Ötən il 33 körpü tikilib, 600 kəndi birləşdirən yol çəkilib

 Ötən il 33 körpü tikilib, 600 kəndi birləşdirən yol çəkilib
  25 Yanvar 2019    Oxunub:1571
“2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 600 kəndi birləşdirən 2000 km-dən çox avtomobil yolu çəkib”.
AzVision.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov 2018-ci ilin yekunlarına və 2019-cu il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq, respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərində 90 layihə başa çatıb: “Bura 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil yolu tunelinin tikintisi işləri daxildir. Bu layihələr 2,2 milyon nəfər əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2042,3 km uzunluğunda avtomobil yollarıdır. Yolların yenidən qurulması sərnişin və yük daşımasının yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarır”.

Saleh Məmmədov məhz əhalinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən il 33 körpü, 29 yol ötürücüsü, 4 tunelin tikilərək istifadəyə verildiyini, maddi-texniki bazanı gücləndirmək məqsədilə 221 adda maşın və mexanizmlərin alındığını iclas iştirakçılarının diqqətinə çatdırıb. Saleh Məmmədov əlavə edib ki, aparılmış kompleks tədirlər çərçivəsində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ildə 461 km təşkil edirdisə, bu gün 448.5 km artaraq 909,5 km olub.

AzVision.az


Teqlər: AAYDA   Yol  





Xəbər lenti