gözləntilər yoxdur. Əsas məsələ ondan ibarətdir ki, əvvəllər xammal sifarişləri ilə bağlı daha çox məhsul əldə edə bilərdilərsə, bir sıra ölkələrin xammal istehsalındakı 2020-ci ildəki dayanmalar, 2021-ci ildə ümumi fəaliyyətin yenidən bərpa edilməməsi və əvvəlki canlanmanın olmaması təklifin tələbdən aşağı düşməsini şərtləndirdi. Bu da, təbii ki, istehsal qiymətlərinin artımına öz təsirini göstərdi. Belə olan halda biz istehsalın ləngiməsinin həmçinin logistik ləngimələrlə bağlılığını müşahidə edə bilərik.

Həmçinin dünya bazarlarında benzin və dizel yanacağının qiymətlərin artımı da nəqliyyat-logistika xidmətlərinin bahalaşmasının səbəbi kimi göstərilə bilər. Bu da son nəticədə daşınan məhsulların maya dəyərində əksini tapır.

Bundan əlavə, logistik sistemlərdəki problemlərdən biri ölkələrin idxal-sərhəd tənzimləmələri ilə bağlı yanaşmalardır. Dünyada bir sıra ölkələr qeyri-tarif tənzimləmələrini və baryerlərini tətbiq etməyə başlayaraq, daha çox proteksionist siyasətə meylləndilər. Ümumdünya Ticarət təşkilatının (ÜTT) statistikasına baxdıqda 2019-cu illə müqayisədə 2020-2021-ci illərdə qeyri-tarif baryerlərinin tətbiqinin təxminən 2,5 dəfə artdığını müşahidə edə bilirik. Bu da təbii ki, ölkələrin öz əhalisini virusdan qorunmasına, idxal məhsulları və ya xidmətləri vasitəsilə yoluxmanın qarşısının alınmasına hesablanıb. Təbii ki, bu da logistik zəncirə öz təsirini göstərən məsələlərdən biridir.

Sərhəd məntəqələrində sərf olunan vaxtın və xərclərin artması da buna öz təsirini göstərir. Amma istənilən halda logistika-nəqliyyat xidmətlərində 2020-ci illə müqayisədə biz daha çox canlanma müşahidə edə bilərik.

Sadalanan mənfi trayektoriyalı hadisələrlə yanaşı, 2021-ci ildə xidmətlərin yenidən canlanması baş verdi. İstehsalın və investisiyaların yenidən artımı logistika və nəqliyyat zəncirinin fəaliyyətə başlamasına gətirib çıxardı.

- Ərzaq məhsullarını nəinki sürətlə bahalaşır, hətta bəzilərinin qıtlığı barədə iddialar səsləndirilir. Bu baxımdan, bir sıra ölkələr hətta müəyyən ərzaq məhsullarının ixracına qadağa qoyublar. Sizcə, vəziyyət bu qədərmi təhlükəlidir, yoxsa burada da hansısa oyunbazlıq məqamları nəzərə çarpır?
- Həm enerji qiymətləri, həm təchizat-logistika, həm əmək bazarındakı səfərbərlik və beynəlxalq miqrant problemi, o cümlədən, istehsal və ixracın məhdudlaşdırılması, üstəlik, geoiqtisadi-geosiyasi hadisələr – Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişə və Asiya zonasındakı bir sıra mənfi yönümlü hərəkətlilik ümumilikdə qiymətlərin bahalaşmasına öz təsirini göstərib. Rusiya ilə Ukrayna dünyanın ən iri taxıl istehsalçısı və ixracatçısıdırlar. Avropa zonasının taxıl və buğda ehtiyacının böyük hissəsi Ukrayna tərəfindən həyata keçirilir. Rusiya Federasiyasının da burada böyük payı var. Ümumilikdə, dünya ölkələrinin ticarətində, xüsusilə də əsas ərzaq məhsulu üzrə bu iki ölkəyə ehtiyac düyulur. Onların arasındakı münaqişədən bir sıra ölkələr əziyyət çəkir.

