Baş Naziri 34 yaşlı xanım olan ölkənin səfiri: “Bakı Parisi xatırladır”- EKSKLÜZİV MÜSAHİBƏ
Finlandiyanın Azərbaycanda, eyni zamanda Ermənistan və Gürcüstandakı səfiri xanım Arya Makkonenin Azvision.az-a eksklüziv müsahibəsini təqdim edirik:
- Bizim münasibətlərimiz olduqca yaxşıdır. Əlaqələrimizdə hər hansı problem yoxdur, ancaq əməkdaşlığımız inkişaf etməlidir. Biz yeni əməkdaşlıq sahələri tapmalıyıq. Hesab edirəm ki, bunun üçün ilk növbədə ölkələrimiz haqqında daha çox məlumat əldə edilməlidir. Bunu necə etmək olar? Düşünürəm ki, bu, bir qədər çətindir, çünki səfirlikdə mən və bir köməkçim var. Mən eyni zamanda Gürcüstan və Ermənistanda səfirəm. Bu, bir səfir üçün böyük öhdəlikdir, tapşırıqdır. Amma biz əlimizdən gələni edirik. Çalışırıq ki, bir sıra tədbirlər keçirək. Təxminən bir ay əvvəl əlil insanlar üçün seminar təşkil etdik.
Bilirsiniz ki, bizdə hökumət dəyişdi, amma hökümətin siyasəti kiçik dəyişikliklərlə əvvəlki ilə eynidir - insan haqları, qadın məsələləri, həmçinin əlil insanlar. Hesab edirəm ki, əlil insanlar bütün ölkələrdə hər zaman əlverişsiz vəziyyətdədirlər. İnsanlar ola bilər ki, onlarla necə danışmağı və ya onlara necə fayda verməyi bilmirlər. Ola bilsin ki, əlil insanlara qarşı stiqma da var. Biz çalışırıq ki, bunları təşviq edək.
Biz bu istiqamətdə işləyirik, belə insanlarla daha çox əlaqə saxlamaq istəyirik. Onların çoxu işləmək istəyir və biz onlar üçün əlverişli iş tapırıq. Bu, əməkdaşlığımızın bir sahəsidir. Təkcə Azərbaycan deyil, Gürcüstan və Ermənistana da aiddir.
Mədəniyyət sahəsini vurğulamaq istərdim. Biz Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi bütün mədəniyyət tədbirlərində, o cümlədən Fantaziya festivalında, IMAGINE Avro Tolerantlıq Festivalı, Sənədli Film Festivalında bacardığımız qədər iştirak etməyə çalışmışıq. Beləliklə, biz yeni əməkdaşlıq sahələri tapmağa cəhd göstəririk.
- İqtisadi əlaqələr barədə nə deyə bilərsiniz? Azərbaycan və Finlandiya arasında ixrac və idxalda daha çox hansı mallar üstünlük təşkil edir? İki ölkə arasında ticarət dövriyyəsi nə qədərdir?
- Bu sahədə əlaqələrimiz sadədir. Lakin inkişaf üçün böyük potensial var və biz yeni sahələr tapmalıyıq. Ticarət dövriyyəsi isə təxminən 30 milyon avro təşkil edir. Finlandiyadan Azərbaycana yekun ixrac 28 milyon avro təşkil edir. İki milyondan az olan ixrac isə Azərbaycandan Finlandiyayadır. Finlandiyadan Azərbaycana avtomobil avadanlıqları ixrac olunub.
Ətraf mühit, texnologiyalar sahəsində əlaqələr qura bilərik. Finlandiya kampaniyaları “CREtech” (qlobal daşınmaz əmlakları sənayesini texnologiya və innovasiya ilə əlaqələndirən rəqəmsal media) sahəsində təcrübəlidir. Finlandiyalı iş adamları Azərbaycana gəlib, ölkənizin onlara nə təklif edəcəyini araşdıra bilərlər. Burada daha əvvəl bir Finlandiya şirkəti fəaliyyət göstərib. Biz yeni şirkətləri Azərbaycanda görə biləcəyimizə ümid edirik.
- Finlandiyanın Bakıda səfirlik açmaq planı var?
- Hazırda belə plan yoxdur. Bilirsiniz ki, Azərbaycanın Finlandiyada səfiri yoxdur. Mərkəzi qərərgahı Stokholumda olan səfir həm də Finladiyanın səfiri idi. Biz ümid edirik ki, Azərbaycanın Finlandiyada yeni səfiri olacaq.
- Yeri gəlmişkən, Azərbaycan Finlandiyadakı keçmiş qeyri-rezident səfirini (iqamətgahı Stokholmda yerləşirdi) geri çağırdı. Bu, Finlandiya ilə münasibətlərə necə təsir göstərib?
- Bəli, bu doğrudur hazırda səfir yoxdur. Bu, bir müddət əvvəl baş verdi. Amma biz Stokholumdakı müvəqqəti işlər vəkili ilə işləməkdə davam edirik. Azərbaycan nümayəndəsinin Helsinkidə olması çox yaxşı olardı. Bu, əlaqələrin inkişafını, Finland kampaniyaları ilə münasibətlərin qurulmasını daha asan edərdi. Azərbaycanın Riqada Ticarət Evi var. Mən onun nümayəndəsi ilə hələ görüşməmişəm. Düşünürəm ki, bu bütün regionu əhatə edir.
- Finlandiya bu il Avropa İttifaqına sədrlik edib. Sədrliyə başlayarakən qarşıya qoyulan prioritetlərə nail olundumu?
- İqlim dəyişikliyi bizim əsas prioritetlərimizdən idi. Bu istiqamətdə müəyyən addımlar atdıq. Amma qeyd edilən istiqamətdə davam etməliyik. Çünki iqlim dəyişikliyi bu gün vacib məsələlərdən birini təşkil edir. Azərbaycanın da iştirakçısı olduğu “Şərq tərəfdaşlağı” proqramına gəlincə, bizim bəzi prioritetlərimiz var idi. Məsələn, media ilə bağlı, həmçinin təhsil. Bu yaxınlarda ŞT ölkələri ekspertləri və jurnalistləri üçün Helsinkdə böyük media konfransı oldu. Onlar bir sıra görüşlər keçirdilər.
Media savadlılığının artırılması çox vacibdir. İndi yalnış xəbərlər var. İnsanlar nəyə inanıb-inanmayacaqları barədə çox ehtiyatlı olmalıdırlar. Biz qısa müddət sonra sədrliyimizi bitirəcəyik və dəyərləndirməyə başlayacağıq. Bu, daha çox keçid dövr idi. Aİ-nin yeni tərkibi formalaşdı. Mən növbəti Aİ sədrinə uğurlar arzu edirəm. İqtisadi məsələlərdən yeni iş yerləri bizim prioritetlərimizdir. Rəqəmsallaşma, süni intellekt də həmçinin. Çünki bu, bizim gələcəyimizə təsir edir.
- Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır. Finlandiyanın burada dəstəyi nədən ibarət ola bilər?
- Danışıqlar davam edir. Lakin biz prosesə, danışıqlara cəlb olunmamışıq. Aİ saziş üzrə danışıqları mümkün qədər tez bitirmək istəyir. Mən belə başa düşürəm ki, bu, danışıqların sürətindən asılıdır. Hər iki tərəf mümkün ola biləcək güzəştlərin nədən ibarət olacağını bilmək istəyir. Əgər bütün məqamlar həll olunarsa, düşünürəm ki, yekunda razılıq əldə olunacaq.
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Finlandiyanın mövqeyi necədir?
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçi ATƏT-in Minsk qrupudur. Problemin həlli ilə onlar məşğuldurlar. Biz bu prosesin hissəsi deyilik, amma Minsk qrupuna etibar edirik.
- Finlandiya Avropa İttifaqına sədrliyi dövründə daha çox Ukrayna məsələsini prioritet seçdi, nəinki Qarabağ...
- 2014-cü il və ondan sonra Ukraynada baş verənlər bütün Avropa üçün böyük məsələlərdir. Bizim prezident Ukrayna, Rusiya və Fransa prezidentləri ilə görüşdü, onlarla əlaqə saxladı.
- Finlandiyada yeni hökumət formalaşır. Azərbaycanla münasibətlərdə hər hansı yeniliklər ola bilər?
- Hər hansı yenilik olmayacaq, eyni siyasət davam edəcək, çünki böyük dəyişiklik Baş Nazirin dəyişməsi və gənc xanımın hökumətə rəhbərlik etməsidir.
- Sizin hökumətə 34 yaşlı qadının rəhbərlik etməsi və daha çox xanımın hökumətdə yer alması Azərbaycanda da böyük maraqla qarşılanıb.
- Bəli, 12 xanım və 7 kişidən ibarət. Bizim hökumət əvvəllər də 50/ 50-dən ibarət olub. Hökumətdə hər zaman qadınlar təmsil olunub. Lakin onların sayı indi daha çoxdur və gənclərdir. Buna görə də medianın diqqətini çəkib.
- Yeni hökumətin Finlandiya üçün yaxşı olacağına inanırsınızmı?
-Bu, demokratiyadır. Baş nazir Sanna Marin partiya lideri olub, onun namizədliyi partiya tərəfindən irəli sürülüb. Həm də təcrübəsi var.
-Turizm sahəsində əlaqələr necədir? Birbaşa hava reysinin açlıması gözlənilir?
- Avropa İttifaqı ilə Azərbaycan arasında aviasiya haqqında saziş qəbul olunmayıb. Bu saziş imzalansa, aşağı büdcəli aviakampaniyaların Azərbaycana gəlişi ucuz və asan olar. Bu, həm də insanların maraqlarından asılıdır. Biz azərbaycanlı turistlərin ölkəmizə gəlişindən hər zaman şad olarıq.
- Son olaraq ölkəmizlə bağlı təəssüratlarınızı bilmək istərdim?
- Bakı böyük, qədim və müasir hissələrdən ibarətdir. Bakının bir hissəsi Parisi xatırladır. Parisin bəzi ornamentləri var. Hündür binalar tikilir, yaxşı arxitekturası var. Şəhərin dizaynı gözəldir. Əlbəttə ki, yeməkləriniz, xüsusilə kabab və bütün salatları xoşlayıram.
Pərvanə Sultanova
Foto: Şahin Sərdarov
Azvision.az
Teqlər: Finlandiya Səfir Müsahibə