DTX erməni terrorçuları ilə bağlı arxivləri açdı
Müasir Ermənistanda terrorçuluq və faşizm ideologiyası dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu ideologiya bünövrədən qonşu dövlətlərə əsassız ərazi iddialarının, azərbaycanlılara, türklərə və digər xalqlara qarsı etnik təmizləmə siyasətinin başlıca xəttini təşkil edir. Erməni terrorçu-daşnak qüvvələri hər zaman öz məkrli hədəflərinə çatmaq üçün ən çirkin üsullardan istifadə etmiş, hətta tarixi Azərbaycan torpaqlarında onların köçürülməsinə rəvac vermiş, himayə etmiş çar və sovet Rusiyasına qarşı çıxmaqdan belə çəkinməmişlər. İkinci Dünya müharibəsində faşistlərin silahlı birləşmələrinin tərkibində erməni cəlladlarının törətdikləri vəhşiliklər barədə tutarlı sübutlar incələndikcə bu dəhşətlərin nəticələri vahimə yaradır. Bu gün Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, şovinizm, ekstremizm, hərbi təcavüz, qəsbkarlıq hər zaman ən ifrat formada təbliğ və təşviq olunur, gənc nəsil qonşu xalqlara nifrət və dözümsüzlük ruhunda tərbiyə edilir, insanlığa qarşı cinayətlər törətmiş ermənilərin “qəhrəman” obrazının aşılanması, onlara abidə qoymaqla faşizm “vətənpərvərlik” əmsalı kimi ictimai şüura təlqin edilir.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin arxivlərində saxlanılan sənədli materialların araşdırılması zamanı erməni terrorçu-daşnak qüvvələrinin, o cümlədən terrorizm ideologiyasının daşıyıcısı olan “Daşnaksutyun” partiyasının, habelə İkinci Dünya müharibəsi illərində bəşəriyyətə qarşı cinayətlərdə xüsusi amansızlıqla fərqlənmiş erməni milliyyətindən olan şəxslərin qəddar əməlləri çoxsaylı faktlarla təsdiqini tapmışdır.
Bu arxivlərdəki sənədli materialların mütərəqqi dünyanın terrordan və faşizmin fəsadlarından qorunması baxımından elmi-tarixi əhəmiyyətini, Ermənistanın Azərbaycana qarşı yeritdiyi qəsbkarlıq və hərbi təcavüz siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının xüsusi aktuallıq kəsb etdiyini və bu siyasətin ifşa olunmasında ilkin sənədli mənbələrə istinadın zəruriliyini nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti arxivlərində saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfiliyin götürülməsi və onların geniş ictimaiyyətə açıqlanmasını məqsədəmüvafiq hesab etmişdir. Həmin materialların DTX-nin rəsmi internet səhifəsində yerləşdirilməsinə qərar verilib.
AzVision.az