Karantin rejimini pozan 7314 nəfər cərimələnib - RƏSMİ

 Karantin rejimini pozan 7314 nəfər cərimələnib -  RƏSMİ
  15 Aprel 2020    Oxunub:3465
Ötən 2 gündə xüsusi karantin rejimini pozduqlarına görə 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 26 nəfər inzibati qaydada həbs olunub, 7314 nəfərə isə inzibati cərimə tətbiq edilib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 13-dən 15-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 4 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə ümumilikdə 7314 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 26 şəxs isə inzibati qaydada həbs olunub, 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs, 3 nəfər isə cərimə edilib.

"Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və qərarlarına ciddi riayət etməyə çağırırıq", - deyə DİN-in yaydığı məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti