Bakıda "Hind Dili Günü" qeyd edilib - FOTO

  15 Sentyabr 2021    Oxunub :329
Bakıda "Hind Dili Günü" qeyd edilib -  FOTO
Hindistanın Müstəqilliyinin 75-ci ildönümünü ilə bağlı bayram tədbirləri çərçivəsində bu ölkənin Bakıdakı səfirliyi Hind Dili Gününü qeyd edib.
Azvision.az xəbər verir ki, hind dilinin 1949-cu ildə Hindistanın rəsmi dili olaraq qəbul edilməsi hər il sentyabrın 14-də Hind Dili Günü kimi qeyd olunur.

Tədbirdə Hindistan diasporunun üzvləri, Hindistanın Azərbaycandakı dostları, Azərbaycan Dillər Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tələbə və akademik heyəti iştirak edib.

Hindistan səfiri Bavitlunq Vanlalvavna tədbirdə çıxışında Hind Dili Gününün əhəmiyyətini vurğulayıb və bunun “Azadi Ka Amrit Mahotsav” adlı bayram tədbirləri çərçivəsində Hindistanın zəngin mədəni irsini nümayiş etdirmək üçün yaxşı fürsət olduğunu bildirib. O, Hind dilinin Azərbaycanda təbliği üçün səfirliyin Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq etdiyini də vurğulayıb.

Sonra Azərbaycan Dillər Universitetinin Hindistan Mərkəzinin rəhbəri Səidə Mizəyeva və digər iştirakçılar hind dilində çıxış edərək Azərbaycanda bu dilin təbliği barədə danışıblar.




Pərvanə Sultanova
Azvision.az

Teqlər: Hindistan   Hind-Dili  






Xəbər lenti