Komitə Memarlar İttifaqı ilə əməkdaşlığı genişləndirir

  15 Yanvar 2019    Oxunub : 787
Komitə Memarlar İttifaqı ilə əməkdaşlığı genişləndirir
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Memarlar İttifaqının ikitərəfli əməkdaşlığı müzakirə olunub.
Komitədən Azvision.az -a verilən məlumata görə, yanvarın 15-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Azərbaycan Memarlar İttifaqının bir qrup üzvləri ilə görüş keçirilib. Görüşdə komitə və Memarlar İttifaqı arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ölkədə memarlıq və şəhərsalma problemləri, eləcə də digər aktual məsələlərlə bağlı müzakirələr aparılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bu cür görüşlərdə aparılan müzakirələrin əhəmiyyətini və həm dövlət idarəçiliyi, həm də peşəkar və ictimai fəaliyyət baxımından qarşılıqlı faydasını vurğulayıb.

Komitə sədri bildirib ki, ölkədə şəhərsalma fəaliyyətinin təşkili Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Bu proseslərin planlı, sistemli və şəhərsalma qanunvericiliyinə uyğun təşkil edilməsi ölkə başçısı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında qoyulmuş başlıca vəzifələrdəndir. O, dövlət başçısının tapşırıqlarına əsasən, son dövrdə şəhərsalma sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi və komitə tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib.

Vurğulayıb ki, şəhərlərin dayanıqlı inkişafını və idarə olunmasını təmin edən əsas ərazi planlaşdırılması sənədi baş plandır və bu gün komitədə baş planların qanunvericiliyin tələblərinə, eyni zamanda, aparıcı dünya təcrübəsinə uyğun hazırlanmasına xüsusi diqqət yetirilir. O bildirib ki, 2018-ci ildə komitə Bakı şəhərinin baş planının hazırlanması işini müasir standartlara əsasən təşkil etmək məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi olan “Boston Consalting Group” şirkətini əməkdaşlığa cəlb edib. İki mərhələdən ibarət olan baş planın hazırlanması işinin artıq yekunlaşdırılmış ilk mərhələsi nəticəsində Bakının inkişafı konsepsiyası hazırlanıb, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilib. Bununla yanaşı, birinci mərhələnin nəticələri əsasında beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlanıb və şirkətin müəyyənləşdirilməsi üçün açıq tender elan olunub.

S.Nuriyev tender komissiyasında Memarlar İttifaqının sədri Elbay Qasımzadənin iştirakını yüksək qiymətləndirib. Qeyd edib ki, tenderin nəticələrinin bu ilin mart ayında elan olunması planlaşdırılır. Daha sonra Bakı şəhərinin baş planının hazırlanması işinin ikinci mərhələsi başlayacaq.

Ötən il, həmçinin Sumqayıt şəhərinin baş planı Nazirlər Kabineti tərəfindən təsdiq edilib, TovuzQuba şəhərlərinin baş planlarının layihələrinin hazırlanması yekunlaşdırılıb, Biləsuvar şəhərinin baş planının işlənməsi isə başa çatmaq üzrədir. Eyni zamanda, Daşkəsən, Şabran, Tərtər, Saatlı, SabirabadKürdəmir şəhərlərinin baş plan layihələrinin hazırlanmasına başlanılıb.

O, komitəyə iş adamları tərəfindən baxılmaq üçün təqdim olunan yeni şəhərsalma layihələrinin müvafiq qanunvericiliyin tələblərinə cavab verməsi baxımından dəyərləndirilməsi işinin təşkili barədə də məlumat verib. Komitənin bu istiqamətdə işinə, eyni zamanda, Dövlət şəhərsalma nəzarəti çərçivəsində fəaliyyətinə toxunan sədr ərazi planlaşdırılması sənədlərinin və memarlıq həllərinin işlənməsində ilk növbədə layihəçilərin böyük məsuliyyətini vurğulayıb. Qeyd edib ki, layihələndirmə sahəsində işin keyfiyyəti artırılmalı, şəhərsalma normalarına və müvafiq qanunvericiliyin bütün tələblərinə riayət olunmaya ciddi nəzarət edilməlidir.

Azərbaycan Memarlar İttifaqının sədri E.Qasımzadə çıxışında isə memarlarla görüşün təşkilinin hər iki qurum arasında gələcək məhsuldar əməkdaşlığın başlanğıcı kimi dəyərləndirib. O vurğulayıb ki, sıralarında ölkənin aparıcı peşəkarlarını cəmləşdirən Memarlar İttifaqı tərəfindən komitənin fəaliyyətinə hərtərəfli dəstək göstəriləcək, Azərbaycanın dövlət siyasətinə uyğun olaraq paytaxt və digər şəhərlərin sistemli, dayanıqlı inkişafının təmin olunmasında iştirak etmək məqsədilə qurumun və üzvlərinin bütün potensialı səfərbər olunacaq.

Görüş çərçivəsində memarlar tərəfindən fəaliyyəti ilə bağlı səsləndirilmiş müxtəlif məsələlər ətrafında geniş müzakirələr, şəhərsalma və memarlıq sahəsində gələcək ikitərəfli əməkdaşlığın mümkün istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: Komitə