Əli Kərimlinin sağalmayan xəstəliyi - Müxalifətdə yeni qarşıdurma

  Əli Kərimlinin sağalmayan xəstəliyi -    Müxalifətdə yeni qarşıdurma
  28 İyul 2020    Oxunub:9573
Radikal müxalifət nümayəndələrinin illərlə sağalmayan xəstəliklərindən biri də öz daxilində bir-birini didməsi, partiya sədrlərinin şəxsi ambissiyaları naminə həmkarları ilə yola gedə bilməməsidir. Son zamanlar bu cür anormal hadisələrin daha çox şahidi oluruq.
Bir müddət öncə xalqımızın şəhidlərin ruhuna hörmət, orduya dəstək məqsədilə keçirdiyi yürüş zamanı aranı qarışdırmağa çalışan, təxribatlara əl ataraq aksiyanı tamamən başqa istiqamətə yönəltmək istəyən bir qrup radikal müxalifətçi peyda oldu ki, onlar hazırda qanun çərçivəsində öz cəzalarını almaqdadırlar. Məsələ bundadır ki, əsasən cəbhəçilərdən ibarət olan beş-on nəfərlik təxribatçı qrupun əməllərinə AXCP rəhbərliyi hələ də haqq qazandırır. Milli Məclisin binasına daxil olaraq orada vandallıq törədənlərin sırasında cəbhəçilərin olması şübhə doğurmadığı halda Milli Şura və AXCP rəhbərliyi hansı məntiq və ağılla bu iğtişaşlara görə onların tərəfini saxlayır?

Ən maraqlısı budur ki, hazırda sosial şəbəkələrdə qəribə və adət etdiyimiz anormal proseslər başlanıb. Belə ki, bir qrup cəbhəçi fəal statuslar paylaşaraq Müsavat və digər özlərinə rəqib gördükləri, bəyənmədikləri müxalifət partiyalarına söz atırlar. Arqumentləri isə belə olur ki, niyə məhz cəbhəçilərin saxlanıldığı halda, digər müxalifət partiyalarının nümayəndələri bu iğtişaşlarda passiv göründülər?

Əvvəla, saxlanılanların heç də hamısı cəbhəçilər olmayıblar, orada radikal əməllərə yol verən başqa şəxslər də vardı. İkincisi, ona görə məhz cəbhəçilər saxlanılanlar arasında çoxluq təşkil edir ki, “harda aş, orda baş!” olan AXCP dərhal radikal gənclərini, fəallarını təxribat məqsədilə hadisə yerinə göndərdi. Ötənilki Bakı küçələrini viran qoymağa hesablanmış icazəsiz aksiyaları da xalq unutmayıb...



Üçüncü məqama diqqət yetirək: Müsavat və ya REAL sizin kimi davranmadısa, həbs olunanları azdırsa, bu, o deməkdir ki, siz əsl müxalifətsiniz, digərləri yox? Bu “çürük fəlsəfə” ilə hara qədər gedəcəksiniz axı? Elə cəbhəçi fəal Ülkər Kazımovanın bununla bağlı yazdığı statusda müsavatçıların kəskin cavabları onu deməyə əsas verir ki, sözün birbaşa onlara atılması qarşı tərəfdə qıcıq doğurub və bu cür haray-həşirlər nisbətən yumşalmış düşmənçiliyi yenidən alovlandırmağa hesablanıb.

Müsavatçı Fərəc Kərimlinin cəbhəçilərin kəskin tənqidlər yazdığı həmin statusdakı qeydi maraq doğurmaya bilməzdi. O deyib ki, şərhlərdə söz atanlar heç “bandotdelin” yanından keçməyiblər: “Görün, indi bizə kimlər söz atır”. Status sahibi olan cəbhəçi xanım isə cavab olaraq müsavatçılarla yanaşı REAL-ın da bostanına daş atıb və vurğulayıb ki, “REALçılar qalıb kənarda müsavatçılar niyə narahat oldular axı?”.

Bütün bunları ona görə qeyd edirik ki, həqiqətən ortada müxalifət adına gülünc bir durum yaranıb. Nəinki, Əli Kərimli, Arif Hacılı və ya İlqar Məmmədov bir-biri ilə yola getmir, adi azsaylı müxalifət partiyalarının üzvləri də sosial şəbəkələrdə öz aralarında od püskürürlər.

