Aktauda yaşayan 40 yaşlı azərbaycanlı iş adamı

  08 Fevral 2019    Oxunub : 2466
 Aktauda yaşayan 40 yaşlı azərbaycanlı iş adamı
Xeyirxah əməlləri çoxdur. Yataq xəstələrinə, cərrahi əməliyyat olunan insanlara, imkansızlara, kimsəsizlərə əl uzadıb, yardım edib. Amma soruşanda heç birini boynuna almır, bütün bunların Allahla özü arasında sirr olduğunu ifadə edir.
Deyir ki, "Qazandığım uğurlara görə üç nəfərə borcluyam - mükəmməl savad verdiyi üçün orta məktəb müəllimim Həmdulla Behbudova, mənə bacarıqlı, əzmkar olmağı öyrətdiyinə görə İlham Əhədova, idarəetmənin yollarını başa saldığı üçün hərbi xidmət komandirim mərhum mayor Eminova".

Haqqında söhbət açdığım Zamin Səfərov 1979-cu ildə Yardımlı rayonunun Vərgədüz kəndində dünyaya gəlib. 1986-1996-cı illərdə Yardımlı qəsəbə 2 nömrəli məktəbdə orta təhsilini alıb. 1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakultəsinə qəbul olunub. 2001-ci ildə orada bakalavr, 2003-cü ildə magistr dərəcələrinə yiyələnib. Bir il əsgərlikdə olduqdan sonra, 2004-2006-cı illərdə rabitə sahəsində çalışıb. 2006-cı ildən Qazaxstanın Aktau şəhərində yaşayır. 2009-cu ildən "Kaz Fruit Company" beynəlxalq şirkətinə baş direktor təyin olunub. Bu günədək həmin vəzifədə çalışır.

Aktau Qazaxıstanın qərbində, Xəzər dənizi sahilindəki Manqışlaq yarımadasında yerləşən Manqıstau vilayətinin baş şəhəridir. Şəhərin 250 minə yaxın əhalisi var. Zamin Səfərovun rəhbərlik etdiyi şirkət dünyanın bir sıra ölkələrindən- Avropa, Asiya, Afrika, Cənubi Amerikadan meyvə-tərəvəz gətirərək bu şəhərdə satışını təşkil edir. Şirkətin 30-a yaxın mağaza şəbəkəsi, Loqistik mərkəzi, beynəlxalq yük daşınması üçün avto parkı var. Burda 200-ə yaxın insan çalışır ki, onun da 100-ə yaxını Azərbaycan vətəndaşıdır, müvəqqəti qeydiyyatla burada işləyir. Necə deyərlər, yüz azərbaycanlı ailəsinin ruzusunu Allah onun əliylə çatdırır. "Kaz Fruit Company" ölkəmizin bir sıra bölgələrindən də kənd təsərüffatı malları idxal edir. Quba, Şəmkir, Lənkəran bu rayonların sırasındadır.

Atası Cəfər Səfərov uzun illərdir ki, Yardımlı rayon poçtunda iqtisadçı vəzifəsində çalışır. Oğlunun uğurlarında onun da xidmətləri az deyil. Axı yüksək tərbiyyə bütün uğurların açarıdır. Zamin bəyin iki qızı, iki oğlu var, böyüyü 12, ən kiçiyi isə 4 yaşındadır. "Azərbaycan Etnomədəniyyəti Dostluq Cəmiyyəti"nin sədr müavinidir. Bu cəmiyyət milli və rəsmi bayramlarımızda xeyli tədbirlər həyata keçirib. Bir sıra xeyriyyə işlərinə imza atıb. Manqıstau vilayətində yaxşı tanınır, rəsmilər bu təşkilatın rəhbərliyindən çox razıdırlar. Ona görə də, onun fəaliyyətini dəfələrlə diplom və medallara layiq görüblər.

Köhnə, lap köhnə kişilərə xas olan ənənəylə yaşayır. Allaha ibadətindən, ağayanə davranışından, mərhəmətindən, insanpərvərliyindən geri qalmır. Deyir ki,- "Mən azərbaycanlıyam. Nə qədər gücüm, imkanım yetirsə, bu xalqın yolunda əlimdən gələni əsirgəməyəcəm. Arzu edirəm ki, ən ağır dərdimiz- Qarabağ problemi tezliklə həll olunsun. Xalqımız daim xoşbəxt yaşasın!"

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az

Teqlər: Azərbaycan