XİN: Ermənistan öz uğursuzluğunu etiraf edib

XİN: Ermənistan öz uğursuzluğunu etiraf edib
  30 Yanvar 2014    Oxunub:1146
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirib.

AzVision.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan mətbuatının Los Anceles Şəhər Şurasının qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi”nin tanınması haqqında qətnamə qəbul etməsi barədə yaydığı məlumata münasibət bildirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib ki, Xocalı soyqırımının tanınması və ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin ABŞ-da ifşa olunması fonunda erməni lobbisi primitiv üsullara əl ataraq Los Anceles Şəhər Şurasında bəyanat tipli belə qətnamə qəbul etdirməklə əslində öz uğursuzluğunu etiraf edib.

E.Abdullayev vurğulayıb ki, bu sənədin qəbulu erməni lobbisinin Şəhər Şurasına siyasi və maliyyə təzyiqləri hesabına mümkün olub. Abdullayev deyib ki, “ABŞ-ın mövqeyi aydındır. Rəsmi Vaşinqton Dağlıq Qarabağı dövlət kimi qəbul etmir, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu, ABŞ-ın rəsmi mövqeyidir”.

E.Abdullayev xatırladıb ki, bir müddət əvvəl erməni lobbisi ABŞ-ın Haylend Şəhər Şurasında da buna bənzər qərar qəbul etdirib. Bu, absurddur. Çünki ABŞ “Dağlıq Qarabağ” adlı “respublika” tanımır. Elə bunu əsas gətirərək Haylend Şəhər Şurasının üzvü Codi Skot həmin məsələyə kəskin etirazını bildirib və şəhər, qəsəbə və kənd şuralarının da ABŞ-n rəsmi mövqeyinə uyğun addım atmalarının vacibliyini vurğulayıb.

XİN-in mətbuat katibi bildirib ki, indiyədək ABŞ-ın müxtəlif ştatları Xocalı soyqırımı və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 18 qətnamə qəbul edib. Los Anceles Şəhər Şurasının qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi”nin tanınması haqqında qətnamə qəbul etməsi erməni lobbisinin çarəsiz cəhdləridir.

Son günlər erməni silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi mütəmadi olaraq pozmasına münasibət bildirən E.Abdullayev deyib ki, Ermənistan tərəfi bu hadisələrlə əslində dünya ictimaiyyətini çaşdırır, eyni zamanda, öz vətəndaşlarını yanlış məlumatlandırır. Amma bütün gərginliyin əsas səbəbi odur ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib və rəsmi Yerevan qeyri-konstruktiv mövqe nümayiş etdirir.


Teqlər:





Xəbər lenti