Daşınmaz əmlakın icbari sığortası: Maarifləndirmə, yoxsa inzibati məsuliyyət?

   Daşınmaz əmlakın icbari sığortası: Maarifləndirmə, yoxsa inzibati məsuliyyət?
  31 Mart 2020    Oxunub:3857
2019-cu ildə Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzi və “Eurohome” tikinti materialları bazarında baş verən iki böyük yanğın hadisələrindən sonra ölkədə daşınmaz əmlakın icbari sığortası məsələsi yenidən gündəmə gəldi.
Daşınmaz əmlakın icbari sığortası 2011-ci ildə qəbul edilən “İcbari sığortalar haqqında” Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. 2012-ci ilin yanvarın 1-dən qanunun tətbiqinə başlanılsa da, sığorta hadisələrinin azlığı bu sahədə ciddi problemlərin olduğunu göstərir.

Daşınmaz əmlakın icbari sığortası kimlərə aiddir və hansı tip zərərlərə təminat verir?

Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Daşınmaz əmlakın icbari sığortası qeyd olunan hər hansı daşınmaz əmlakı olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslərə aid edilir. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Azərbaycanda sığorta sahəsində boşluqlar var

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilən müşavirədə Prezident İlham Əliyev bildirmişdi ki, inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. “Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Misal üçün, Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq”.

Nazirlər Kabinetinin "Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı" 2019-cu il 21 may tarixli sərəncamı ilə artıq məsələyə daha ciddi şəkildə yanaşılmağa başlanıldı. Tədbirlər Planına əsasən icbari qaydada sığortalanmaya nəzarət gücləndiriləcək, daşınar və daşınmaz əmlakı icbari qaydada sığorta etdirməyənlər inzibati məsuliyyətə cəlb ediləcəklər.
Qanunvericiliyə əsasən daşınmaz əmlakın icbari sığortası Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər bölgələrdə isə 30 manatdır. Bunun müqabilində hər hansı hadisə baş verdikdə vətəndaşa dəyən ziyanın Bakıda 25 min manatı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 20 min manatı, digər bölgələrdə isə 15 min manatı sığorta şirkətləri tərəfindən ödənilir.
İcbari sığortadan yayınma olduqda isə 30 manat cərimə olunur, 20 gün müddətində əmlak sığortalanmadığı təqdirdə cərimə təkrar yazılaraq iki qat tutulacaq (60 manat).

Bu tip sanksiyalar vətəndaşların əmlaklarının sığortalanmasını daha da stimullaşdırmaq üçün nəzərdə tutulur.

Könüllü olaraq əmlakını sığorta etdirən vətəndaşların sayının az olmasını nəzərə alaraq, sığorta sistemi barədə məlumatlılığın artırılması, sığortalanma mədəniyyətini yaratmaq məqsədilə bu sığorta növünün ən azından ilkin mərhələdə icbari şəkildə tətbiq olunması zəruri addım hesab olunur.

Məhz daşınmaz əmlakı sığortalamayanların cərimə edilməsi məsələsinin yenidən gündəmə gəlməsi əhali arasında təşvişin yaranmasına səbəb oldu, hətta bəzi sığorta şirkətləri bundan yararlanmağa çalışdı. Məhz bu təşviş nəticəsində 2020-ci ilin əvvəllərində ölkədə bir çox insanlar öz daşınmaz əmlaklarını sığortaladılar. Lakin sığortalanmayanlar cərimə olunmadı. Çünki hər şeydən öncə insanların bu sahədə maariflənməsinə ehtiyac var.

Prezident İlham Əliyev 2020-ci ilin yanvarın 13-də keçirdiyi müşavirədə əmlakın sığortalanması ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılması və əmlakın sığortalanması məsələsinin müasir standartlara uyğunlaşdırılması ilə əlaqədar tapşırıq verib. Diqqətə çatdırılıb ki, maarifləndirmə ilə yanaşı, marketinq işləri də aparılmalı və vətəndaşların əmlakın sığortalanmasında maraqlı olmaları üçün müvafiq tədbirlər görülməlidir.

