Azərbaycanda daha bir general vəfat edib - FOTO

  10 Avqust 2020    Oxunub : 13816
 Azərbaycanda daha bir general vəfat edib -  FOTO
Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğlu 2020-ci il avqust ayının 10-da ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, F.Məmmədov 1968-ci il yanvarın 31-də Bakı şəhərində anadan olub.
1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.

2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.

"General-leytenant Məmmədov Fuad Nadir oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

Müdafiə naziri general-polkovnik Zakir Həsənov

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov

general-polkovnik Kərəm Mustafayev

general-leytenant Kərim Vəliyev

general-leytenant Ramiz Tahirov

general-leytenant Nizam Osmanov", - deyə nazirliyin başsağlığında qeyd olunub.



Azvision.az

Teqlər: General   Vəfat