30 minədək işsiz şəxs ictimai işlərə cəlb ediləcək

  12 Yanvar 2019    Oxunub : 1057
30 minədək işsiz şəxs ictimai işlərə cəlb ediləcək
2018-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən əvvəlki ilə nisbətən 8,1 faiz çox olmaqla 51 min 774 nəfər işlə təmin edilib, 118 min 138 nəfər peşəyönümü məsləhətlərinə, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənilib.
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 91,3 min artıb.

Nazir bildirib ki, özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5000-dən çox ailə aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb.

"Proqrama cəlb olunanların əksəriyyətini ünvanlı yardım alanlar, məcburi köçkünlər, əlilliyi olanlar, şəhid ailələri, qadınlar və gənclər təşkil edib. Heydər Əliyev Fondu bu istiqamətdə Nazirliyə dəstək verib və “Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb".

S.Babayev qeyd edib ki, ictimai işlərin təşkilinə dair “İşsizin dostu” adlı yeni proqram hazırlanıb, “DOST İŞ MƏRKƏZİ” yaradılıb. Mərkəz vasitəsilə bu il 30 minədək işsiz şəxs ictimai işlərə tam şəffaf şəkildə cəlb ediləcək.

Azvision.az

Teqlər: Məşğulluq   Nazir