Yevda Abramov sabah Qubada dəfn olunacaq

  07 Dekabr 2019    Oxunub : 3331
Yevda Abramov sabah Qubada dəfn olunacaq
Ötən gün dünyasını dəyişən millət vəkili Yevda Abramov dekabrın 8-də dəfn olunacaq.

Millət vəkili Vahid Əhmədov Azvision.az -a bildirib ki, vida mərasimi sabah saat 12:00-da Quba rayon Mədəniyyət Mərkəzində keçiriləcək.
Vida mərasimindən sonra Yevda Abramovun nəşi saat 13:00-da Qırmızı qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, dekabrın 6-da uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən 71 yaşlı Yevda Abramov müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub.

Azərbaycan, türk, rus və fars dillərini bilib. Yeni Azərbaycan Partiyasının üzvü olub. 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib.

11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Abramov “Şöhrət” ordeni ilə təltif edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Yevda-Abramov   Vəfat   Dəfn