Əmlaklarını sığortalamaqla vətəndaşlar fövqəladə hallarda riskləri minimum endirə bilərlər.

2020-ci ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 14 698,2 min manat, ödənişlər 1361 min manat təşkil edib. Bu da öz növbəsində illik müqayisədə müvafiq olaraq yığımlarda 86,7% və ödənişlərin həcmində isə 2 dəfə artım olduğunu əks etdirir.

2019-cu ilin dekabr ayına isə ölkədə artıq daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 43 milyon 426 min 800 manat təşkil edib. 5 milyon 415 min manat sığorta ödənişi həyata keçirilib. Daşınmaz əmlakın icbari sığortası üzrə artıma ötən il bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər, maarifləndirmə işləri nəticəsində nail olunub.



İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, bu sahədə əhalinin maarifləndirilməsi üçün xüsusi çarxlar hazırlanıb və mətbuatda, sosial şəbəkələrdə yayılıb.

R.Əhmədovun sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası ilə bağlı digər problem isə sənədsiz evlərlə bağlıdır. “Hazırda Bakı şəhəri və Abşeron yarımadasında 500 minə qədər sənədsiz evin olduğu ehtimal olunur. Bu evlərin sahibləri istəsələr belə, əmlaklarını sığorta etdirə bilməzlər. Hazırda bu cür evlərlə bağlı ölkədə sənədləşmə prosesi sürətlə davam etdirilir. Hesab edirəm ki, bunun özü də əmlak sığortasının əhatə dairəsini genişləndirəcək".

Daşınmaz əmlakın icbari sığortası sahədə elektronlaşmanın həyata keçirilməsi nəzərdə tutulur.



Mərkəzi Bankın sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov bildirib ki, daşınmaz əmlakın icbari sığortasının elektron formada həyata keçirilməsi üçün müvafiq addımlar atılmaqdadır. O, qeyd edib ki, yaxın vaxtlarda daşınmaz əmlakın icbari sığortasının şəhadətnaməsinin elektron satışına başlanılacaq.

Elektronlaşmanın olması isə hansı mənzilin sığortalı, hansının isə sığortasız olduğunu elektron qaydada müəyyən etmək mümkün olacaq.

İnsanlar daşınmaz əmlakın sığortalanmasına niyə maraq göstəmir?

Sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanlı bildirib ki, keçən il daşınmaz əmlakın sığortalanmayanların cərimələnməsi ajiotajından sonra 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayı Azərbaycanda daşınmaz əmlakın sığortası sahəsindən ən pik aylardan biri oldu.

“O qədər yığım təsəvvür olmayacaq çərçivədə idi. Hər kəs daşınmaz əmlakını sığortalamaya çalışırdı, çünki cərimələnməkdən qorxurdu. Daşınmaz əmlakla bağlı qanun və cərimə məsələsi 2011-ci ildən var, amma cərimənin tətbiq olunma mexanizmi olmadığı üçün heç kəs narahat olmurdu. Cərimənin olub-olmamasından asılı olmayaraq daşınmaz əmlakın sığortalanması vətəndaş üçün əhəmiyyətlidir. Bu ilin əvvəlində rəsmi qurumların insanların daşınmaz əmlakın sığortalanmamasına görə cərimə olunmayacağı barədə açıqlamalarından sonra artıq əvvəlki tendensiya yaşanır. Yəni insanlar öz daşınmaz əmlaklarını sığortalamaq istəmirlər”.



X.Məmmədxanlının sözlərinə görə, bu mövzuda insanların davranışını iki yerə bölmək olar. “Bir kateqoriya insanlar sığortanın əhəmiyyətini dərk etdikləri üçün araşdırma aparır və qanunun mövcudluğunu görürlər. Başa düşürlər ki, bu, onların özlərinə lazımdır. İl ərzində 50, 40 və ya 30 manat onlar üçün ciddi büdcə deyil və könüllü şəkildə, yəni cərimənin olub-olmamasına baxmayaraq sığortalanırlar. İkinci kateqoriya insanlar isə cərimə yoxdursa, daşınmaz əmlakını sığortalamırlar. Bu çərçivədə əhalinin nisbəti ölkədə yarıbayarıdır”.

