“15-dən 18 yaşadək uşaqlar valideynlərin razılığı ilə işləyə bilər”

  12 İyun 2019    Oxunub : 1229
 “15-dən 18 yaşadək uşaqlar valideynlərin razılığı ilə işləyə bilər”
"2019-cu ilin 5 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti uşaqları əməyə cəlb edən 3 işəgötürəni cərimələyib".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə bildirib. Onun sözlərinə görə, uşaq əməyindən sui-istifadə halları ən çox avtoyuma məntəqələrində, ictimai nəqliyyatda və şadlıq evlərində rast gəlinir:

"Sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması ilə əlaqədar müəssisələrə gedə bilmirik, sadəcə bizə vətəndaşlar tərəfindən daxil olan şikayət ərizələri və digər dövlət orqanlarından daxil olan materiallar əsasında araşdırma apara bilirik. Qanunvericiliyin uşaq əməyindən istifadəyə icazə verdiyi hallar var. Məcəllənin tələbi var, valideynin razılığı ilə olan məqamlar var. Yəni 15 yaşından 18 yaşına qədər olan uşaqlar valideynlərin yazılı razılığı ilə işləyə bilərlər. Ancaq Dövlət Əmək Müfəttişliyi tərəfindən il ərzində maarifləndirmə xarakterli tədbirlər olur. Daxil olan müraciətlərin araşdırılmasında bir neçə hallarda uşaq əməyinin istismarı ilə bağlı faktlara görə İnzibati qaydada tədbirlər görülür, cəza tədbirləri aparılır. Məqsədimiz sadəcə cəza vermək deyil, o cəzaya qədər olan maarifləndirmə ilə bu cəzaların qarşısını almaqdır".

Aytən Zəhra
Azvision.az
.

Teqlər: