“Həm öyrədirəm, həm də öyrənirəm” - 60 yaşlı kənd müəllimi (FOTO)

  03 Oktyabr 2019    Oxunub : 1746
 “Həm öyrədirəm, həm də öyrənirəm” - 60 yaşlı kənd müəllimi (FOTO)
"Mən uşaqlara elm, onlar isə mənə müasir telefonlardan istifadə etməyi öyrədirlər. Həm öyrədirəm, həm də öyrənirəm"

Azvision.az xəbər verir ki, bunu KİV nümayəndələrinin Qubaya mediaturu zamanı Əspərasti kənd Nurəddin Rzayev adına tam orta məktəbin müəllimi Ağakərim Qazıyev deyib. 60 yaşlı müəllimin sözlərinə görə, o, 41 ildir ibtidai sinif şagirdlərinə dərs deyir.


A.Qazıyev bildirib ki, məktəblilər onu ayaqda saxlayan güc mənbəyidir: "Həm Şamaxı Pedaqoji İnstitutunu, həm də Lenin adına Azərbaycan Pedoqoji Universitetini (indi Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirmişəm. İbtidai sinif müəllimləri adətən qadınlar olur. Kişilər ya bu sahəyə maraq göstərmirlər, ya da ki səbrləri çatmır. Mən isə əksinə, uşaqları yaxşı ələ almağı bacarıram. Əslində ibtidai siniflərə gərək kişi müəllimlər dərs desin, çünki beləliklə, şagirdlərdə kişi xüsusiyyəti yaranır. Bu, çox önəmlidir”.

Şagirdləri üçün həm baba, həm də müəllim olduğunu deyən A.Qazıyev qeyd edib ki, bu günə qədər heç bir uşağa əl qaldırmayıb.



“Onlara əl qaldırmaq, danlamaq heç ağlımdan da keçmir. Onları ancaq tumarlamaqla ələ almaq olar. Hansısa uşağa əl qaldırmaq və ya danlamağa ürəyim gəlməz. Bəlkə də əvvəllər, gənclik illərimdə kiməsə dərsi oxumayanda acıqlanmışam. İndi dərslərimiz elə maraqla keçir ki, belə şeylər olmur".



İndiki şagirdlərin texniki məsələlərdə bilikli olduğunu deyən müəllim yenilikləri onlardan öyrənir: "Təzə telefon almışam, şagirdlərim mənə istifadəsini başa salırlar”.

A.Qazıyevi narahat edən məqamlardan biri Vəlvələ çayı üzərində körpünün olmamasıdır. Deyir ki, körpü olsaydı, qonşu kəndlərdən də onun işlədiyi məktəbə uşaqlar gələrdilər.





Şahanə Rəhimli
FOTO: Şahin Sərdarov

Azvision.az

Teqlər: Quba   Məktəb   Müəllim