Ramil Usubov prezidentin tapşırıqlarından danışdı

Ramil Usubov prezidentin tapşırıqlarından danışdı
  13 Dekabr 2013    Oxunub:1075
Dekabrın 13-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqası qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonağı salamlayan nazir yeni təyinat münasibətilə onu təbrik edib və uğurlar arzulayıb.

Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf dövrünü yaşadığını xatırladan daxili işlər naziri ölkələrimizin və xalqlarımızın milli maraqlarına və mənafelərinə uyğun olaraq, dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı səfərlər, ən yüksək səviyyədə imzalanmış sənədlər sayəsində birgə əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra nazir DİN-in fəaliyyət istiqamətləri və funksional vəzifələri, ölkəmizdəki kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən yeniləşmə və islahatlar prosesindən danışıb.

Ölkə Prezidenti tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən birinin insan və vətəndaş hüquq və azadlıqlarının qorunması olduğunu deyən Ramil Usubov həmin məsul vəzifələrin yerinə yetirilməsi üçün kadrların düzgün seçilərək yerləşdirilməsinə, əməkdaşların peşəkarlığının artırılmasına, qabaqcıl təcrübənin xidməti fəaliyyətdə tətbiqinə xüsusi diqqət yetirildiyini qeyd edib.

Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın yalnız Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini nəzərə çatdıran nazir hələ 2008-ci ildə "Azərbaycan Respublikasının Hökuməti və Yunanıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğunu xatırlatmış, həmin sənədin imzalanmasının əlaqələrin daha da genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacağını, rəhbərlik etdiyi qurumun bu işdə maraqlı olduğunu bildirib.

Problemlərə toxunularkən bütün dünya dövlətləri üçün təhlükəli olan transmilli mütəşəkkil cinayətkarlığa qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanıb.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən səfir Dimitrios Tsounqas ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib, ikitərəfli əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti