İlham Əliyev birinci xanımla Pirallahıda- FOTOLAR (YENİLƏNİB)

  07 Avqust 2019    Oxunub : 5383
İlham Əliyev birinci xanımla Pirallahıda- FOTOLAR (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda olublar.
Azvision.az xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər və rayonun perspektiv inkişafı ilə bağlı layihələr barədə məlumat verdi. Sonra dövlətimizin başçısı və birinci xanım Pirallahı Rayon İcra Hakimiyyəti üçün inşa edilən binada yaradılan şəraitlə tanış oldular.

Prezident İlham Əliyevin “Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci ildə imzaladığı sərəncama əsasən rayon icra hakimiyyəti üçün dördmərtəbəli bina inşa olunub. Binada operativ-idarəetmə, vətəndaşların qəbulu, iş otaqları, akt və konfrans zalları, kitabxana və digər zəruri otaqlar var. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.

Yeni binada yaradılan şərait ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinin daim diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan bu bina rayonun görkəminə də xüsusi gözəllik verir. Rayon icra hakimiyyəti üçün inşa olunan binanın ətrafında genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, fəvvarə quraşdırılıb, işıqlandırma sistemi yaradılıb, mindən çox ağac və gül-çiçək əkilib, yaşıllıq zolağı salınıb.

Bundan əlavə, Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi. Gənclər Mərkəzinin üçmərtəbəli binasında Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur. Mərkəzdə, eyni zamanda, akt zalı, elektron oxu və nikah zalları, robopark, rəsm, keramika-heykəltəraşlıq, fotostudiya, “bacarıqlı əllər” dərnəkləri və sərgi salonu yaradılıb. Burada gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsinə xüsusi önəm veriləcək.

Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, yeni inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə gənclər siyasəti 2003-cü ildən sonra yeni müstəvidə davam etdirilir. Dövlətimizin başçının rəhbərliyi ilə həyata keçirilməkdə olan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bu baxımdan çox mühüm rol oynayır.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksində yaradılan şəraitlə tanış olublar. Beş hektar sahəsi olan kompleksdə uşaqlar üçün mini futbol və iki oyun meydançası, müxtəlif attraksionlar, yelləncəklər, idman qurğuları, söhbətgahlar və fəvvarə quraşdırılıb. Müasir işıqlandırma sistemi ilə təchiz olunan bu istirahət guşəsində, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsi üçün səhnə də inşa edilib.

Dövlətimizin başçısı və birinci xanım parkda Qarabağ müharibəsi əlillərinin “ASAN xidmət”in “Ailə Biznesinə Asan Dəstək” proqramı çərçivəsində nümayiş etdirilən rəsm əsərlərindən və müxtəlif səpgidə dekorativ əl işlərindən ibarət sərgiyə baxdılar.

İstirahət məkanında “Ahılların Günərzi Mərkəzi” də fəaliyyət göstərir. Mərkəz Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 2019-cu ilin iyun ayında imzaladığı Sərəncama əsasən yaradılıb. Burada hər gün sosial yardıma ehtiyacı olan 50 ahıla növbəlilik əsasında pulsuz xidmət göstəriləcək.

Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənib. Bu tədbirlərin tərkib hissəsi olaraq yeni parkların yaradılması, mövcud istirahət məkanlarının isə müasir səviyyədə yenidən qurulması geniş vüsət alıb. Bu işlər paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahətinin hərtərəfli təşkili baxımından böyük rol oynayır. Bütün bunlar, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bunu istər paytaxt sakinləri, istərsə də şəhərimizin qonaqları dəfələrlə vurğulayırlar. Əhaliyə xidmət göstərən bu kimi müasir layihələrin icrası son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin real nəticəsidir.

Sonra dövlətimizin başçısı və birinci xanım “Mirvari” Park Kompleksində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.











Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Mehriban-Əliyeva