“Azərbaycanla birlikdə bu imkanlardan istifadə etməliyik” - Zurabişvili

  27 Fevral 2019    Oxunub : 1357
 “Azərbaycanla birlikdə bu imkanlardan istifadə etməliyik” - Zurabişvili
Xəbər verdiyimiz kimi, bu gün geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər.
Azvision.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin bəyanatında bildirilir:

- Təşəkkür edirəm, cənab Prezident.

Sizin bütün fikirlərinizlə razıyam. Sizin fikirləriniz mənə çox yaxındır. Biz həqiqətən hər bir sahə üzrə fikir mübadiləsi apardıq. Biz bir yerdə tarixi yol keçmişik. Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də biz birləşdirir. Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdik, faciələrdən keçdik. Bilirik ki, dövlət quruculuğu nə deməkdir, nə tələb edir. Bütün bunlar bizi birləşdirir. Çünki biz bütün faciələri birlikdə yaşadıq və yenə də irəliləyişə, inkişafa, mədəniyyət sahəsində tərəqqiyə nail ola bildik. Hər bir məsələdə çox yaxınlıq və dostluq hiss edirəm.

Biz ötən əsrin sonu və bu əsrin əvvəlində birlikdə energetika sahəsində həqiqətən çox irimiqyaslı layihələr həyata keçirdik. Biz bütün dünyaya göstərdik ki, bu region mərkəzi regiondur, bu dəhliz sabit dəhlizdir və bu regiona böyük investisiyalar qoymaq olar. İndi qarşımızda duran əsas məqsəd daha böyükmiqyaslı layihələri gündəmə gətirməkdir.

Nəqliyyat dəhlizi çox vacibdir və həqiqətən bizim əməkdaşlığımızın təməl daşıdır. Nəqliyyat bugünkü dünyada çox potensiallı sahədir. Nəqliyyat sahəsi dünya üçün çox əhəmiyyətlidir. Asiyanın, Çinin və Avropanın birləşdirilməsi çox mühüm məsələdir və biz bu yolla gedirik. Bu, ən qısa yoldur, lakin biz hələ bu yolun imkanlarını tam inkişaf etdirməmişik və bu, bizdən asılıdır. Siz Azərbaycan tərəfindən hansı işlərin görüldüyü barədə məlumat verdiniz. Siz Xəzər dənizi ilə bağlı əldə olunmuş razılaşmaları qeyd etdiniz. Bu dənizdə nəqliyyat tam inkişaf etdirilməlidir. Avropa İttifaqının dəstəyi ilə biz Qara dənizdəki imkanlar üzərində işləyirik. Rumıniya, Bolqarıstan və Gürcüstan limanları arasında əlaqələri və logistikanı Avropa İttifaqının dəstəyi ilə inkişaf etdirmək istəyirik. Biz bu istiqamətdə də ümumi investisiyalar cəlb etməyə hazırıq. Biz Azərbaycanla birlikdə bu imkanlardan sona qədər istifadə etməliyik. Bizim Çinlə, eyni zamanda, Avropa İttifaqı ilə azad ticarət sazişimiz var.

Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik. Cənab Prezident təklif etdi ki, bizim nümayəndələrimiz Çində də təqdimat keçirə bilərlər. Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətlidir.

Lakin əlaqələrimiz bununla məhdudlaşmır. Biz insan əlaqələrinə, mədəniyyətə, təhsilə böyük əhəmiyyət veririk və bu sahələr inkişaf etdirilməlidir. Bu sahələrdə əlaqələr hələ tam lazımi səviyyədə deyildir. Hər iki tərəf bu məsələlərdə öz səylərini daha da fəallaşdırmalıdır. Biz istərdik ki, insani münasibətlər hər iki tərəfdən daha da fəallaşsın. Bu, bizim qərarlardan asılı olacaq. Biz istəyirik ki, Gürcüstanda Azərbaycan mədəniyyət günləri keçirilsin və Batumidə artıq planlaşdırılıb. Biz buna mütəmadi forma verməliyik və müxtəlif sahələrdəki əlaqələrimiz mədəniyyət sahəsində də fəallaşmalıdır.

Biz Gürcüstanın tolerantlığını UNESCO-nun qeyri-mədəni irs siyahısına daxil etmək istərdik. Lakin bu, Qafqazda bizim ümumi dəyərimizdir. Biz buna Qafqaz xarakteri verə bilərik və bu, regionumuzdan dünyaya çox mühüm mesaj olacaq. Dünyanın bu dəyərlərə ehtiyacı var.

Bu gün turizmin inkişafı haqqında da fikir mübadiləsi apardıq. Turizm sahəsi də inkişaf etdirilməlidir. Bu məkan turistlər üçün tam açıq olmalıdır. Biz dostluğumuza əsaslanaraq belə qərara gəldik ki, delimitasiya komissiyasına öz işlərini yeniləmək və bu çalışmaları sona çatdırmaq üçün tapşırıq verək. Sərhəd də bizi birləşdirən amildir. Ümid edirəm ki, bu məsələ bizim dostluq əlaqələrimiz əsasında həll olunacaqdır.

Bütün bu sahələrdə əməkdaşlığa və bu səmimi qəbula görə cənab Prezidentə təşəkkür edirəm. İnanıram ki, bu, başlanğıcdır, yeni, daha sıx əlaqələrimizin başlanğıcıdır. Mən bu arzu və bu ümidlə çıxışımı bitirmək istərdim. Sağ olun.

Azvision.az

Teqlər: Zurabişvili   Gürcüstan