Çernobl əlillərinə 50 manat pul verilib

Çernobl əlillərinə 50 manat pul verilib
  25 Aprel 2014    Oxunub:1217
Azərbaycanda Çernobl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
AzVision.az xəbər verir ki, Çernobl AES-da baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş şəxslərin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib. Maddi yardımların həmin şəxslərin bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobl AES-da baş vermiş qəzanın ləğvində iştirak edərək əlil olmuş Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi işlərinə Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılıb. Ulu öndərin təşəbbüsü ilə “Çernobl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” 6 dekabr 1993-cü il tarixli, 762 nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanun ilə Çernobl əlillərinin statusu müəyyənləşdirilərək, onlara bir sıra güzəşt və imtiyazlar verilib.

Qeyd edək ki, Çernobl əlilləri əlilliklərinin səbəbindən asılı olaraq “Çernobl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar” və “Çernobl AES-də qəzanın ləğvi zamanı əlil olanlar” kimi iki qrupa ayrılırlar.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə hərtərəfli diqqət və qayğısı Çernobl əlillərini də əhatə edir. Belə ki, Çernobl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar müharibə əlilləri üçün müəyyən edilən hüquq və imtiyazlardan istifadə edirlər. Hazırda belə şəxslərə təyin olunan Prezident təqaüdünün məbləği Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, 1 aprel 2014-cü il tarixdən etibarən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata, III qrup əlillər üçün isə 60 manatdan 100 manata çatdırılıb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən əlillik Çernobl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Çernobl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə isə ayda sosial müavinət ödənilir.

Çernobl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da diqqətdə saxlanılır və indiyədək 190 nəfər Çernobl əlili müharibə əlilləri və şəhid ailələri üçün inşa olunmuş binalardan mənzillə təmin ediliblər. Eyni zamanda müharibə əlilləri ilə bərabər 64 nəfər Çernobl əlilinə dövlət hesabına minik avtomobili verilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı Çernobl əlilləri də hər il sanator-kurort putyovkaları ilə təmin olunurlar. Həmin əlillərin tibbi-sosial reabilitasiyası, bərpa-müalicə xidməti ilə təmin edilməsi sahəsində də məqsədyönlü işlər görülür.


Teqlər:  





Xəbər lenti