Amma biz münaqişədən əvvəlki dövrə də baxanda görürk ki, ərzağın qiymətlərində bahalaşma var idi. FAO-nun (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı) hesabatlarına əsasən qeyd edə bilərik ki, pandemiya ilini baza ili götürməklə, ərzaq məhsullarındakı qiymət artımı əsasən enerjinin bahalaşması ilə bağlıdır. İstehsal xərclərinin, idxal qiymətlərinin artımı, logistik və təchizat zəncirinin pozulması üst-üstə gəldi. Buna baxmayaraq, biz son vaxtlar ərzaq məhsullarının qiymətində nisbətən ucuzlaşma hiss edə bilirik. Buna bir sıra mövsümü amillərin təsiri var. Ümumilikdə enerji qiymətlərindəki artımın indiki səviyyədə qalması, Şərqi Avropada müharibənin dayanmaması qiymətlərin yüksək olmasını şərtləndirəcək. Bu da inflyasiya gözləntiləri ilə əvəz olunaraq, qarşıdakı müddətdə qiymət artımlarına təsirini göstərə bilər.

Əsas məsələ ondan ibarətdir ki, ölkələr bununla bağlı müxtəlif requlyativ tədbirlər həyata keçirsinlər. Belə olan halda ümumilikdə inflyasiyanın təsirinin neytrallaşdırmaq mümkün ola bilər.

- Bu fəsadların təsirini minimuma endirmək üçün milli hökumətlərin maliyyə-iqtisadiyyat sistemləri hansı addımları ata bilərlər?

- Pandemiya dövründə bir sıra hökumətlər tərəfindən fiskal paketlər qəbul edildi. Təbii ki, bu, dünya bazarında valyuta, xüsusən də dollar-avro köpüynünün yaranmasına səbəb oldu. Bu gün isə əksinə, həm Birləşmiş Ştatların, həm də Avropa Birliyinin maliyyə institutlarının qərarları artıq faiz dərəcələrinin yüksəldilməsi və dünya bazarında yığılan pul köpüyünün yavaş-yavaş azaldılması istiqamətindədir. Bunun da əsas məqsədi inflyasiyanın cilovlanması və azaldılmasıdır.
İstənilən halda müxtəlif ölkələr tərəfindən digər requlyativ amillər də həyata keçirilməlidir. Burada mərkəzi banklar tərəfindən məzənnə rejiminin tarazlaşdırılması əsas rol oynayır. Faiz dərəcələrinin yüksəldilməsi əsas iqtisadi alət hesab edilir. Söhbət sərt pul siyasətindən gedir.

Bildiyiniz kimi, Nazirlər Kabineti bu yaxınlarda ərzaq məhsullarının istehsalının subsidiyalaşması ilə bağlı qərar verilmişdi. Bu cür addımlar da inflyasiyanın cilovlanmasına öz təsirini göstərəcək. Amma istənilən halda Azərbaycandakı inflyasiyanın əsas mənbəyi idxal inflyasiyası, yəni xarici mənşəli inflyasiya hesab olunur. Xarici mənşəli inflyasiya da idxal edilən hazır məhsul və xammalların tərkibində ölkəmizə daxil olur. Bir çox hallarda xidmət idxalı da bunun tərkibinə daxil ola bilər.

Azərbyacanın yerli istehsalındakı qiymət artımlarının əsas səbəbi həm də istehsal xərclərində yer alan xarici mənşəli xammal komponentləri ilə bağlıdır. İstənilən halda Azıərbaycanda milli, yerli istehsalın həcminin artırılması qarşıda duran çox əhəmiyyətli çağırışlardan biridir. Çünki yerli istehsal ümumilikdə xarici mənşəli inflyasiyanın qarşısının alınmasında neytrallaşdırıcı təsirini göstərir. Bu təsirin qarşısının birdəfəlik alınması mümkün olmasa da, ən azından, tam idxal inflyasiyası ilə müqayisədə daha yaxşı təsir gücünə malik olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İnflyasiya   tənzimləmə  





Xəbər lenti