Ekspert hesab edir ki, daşınmaz əmlakın sığortasının tam şəkildə həyata keçirilməsi üçün elektronlaşma vacibdir.

“Elektronlaşmanı yekunlaşdırmaq üçün əhalinin əmlakla bağlı mülkiyyət sənədlərini təmin etmək lazımdır. Bu gün Bakı və Abşeronda yarım milyondan çox sənədsiz tikili var. İnsanlar mülkiyyət sənədləri, çıxarışla təmin edildikdən sonra məlumatların vahid reyestri formalaşdırılmalıdır. Bu reyestr əvvəllər Əmlak Məsələləri üzrə Dövlət Komitəsində var idi, amma indi İqtisadiyyat Nazirliyinə birləşdiriləndən sonra komitənin aqibəti məlum deyil. Vaxti ilə Komitə ilə İcbari Sığorta Bürosu arasında razılaşma var idi ki, məlumat bazarları birləşdirilsin. Avtomobillərin sığortalanması hadisəsində olduğu kimi vahid əmlak bazası yaradılsın ki, sığortalanma asan olsun”.

Daşınmaz əmlakın sığortalanması üçün insanlar arasında maarifləndirmə aparılmalıdır.

X.Məmmədxanlı bildirib ki, icbari sığortanın kağız üzərində qalması, əhalinin yenə də böyük qisminin mülkiyyət hüquqi məsələlərin natamam olması, sənədlərin qaydasında olmaması, təəssüf ki, əmlak sığortasının tam qaydada həyata keçirilməsinə mane olur.

“Lakin kimin əmlakının çıxarışı varsa, onlar da bu gün də əmlakını sığortalaya bilərlər və məsləhətdir ki etsinlər. Daşınmaz əmlakın sığortası sahəsində uğura nail olmaq üçün ən yaxşısı insanlarla danışıq aparmaqdır. İnsanlar başa düşməlidir ki, qonşunun evi keçən dəfə yandı və uşaqları küçədə qaldısa, bu hadisə onun da başına gələ bilər. İnsan başa düşməlidir ki, ay ərzində 4,65 manat, illik 50 manat ödəməklə heç nə itirməyəcək. Amma evi yansa küçədə qalacaq və illərlə çəkdiyi əziyyəti heç olacaq. Ona isə kömək edən olmayacaq”.

Ekspert bildirib ki, daşınmaz əmlakın icbarı sığortası sahəsində yığım çox azdır, illik 5-10 milyon manat civarındadır. Bazarın potensialı isə 100 milyon manatdan yuxarıdır. “Bunun içərisində hüquqi şəxslər üstünlük təşkil edir. Onlara nəzarət Fövqəladə Hallar Nazirliyinə nəzarət tapşırıldığı üçün yanğın nəzarətini həyata keçirərkən sığortanın mövcudluğu yoxlanılır. Ona görə sahibkarların əksəriyyətinin sığorta şəhadətnamələri olur. Vətəndaşlar isə bu məsələdən kənarda qalır”.

Daşınmaz əmlakın icbari sığortasının əhəmiyyəti

Bir çox vətəndaşlar sığorta sahəsində yetərli məlumatlara sahib deyil. Düşünürlər ki, bu proses olduqca çətin və bahalıdır. Buna görə də maarifləndirmə mühüm rol oynayır. Daşınmaz əmlakın icbari sığortalanması sisteminin qurulması çox böyük əhəmiyyətə malikdir. Sığortalanma baş verə biləcək hadisələrə qarşı qorunmağa, risklərin azaldılmasına gətirib çıxarır. İcbari sığortanın tətbiqi sığorta sisteminin geniş şəkildə tətbiqi üçün bünövrə yaradacaq.

Aytən Bağırova



Teqlər: Daşınmaz-əmlak  





Xəbər lenti