Hələ Milli Şuranın Müsavatı və digər özlərinə yaxın buraxmadıqları, bəyənmədikləri müxalifət partiyalarını ağır formada təhqir etməsindən heç iki ay keçməyib.

Xatırlayırsınızsa, bir müddət öncə Milli Şuranın videokonfrans formatında keçirilən iclasında Gültəkin Hacıbəyli REAL partiyasının sədri İlqar Məmmədovun lağlağı obyektinə çevrildiyini, Müsavat Partiyasını da REAL kimi rüsvayçı aqibət gözlədiyini bildirmişdi. O cümlədən, Müsavatı siyasi mühacir alverində günahlandırmışdı.

Milli Şuranın sədri Cəmil Həsənli isə İlqar Məmmədovun həm siyasətçi, həm də REAL sədri olaraq bitdiyini, REAL-dan fərqli olaraq heç nə əldə etməmiş Müsavat Partiyasının rüsvayçı duruma düşdüyünü vurğulayaraq, partiyanı bədbəxt adlandırmışdı.

Hər kəsə bəllidir ki, AXCP-də əsas fəalların sosial şəbəkələrdə paylaşdıqları statuslar ümumi “mətbəx”də hazırlanır, sonra fəallara, cəbhəçi trollara paylanılır. Ona görə də Müsavat əleyhinə və REAL-ı vurmağa hesablanmış bu tip statusların yenidən gündəmə gəlməsi şübhəsiz ki, AXCP və ya Milli Şura rəhbərliyi səviyyəsində planlaşdırılıb.

Qısası, bu gün sosial bazası yox səviyyəsində olan radikal müxalifət təmsilçilərinin nisbətən sivil mübarizə üsulunu seçənləri hədəfə alması, məsələn, REAL kimi radikal mövqe sərgiləməyən partiyanı gözdən salmağa çalışması təəccüb doğurmamalıdır. Əvvəlki illərdə də buna bənzər onlarla hadisənin şahidi olmuşuq.

Elə son növbədənkənar parlament seçkiləri öncəsi AXCP-nin yaratmaq istədiyi qalmaqalı xatırlatmaq kifayətdir ki, cəbhəçilərin hansı ağıl və məntiqlə hərəkət etdiklərini bir daha görək.

Xatırladaq ki, həmin dövrdə AXCP rəhbəri seçkiyə gedərək öz gücünü sınayan həmkarlarını müxalifətçi saymadığına dair tikanlı status yazmışdı. O, həmin statusunda bilərəkdən müxalif namizədlər deyil, “müxalifət adı ilə seçkiyə qatılanlar” xitabını bir neçə dəfə işlətmişdi. Bu cür söz atmaları ilə REAL və Müsavatı qaralayan AXCP rəhbəri iddia edirdi ki, Cəmil Həsənlini hədəf seçən, onun “prinsipial” müxalifətçi mövqeyini təftiş edən realçılar və müsavatçılar ədalətsizdirlər. Guya onların heç biri Cəmil Həsənli kimi cəsarətlə hərəkət etmir. REALçılar isə bu “cəsarətli” adamın özünün də bir zamanlar indi bəyənmədiyi seçkilərlə parlamentdə təmsil olunduğunu yada salmışdılar.

Bu gün də davam edən müxalifətdaxili düşmənçilik onu göstərir ki, nəinki həmrəy olub birləşmək, heç sakit şəkildə eyni düşərgədə fəaliyyət aparmağı belə bacarmayan adamların hakimiyyət sevdası çürük qoza bənzəyir. Sosial şəbəkələrdə yenidən aktuallaşan yersiz dava-qovğalar bir daha təsdiqləyir ki, sivil yolla mübarizəni deyil, xaos yaratmaq, ölkəni qarışdırıb hakimiyyətə yiyələnmək yolunu seçən Əli Kərimlinin AXCP və Milli Şurası müxalifətdə özlərindən başqa heç kimi qəbul etmir. Onların əsas məqsədi digər partiyaları gözdən salıb, özlərini “ana müxalifət” kimi təqdim etməkdən ibarətdir. Təbii ki, bu da müxalif düşərgədə birmənalı qarşılanmır.

Azvision.az


Teqlər: AXCP   Müsavat   Milli-Şura  





Xəbər lenti