“Ölüm xəbərini bizə necə deyəcəklərini bilmirdilər” - Şəhid atası (VİDEO+FOTOLAR)

“Ölüm xəbərini bizə necə deyəcəklərini bilmirdilər” -  Şəhid atası (VİDEO+FOTOLAR)
  03 Aprel 2019    Oxunub:28540
“Qardaşım zəng elədi ki, Müşfiq yaralıların arasında yoxdur”
Aprel şəhidi Müşfiq Orucovun atası Arif Orucov Azvision.az-ın suallarını cavablandırıb. O, Müşfiqin uşaqlığından, tələbələr illərindən söz açıb, gələcəklə bağlı yarımçıq qalan planları barədə danışıb.



- İki övladım var idi. Biri Müşfiq, bir də qızım. Qızım 1993-cü ildə Zəngilan rayonunda doğulub, Müşfiq isə 1994-cü ildə Bakıda anadan olub. 1994-cü ilin noyabrında Zəngilandan Bakıya məcburi köçkün kimi gəldik. Müşfiq də bu səbəbdən Bakıda böyüyüb. Yataqxanda məskunlaşmışdıq. Aprel hadisələrindən sonra yataqxana plana düşdü, bizə pul verdilər, özümüzə ev aldıq. Bura isə anamın evidir. Hamımız burada məskunlaşmışıq.

- İstərdim ki, bir az geriyə boylanaq, Müşfiqin uşaqlığından, o dövrlərindən danışaq. Necə uşaq olub? Xatirənizdə nələr qalıb?

- Uşaqlıqdan təbiətən sakit olub. Bağçaya bir həftə idi gedirdi, müəlliməsi razılıq etdi ki, o mənim köməkçimdir. Məktəbin yanında bağımız var idi. Orada oynayardı. Nadinc uşaq olmayıb. Qapını bağlayıb işə getmişik, bacı - qardaş oturub öz aralarında oynayıblar. Heç vaxt bizi incitməyiblər. Məktəbdə də yaxşı oxuyub, məsuliyyətli olub. Hərdən ona baxıb deyirdim, yaxşı Azərbaycan kişisi yetişdirmişik. Həmişə mənimlə yanaşı dayanıb deyirdi, ata boyda səni keçmişəm. Deyirdim, elə olmalıdır da keçməlisən. Hərdən küçədə durub dostları ilə söhbət edirdi, mən də kənardan onu müşahidə edirdim. İzləyirdim ki, görüm özünü kənarda necə aparır, hündürdən və ya əl -qol ilə danışır? Və baxıb, onunla qürurlanırdım. Çətinlik çox görmüşdü. Hərbi xidmətdə olanda arxayın idik ki, çətinliyə hazırdır, öhdəsindən gələcək. Uşaqlıqdan istər qızlar, istərsə də oğlanlarla yaxşı ünsiyyəti var idi. Dostları bu günə kimi gəlib bizimlə söhbətləşirlər.



- Tarla uşaqlıq şəklini gördüm, musiqiyə marağı var idimi?

- Qızımı rəqsə, Müşfiqi isə tara qoymuşduq. Daha sonra isə sintezator məktəbinə getdi. Oranı qırmızı diplomla bitirdi. Evdə pianino qoymuşduq. Hərdən ona deyirdim ki, “Baharın 17 anı”ndakı musiqini ifa elə. Deyirdi, ata, sən də mahnı tapdın da. Deyirdim, köhnə musiqlərdəndir, yaxşıdır. Tələbə ikən həm işlədi, həm də oxudu. Heç inanmazdıq ki, sonu belə olar.

- Gələcəklər bağlı hansı planları var idi?

- Kompüter fakültəsinə qəbul olmuşdu. Universitetdə oxuya -oxuya kurslara gedirdi. Özünə xarici pasport və sürücülük vəsiqəsi almışdı. Deyirdi, bunları həll edim ki, əsgərlikdən gələndən sonra başım qarışmasın. İşlə bağlı dəvət də almışdı, qayıtmasını gözləyirdik. Onun flaşkartı var idi, anası ilə ikimiz yol gedə-gedə flaşkartdakı mahnılara qulaq asırdıq. Birdən “Ana əsgər gedirəm” mahnısı oxundu. Yoldaşım dedi, “anan ölsün”.

Müşfiqi komissarlığa mən apardım. Səbirsizliklə gözləyirdi. Komissarın müavini dedi, qolunda peyvənd yeri var, rentgendən keçməlidir. Dedim o peyvənd yeridir. Ona qalsa, ayağı sınıb mil qoyublar, rentgen olmaz. Məyus oldu ki, ata birdən aparmazlar. Dedim, aparacaqlar. Silahlı Qüvvələr günü 50-60 nəfərlik qonaqlıq verdik. Müşfiqi təmtaraqla yola saldıq. 5 dost idilər. Hər yerə bir gedirdilər. Dostları danışır ki, bir müzakirə olanda balaca olmasına baxmayaraq, son qərarı Muşfiq verirdi. Məntiqi güclü idi.



