Azərbaycanda yeni model avtomobil istehsal ediləcək

  19 Sentyabr 2019    Oxunub : 6065
 Azərbaycanda yeni model avtomobil istehsal ediləcək
Naxçıvan Avtomobil Zavodunda yeni marka və modellərdə avtomobillər istehsal olunacaq.

Azvision.az -ın məlumatına görə, bunu zavodun direktoru Səxavət Hümbətov deyib. Onun sözlərinə görə, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının rəhbəri Vüqar Abbasov və rəhbərlik etdiyi nümayəndə heyəti bu il avqustun 25-dən sentyabrın 1-dək Çin Xalq Respublikasında işgüzar səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Çinin “Lifan İndustrial Group”, “FAW İndustrial Group” və digər böyük avtomobil istehsalçıları ilə danışıqlar aparılıb, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi yolları müzakirə edilib:

"Perspektivlər nəzərə alınaraq 2020-ci ilin birinci yarısında zavodda müxtəlif təyinatlı marka və modellərdə avtomobillərin, o cümlədən motosikletlərin istehsalına başlanılacaq. Bunun üçün ilkin mərhələdə istehsal xəttinə nəzarət xaricdən dəvət olunan mütəxəssislər tərəfindən həyata keçiriləcək. Sonrakı mərhələdə isə yerli mütəxəssislərin iştirakı təmin olunacaq. Burada da əsas məqsəd daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də istehsal olunan nəqliyyat vasitələrinin digər ölkələrə ixracını təşkil etməkdir".

S.Hümbətov qeyd edib ki, zavodda istehsal olunan nəqliyyat vasitələrinin güzəştli şərtlərlə satışı və texniki servis xidməti də nəzərdə tutulub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Naxçıvan   Avtomobil