“Əsgər olmağa hazıram!” devizi altında turnir keçirilib

  25 Yanvar 2019    Oxunub : 1365
“Əsgər olmağa hazıram!” devizi altında turnir keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə “Əsgər olmağa hazıram!” devizi altında turnir keçirilib.
“Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Sabunçu rayon filialında təşkil olunan turnirdə “Şahin” hərbi idman oyunlarında zona üzrə qalib olmuş komandalar iştirak ediblər.

Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

Turnirin açılışında çıxış edən Xidmətin Aparatının şöbə rəisi, polkovnik-leytenant Ramin Babayev bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında daim güclənən ordumuza çağırışçıların mənəvi və fiziki cəhətdən hazırlanması məqsədilə keçirilən hərbi idman istiqamətində olan bütün tədbirlərdə gənclər böyük həvəslə iştirak edirlər. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların idmanın hərbi tətbiqi növlərinə həvəsləndirilməsi və müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə Xidmət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Ötən il ərzində respublika orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Müstəqil Azərbaycanın memarı”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Cümhuriyyət 100 il” adlı rəsm müsabiqələri, rayonlarda “Vətənin müdafiəsinə hazıram!” adlı silsilə tədbirlər, Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında isə Silahlı Qüvvələrin 100 illiyi münasibətilə atıcılıq turniri keçirilib.



Tədbirdə ölkəmizin sürətli tərəqqisinin gənclərin hərtərəfli inkişafına əlverişli şərait yaratdığı diqqətə çatdırılıb.

Daha sonra iştirakçılara təhlükəsizlik qaydaları barədə təlimat verilib və yarışa başlanılıb. Turnir iştirakçılarından atəş hazırlığı, silahın sökülüb-yığılması və fiziki hazırlıq üzrə normativlər qəbul olunub.

Yekunda birinci yerə Sumqayıt şəhərinin, ikinci yerə Qax, üçüncü yerə isə İsmayıllı rayonlarının komandaları layiq görülüb. Qalib komandaya kubok və yarış iştirakçılarına diplomlar təqdim edilib.





Azvision.az

Teqlər: Tur   Xidmət