Həyatın yaranmasının kimyəvi formulu dəqiqləşdi – ELM
Öncə Amerika alimləri həyat üçün vacib olan bəzi üzvi molekulların sianidlərdən, sudan və sadə molekullardan sintez oluna biləcəyini aşkarlamışdılar. Lakin bu reaksiya otaq temperaturunda getmir, üstəlik, pH göstəricisinin çox dar diapazonunda baş tutur. Bu cür şərtlər alimlərdə həmin reaksiyaların qədim Yer kürəsində mümkünlüyü ilə bağlı şübhələr yaradırdı. Bununla belə, eksperimentlər göstərib ki, sianidlər kimyəvi sintezdə vacib rol oynaya bilərlər.
Hazırda canlı hüceyrələrdə amin turşuları xüsusi fermentlərin iştirakı ilə alfa-ketoturşulardan və azot tərkibli birləşmələrdən sintez olunur. Qədim Yer kürəsində alfa-ketoturşuların olduğu əvvəllər də bilinirdi, lakin amin turşularının başqa maddələrdən (məsələn, aldehidlərdən) sintez olunması güman edilirdi, çünki reaksiyanın baş tutması üçün zəruri fermentlər o zaman hələ yox idi. Amma bu halda anlaşılmır ki, amin turşularının istehsalı üçün tələb olunan xammal qismində aldehidlərin alfa-ketoturşularla əvəzlənməsi nə zaman və necə baş verib.
Amerika alimləri son işlərinin birində göstəriblər ki, qədim Yer kürəsində fermentlərin iştirakı olmadan da alfa-ketoturşulardan amin turşuları yarana bilərdi. Bunun üçün kimyəvi reaksiyada alfa-ketoturşudan başqa sianidlər, azot mənbəyi kimi ammiak və karbon qazı iştirak etməlidir. Belə reaksiya otaq temperaturunda və pH göstəricisinin geniş diapazonunda baş tuta bilər.
Reaksiyanın yan məhsulu kimi Orot turşusu (orotic acid) meydana çıxır, ondan isə DNT və RNT-nin tikinti materialı olan nukleotidlər yaranır. Bu o deməkdir ki, qədim Yer kürəsindəki “ilkin bulyon”da həyatın yaranması baxımından zəruri sayılan bütün molekulların sintezi üçün şərait və material olub.
Araşdırmalar həmçinin Yerdə həyatın yaranması nöqteyi-nəzərindən karbon qazının nə qədər əhəmiyyətli olmasını üzə çıxarıb. Belə ki, haqqında danışdığımız reaksiyalar karbon qazının iştirak olmadan gedə bilməzdi. Hərçənd, bu qazın əlahiddə şəkildə özü yox, başqa molekullarla yaratdığı birləşmələr əhəmiyyətlidir.
Tədqiqatların sonrakı mərhələsində alimlər belə bir suala cavab tapmaq istəyirlər ki, “ilkin bulyon”dan daha hansı birləşmələr yarana bilərdi? Amin turşuları müstəqil şəkildə kiçik peptidlər, daha sonra isə zülallar yaradacaq şəkildə birləşə bilərlərmi? Bəs həmin zülalların amin turşularının sintezini sürətləndirən ferment funksiyasını həyata keçirməsi mümkündürmü? Bu suallar planetdə həyatın necə yaranması məsələsinə xeyli dərəcədə aydınlıq gətirə biləcək.
Vüsal Məmmədov
AzVision.az
Teqlər: Elm