Ebru Gündeş: “Rza Zərrabın Bakıda yaxın dostları var”

Ebru Gündeş: “Rza Zərrabın Bakıda yaxın dostları var”
  27 Dekabr 2013    Oxunub:1447
“Mən kimlərinsə duyğularını qabartmaq üçün danışmırdım. Sadəcə, neçə gündü içimdə yığılıb qalmış acımı dilə gətirdim. Bunun üçün Acun bəy (“O Səs Türkiyə” yarışmasının müəllifi Acun Ilıcalı – red.) mənə şərait yaratdı, ona da bu qədər böyük ürək sahibi olduğu üçün təşəkkür edirəm. Əslində indiyədək dost dediyim, bağrıma basdığım çoxlarından daha insan çıxdı. Dar günümdə yanımda oldu. Mənim doğrudan da acı çəkdiyimi anladı”. AzVision.az xəbər verir ki, bunu axsam.az-a müsahibəsində Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş həyat yoldaşı Rza Zərrabın həbsindən danışarkən deyib.

O deyib ki, yanında olan, onu dəstəkləyən, telefon açıb mənəvi dəstək olan insanlar, etibarlı dostları var: “Amma bu 9 gün ərzində bir çoxlarının da simasını gördüm. Həyatın reallıqları ilə üz-üzə qaldım. Dar günümdə sevinən insanlar var, onlara baxıram, “yazıqlar olsun” deyirəm. On gün öncəyə qədər mənimlə göz-gözə gəlməkdən şərəf duyanlar bu gün Rza və mənimlə bağlı uydurma şeylər danışırlar. Onlar özlərinin çəkilərinin nə qədər olduqlarını göstərdilər”.

Ad çəkmək üçün tələsməyən müğənni gözlədiyini deyib: “ İnsanın həyatı enişli-yoxuşludur. Hər qaranlıqdan sonra bir aydınlıq var. O aydınlığı gözləyirəm. İndi qoy onlar danışsın, mən baxım. Sonra mən danışacam, onlar rəzil olacaq”.

E. Gündeş çox ağır bir dönəm yaşadığını deyib: “Sevdiyim insan, həyat yoldaşım, övladımın atası həbsdədi. Biz ondan ilk dəfə bu cür bir səbəb üçün ayrılırıq. Mən onun günahsızlığına inanıram, içim rahatdı. Amma bu olanların övladıma təsir etməsini istəmirəm”.

Müğənni barəsində danışılanlardan təəssüfləndiyini bildirib: “Hər kəs bir şey söyləməyə, durumdan faydalanıb məni üzməyə çalışır. Heç bilməzdim ki, bu qədər sevməyənimiz var. Çünki olaydan öncə hər kəs dost idi, bizə sevgi ilə yanaşırdı. Nə Rza, nə də mən heç bir şeyi gizlətməmişik. Əgər çəkinəcək bir şey olsaydı, heç vaxt media qarşısında o hədiyyələr haqda açıqlama verməzdik. Rza iş adamıdır, zəhməti ilə bu yerə gəlib. İndi bütün iş adamlarını arasınlar, kimdə sərvət yoxdu? Bu məsələlərə çox girmək istəmirəm, gec-tez həqiqət ortaya çıxacaq. Hazırda istintaq getdiyi üçün bəzi şeyləri deyə bilmirəm”.

Müğənni Rza Zərrabın azərbaycanlı olmaması ilə bağlı açıqlamadan üzüldüyünü də ifadə edib: “Maraqlıdır, indiyədək niyə deyilmirdi? Hər kəs sevə-sevə qəbul edirdi. Nə oldu? Həbs olundu deyə, indi o, azəri olmamalıdır? Məgər, Rza dünənə qədər azərbaycanlı deyildi? Bu cür açıqlamalar utancvericidir. Kaş bunu indiyədək söyləsəydilər. Hamı bilir ki, Rza Bakıda doğulub və İran əsilli azəridir. Bundan artıq şey söyləmirəm, azəriləri sevirəm. Rza özü zamanı gəlincə nə lazımdısa, söyləyəcək”.

E. Gündeş R. Zərrabın Bakıda və bir çox ölkədə yaxın dostları olduğunu deyib. O, R. Zərrabın xəstəlikdən əziyyət çəkdiyini də bildirib: “İnsanın səhhəti ilə bağlı məsələ şouya çevrilməz. Həkimin qoyduğu diaqnoz var. İndi də tez-tez həkim nəzarətindən keçirilir”.

Həyat yoldaşı ilə bir gün əvvəl Metris cəza evində görüşdüyünü deyən müğənni onun özünü çox pis hiss etdiyini bildirib: “Ədalətin yerini tapmasını gözləyəcəm. Mən çox sınaqlardan keçmişəm, bu da onlardan biridir. Bu sınağı da keçəcəm. Mən hər zaman sevərək evləndiyim insanın yanında olacam”.

E. Gündeş bu hadisələrinin yaradıcılığına təsir etdiyini, lakin sənətini davam etdirəcəyini bildirib: “Mənim üzüntümü kimsə anlaya bilməz. Çox çətin bir dönəmdən keçirik. Amma işimi görməliyəm. Mən sənətçiyəm. Rzadan əvvəl də mahnı oxuyurdum, evləndikdən sonra da. Kimsə Ebrunu yıxılmış görməyəcək. Biz Rza ilə yenə bərabər xoş günlər keçirəcəyik. O zaman bu gün danışanlar susacaq, mən danışacam və danışdıqlarım daha tutarlı olacaq”.


Teqlər:





Xəbər lenti