Orqan transplantasiyası ilə bağlı layihə müzakirəyə çıxarıldı

  23 Oktyabr 2019    Oxunub : 986
Orqan transplantasiyası ilə bağlı layihə müzakirəyə çıxarıldı
Oktyabrın 23-də Milli Məclisin Səhiyyə Komitəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az -ın məlumatına görə, Komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, bu qanunun qəbul edilməsi çox aktual məsələlərdən biridir. Qanun layihəsinin hazırlanması üçün parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi ilə işçi qrup yaradılıb, qanun layihəsinin hazırlanmış ilkin variantına dair dinləmələr keçirilib.

Qanun layihəsinin indiki variantında müzakirələr zamanı səsləndirilmiş bir çox təkliflər nəzərə alınıb. Bu qanun ölkəmizdə insan orqanlarının və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir.

Qanun layihəsinin birinci oxunuşu barədə məlumat verən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirdi ki, transplantasiya tibbdə yeni sahə olsa da, çox sürətlə inkişaf edir. Xüsusilə son 50-60 ildə orqan transplantasiyası daha da aktuallaşıb. Təcrübə göstərir ki, insanlar transplantasiya olunmuş orqanlarla uzun illər yaşa bilirlər.

Qeyd olundu ki, qanun layihəsi 5 fəsil, 36 maddədən ibarətdir. Layihədə insan orqanlarının donorluğu və onların transplantasiyasının təşkili və əlaqələndirilməsi, transplantasiya məqsədilə canlı donordan və meyitdən orqanların götürülməsi məsələləri öz əksini tapıb.

Müzakirələr zamanı çıxış edən komitə üzvləri İlham Məmmədov, Qənirə Paşayeva, Rafiq Məmmədhəsənov, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Səhiyyə Nazirliyinin və müvafiq qurumların mütəxəssisləri qanun layihəsini yüksək qiymətləndirdilər, layihə barədə qeyd və təkliflərini bildirdilər.

İclasda Səhiyyə komitəsinin sədr müavini, İşçi qrupunun rəhbəri Musa Quliyev səsləndirilən təkliflərə münasibət bildirdi.

Müzakirələrdən sonra “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Azvision.az

Teqlər: MilliMəclis   Səhiyyə