Daha bir dövlət qurumu Virtual Hakatona qoşuldu

  04 Aprel 2020    Oxunub : 3253
Daha bir dövlət qurumu Virtual Hakatona qoşuldu
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və “SUP.VC” təşkilatının koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə təşkil etdiyi Virtual Hakatonun tərəfdaşları sırasına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də qoşulub.
Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, aprelin 10-12-də onlayn şəkildə keçirilməsi nəzərdə tutulan hakatonun digər tərəfdaşları isə Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Paşa Bank, ABAD, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Məlumat Hesablama Mərkəzidir.

Hakaton təhsil, səhiyyə, bizneslərə dəstək, turizm, məlumatlılığın artırılması, gündəlik xidmət tələbatlarının qarşılanması və sosial-humanitar sahələrdə pandemiya ilə əlaqədar yaranmış təsirləri və fəsadları aradan qaldıran texnoloji həlləri bir araya yığmağı hədəfləyir.

Hakatona beynəlxalq müstəvidən Amazon Veb Xidmətləri, təcrübəli mentorlardan ibarət “Meout” təşkilatı, “startup” ekosisteminin tanınmış qurumlarından olan “Startup Grind Tbilisi”, “Start-Ist” və “Avropa Startup Şəbəkəsi” qoşulub.

Qeyd edək ki, hakaton qlobal səviyyədə keçirilir və bütün ölkələrdən iştirakçıların müraciəti üçün açıqdır. İdeyalar, elan edilən mövzular üzrə çoxillik təcrübəyə malik yerli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediləcək. Təklif olunan həll yolu - asan və tez tətbiq olunması, eləcə də çətinliyi effektiv və daha qənaətli şəkildə həll etməsi, eyni zamanda digər meyarlara əsasən qiymətləndiriləcək.

Dünyanın müxtəlif ölkələrindən olan parlaq zəkalarla birgə hakatonda iştirak etmək üçün www.hackcov19.com saytında qeydiyyatdan keçərək ideyanızı təqdim edə bilərsiniz. Virtual hakatonun mükafat fondu 10.000 ABŞ dollarıdır.

Qeyd: Hakaton ortaq fikirə sahib insanların müəyyən bir müddət ərzində, komanda işi halında eyni mühitdə innovativ ideyalarını kodlaşdırdıqları müsabiqələrə verilən addır.

Azvision.az

Teqlər: Komitə