- Hərbi xidmət barədə nə deyirdi, sizinlə əlaqə saxlayırdımı?

- Səsi bir dəfə telefonla danışanda qalınlaşmışdı. Dedik, yəqin xəstələnib. Andiçmə mərasiminə gedəndə cibindən dəftər çıxartdı. Dedi ki, 30 nəfərə komandirlik edirəm, üçüncü mərtəbədə qışqıranda birinci mərtəbədə eşidilir, ona görə də səsim kallaşıb. Uşaqlar yatandan sonra yatıram, onlardan qabaq dururam. Məntiqi güclü olduğuna görə onu Goranboyun Ağcakəndinə göndərdilər, gedib orada mina atmağı öyrəndi, daha sonra yenidən Gəncəyə, oradan da Naftalana getdi. Dedi, "ata, harada olur olsun, xidmət edib gələcəyəm".

Gəlməyinə 3 ay qalırdı. Artıq məzuniyyət kağızın da almışdı, aprelin 28-i dostunun toyuna gəlmək istəyirdi. Martın 29-u zəng etdi ki, ata, mənim diplomumu verirlərsə, al. Mən də gedib aldım. Məzuniyyətə gələcəyini bizdən gizlədirdi, sürpriz etmək istəyirdi.



- İnsan itkisi elədir ki, onun yerini heç nə ilə doldurmaq olmur, nə ilə təsəlli tapırsınız?

- Müşfiq qəzaya da düşə bilərdi, dənizdə də bata bilərdi. Bəlkə onda heç dözə bilməzdik. İndi onunla təsəlli tapırıq ki, vətən uğrunda şəhid olub. O, 50-60 yaşında adamın görmədiyi bir ömür yaşadı. Bir neçə dəfə yuxuma girib. Elə araxayın idim ki... Fikirləşirdim ki, oğlum əsgərlikdən gələndən sonra dərs saatlarını azaldacam, bundan sonra çox yerə - toya, yasa o gedər. Atalar deyir, sən saydığını say, gör fələk nə sayır.

- Ən çox hansı xatirəsi tez-tez göz önündə canlanır?

- Divanda uzanırdı, ayağını yerə qoyurdu. Deyirdi, ayağımı uzadanda yatıb qalıram. Dərsə gedirdi, oradan işə, sonra isə elektron ticarətlə məşğul olurdu. Bu yaxınlarda dostu ilə yazışırdım. Dedim, deyəsən, son vaxtlar işdə yorğun idi. Dedi, nə danışırsınız, o, həmişə yorğun idi. İdmanla məşğul olurdu. İstəmirdi ki, hərbi xidmətdə kimsə ona nəyisə bacarmadı deyə irad tutsun.

Qısa ömür yaşadı, ancaq şərəfli ömür oldu. Hadisələr zamanı bizə bir xanım gəlmişdi. Əlil arabasında idi. Dedi ki, bir dəfə yolu keçirmiş, Müşfiq ona kömək edib, sonra baxıb ki, oğlum onu yolun sonunda gözləyir ki, o tərəfə də keçirdib sonra getsin. Onu sosial şəbəklərdə ölümü ilə bağlı xəbərlərdən tanımışdı.



Acı xəbər bizim üçün böyük zərbə oldu. İlk dəfə icra hakimiyyətinə çağırıb əmilərinə demişdilər. Onlar da bilməyiblər ki, bizə necə desinlər. Qardaşım zəng vurub dedi ki, Muşfiq yaralıların içində yoxdur. Fikirləşdim ki, bu niyə yaralıların içində olmalıdır ki? Daha sonra bacımın oğluna demişdilər.

Qeyd edək ki, Müşfiq Orucov 18 sentyabr 1994-cü ildə Bakıda anadan olub. Ailəsi Zəngilan rayonundan məcburi köçkündür. 7 saylı Zəngilan orta məktəbini bitirən Müşfiq yüksək bal toplayaraq Azərbaycan Texniki Universitetinə qəbul olub.

2015-ci ilin iyul ayında hərbi xidmətə yola düşən Müşfiq aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də şəhid əsgərimiz böyük izdihamla Bakıda Dədə Qorqud qəbristanlığında dəfn edilib. Şəhid Müşfiq Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.





























Şahanə Rəhimli
Foto: Şahin Sərdərov
Video: Əhməd Xəlilov / Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Aprel-döyüşü   Şəhid  





Xəbər lenti