Qəzetlər nədən yazır - DAYCEST

Qəzetlər nədən yazır - DAYCEST
  27 Mart 2013    Oxunub:2135
Gündəm Xəbər
Ermənilərin talış separatizmi


Dağlıq Qarabağdakı erməni silahlı qüvvələrinin işğal altında olan Şuşada talış dilində radionun yayımlanması cənub bölgəsində narahatçılıq yaradıb. Əsasən də talış əsilli ziyalılar bu hadisəni Azərbaycana qarşı təxribat sayırlar. Lənkəran şəhər sakini, müəllim İltifat Rəhimzadə deyir ki, bu hadisə çoxlarının təəccübünə səbəb olub. «Burda əsas məqsəd odur ki, Azərbaycanda milli-etnik zəmində qarşıdurma və talışlarda Azərbaycan hökumətinə etimadsızlıq yaratsınlar. Azərbaycan tərəfi hərəkət üçün bir boşluq verib. Əslində bunu Azərbaycan eləməlidir. Azərbaycanda yaşayan bütün azlıqların dilində radio, televiziya, digər kütləvi informasiya vasitələri açılmalıdır. Əslində bu Azərbaycanda yaşayan bütün talışların heysiyyətinə toxunub. Tarix boyu Şuşada talış yaşamayıb və milli azlıq olaraq orda fəaliyyət göstərməyib».

Azadlıq
Hakimiyyətdən Putinin dostuna qadağa


İş adamı, Rusiya prezidenti Vladimir Putinin yaxın dostu İlham Rəhimova Azərbaycanda siyasi və ictimai fəaliyyətlə məşğul olmaq qadağan edilib. İlham Rəhimovun son aylar mətbuatda görünməməsinin səbəbi budur. İlham Rəhimovun fəaliyyətinin gərgin olan Rusiya-Azərbaycan münasibətlərinin daha da kəskinləşməsinə səbəb olmaması üçün o siyasətdən uzaqlaşdırılıb, Ali Attestasiya Komissiyasında ona verilən yüksək vəzifə 9 gün sonra geri alınıb.


Hansı nazir kürsüsündə neçə ildir?

Dünən Misir Mərdanovun təhsil naziri postundakı fəaliyyətinin 15 ili tamam olub. Ölkədə üçüncü ali vəzifənin sahibi – Oqtay Əsədov 8 ildir ki, parlamentin spikeridir. PA rəhbəri Ramiz Mehdiyev 18, FH naziri Kəmaləddin Heydərov 7, daxili işlər naziri Ramil Usubov 19, Milli təhlükəsizlik naziri Eldar Mahmudov 9, Ədliyyə naziri Fikrət Məmmədov 13, Vergilər naziri Fazil Məmmədov 14, Maliyyə naziri Samir Şərifov 7, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 12, Müdafiə Naziri Səfər Əbiyev 18, Xarici işlər naziri Elmar Məmmədyarov 9, Rabitə naziri Əli Abbasov 9, Nəqliyyat naziri Ziya Məmmədov 11, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov 15, TQDK sədri Məleykə Abbaszadə 13 ildir ki, eyni vəzifənin başındadırlar.

Amerikadan Azərbaycana daha bir jest

ABŞ-ın Nyu-Cersi Ştat Assambleyası 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı qətnamə qəbul edib. 31 mart tarixi “Azərbaycan Anım Günü” elan edilib. Bununla bağlı Nyu-Cersi Ştat Assambleyasının sədri tərəfindən imzalanmış qərar Assambleyanın üzvü, Demokratlar Partiyasının nümayəndəsi Tomas Qiblin Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəriyə təqdim edilib. Qərarda 1918-ci ilin martında 20 min azərbaycanlının öldürülməsi insanlıq tarixinə sığmayan vəhşiliklərdən olduğu vurğulanır.

Gündəm Xəbər
Rəsul Quliyev dostlarına müraciət etdi


Azərbaycanın eks-spikeri, uzun illərdir Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev Facebook istifadəçilərinə müraciət ünvanlayıb. “Hörmətli Fasebook-la mənə dostluq göndərənlər, sizin hamınıza dərin minnətdarlığımı bildirirəm. Mənim səhifəm və fikirlərimlə tanış olmaq istəyənlərdən follovers statusu ilə mənim səhifəmə daxil olmağı xahiş edirəm. Azərbaycanda seçkiqabağı mənim fikirlərimlə tanış olmağın xeyri olacağına inanıram, siz də inanın və səhifəyə avtomatik daxil olun”-deyə eks-spiker vurğulayıb.


Teqlər:





Xəbər lenti