Əhalinin siyahıya alınmasına 40 min nəfər cəlb olunacaq

  26 Oktyabr 2018    Oxunub : 1039
Əhalinin siyahıya alınmasına 40 min nəfər cəlb olunacaq
"Siyahıya alınma maliyyə tutumu, həm də insan resurslarının cəlb edilməsi, metodoloji baxımdan çox mürəkkəb prosesdir. Bu günə qədər siyahıya alınma ilə bağlı 50-yə qədər sənəd təsdiq olunub".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, siyahıya alınmanın keçirilməsinə bütün rayonlar üzrə 40 minə yaxın insan cəlb olunacaq.

"10 milyondan artıq olan əhalimizin hər biri barədə müfəssəl məlumatların işlənməsi üçün bu prosesin həyata keçirilməsi nəzərdə tutulub. Gələn il keçiriləcək siyahıya alınmanı digərlərindən fərqləndirən cəhət Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı müəyyən göstəricilərin də öz əksini tapmasıdır. Azərbaycanda əhalinin sosial tərkibi, gəlirlərin strukturu, əmək bazarındakı vəziyyətin bütün aspektləri, şəxsin təhsil aldığı sahədən tutmuş onun ixtisası, işlədiyi yer, işləməməyinin səbəbləri və s. məsələlər sorğu anketlərində yer alıb. Eyni zamanda əlilliklə bağlı məsələlər ilk dəfə daxil edilib.

Təkcə rəsmi qeydiyyata alınan əlillər deyil, insanların sağlamlığına münasibəti və faktiki olaraq onlarda hansısa məhdudiyyətlərin olması, rəsmi sənədlərdə olmaması məsələləri də əksini tapıb. Hazırda dünyada fasiləsiz təhsilə önəm verilir. Təhsil pillələri üzrə əhalinin vəziyyəti, miqrasiya prosesləri - istər beynəlxalq miqrasiya, istər daxili yerdəyişmə, bunun səbəbləri və s. suallar ətrafında böyük məlumat əldə etmək mümkün olacaq".

Komitə sədri qeyd edib ki, bu məlumat bazası 10 il müddətində ölkədə müxtəlif demoqrafik iqtisadi sosial proqramların qəbul olunması üçün fundamental baza rolunu oynayacaq.
"Bu dəfəki siyahıya alınmaya digərlərindən fərqli olaraq maliyyə baxımından yanaşma daha yaxşı olub. Əvvəlki siyahıya alınmada bir sahə üçün 450 nəfər norma müəyyən olunmuşdu. Norma artdıqca keyfiyyət aşağı düşür. Bu siyahıya alınmada normanı 450-dən 300-ə qədər aşağı salmışıq. Bu sorğu vərəqəsində sualların artması ilə əlaqədardır".

Aytən Zəhra
Azvision.az

Teqlər: DSK   Siyahı