Sabiq icra başçısı Saakaşviliyə müraciət etdi

Sabiq icra başçısı Saakaşviliyə müraciət etdi
  23 Oktyabr 2013    Oxunub:1008
“Borçalı” Cəmiyyətinin sədri, Xətai rayonunun keçmiş icra başçısı Zəlimxan Məmmədli Gürcüstan prezidenti Mixail Saakaşvili və baş nazir Bidzina İvanişviliyə müraciət edib.
AzVision.az saytının məlumatına görə, müraciətdə Z.Məmmədli Gürcüstanda yaşayan soydaşlarımın üzləşdikləri problemlərin həll edilməsini xahiş edib.

Müraciətdə deyilir:

- “Gürcüstanın çox hörmətli Dövlət və Hökumət başçıları! Hər ikinizi “Borçalı” Cəmiyyəti üzvləri və şəxsən öz adımdan salamlayır və qarşıdan gələn prezident seçkilərinin sizə uğurlar arzu edir, seçkilərin tam demokratik keçirilməsi üçün səylərinizi səfərbər etməyinizi arzulayıram. Seçkidə iştirak edən digər namizədlərin hər birinə də eyni arzumuzu ifadə edirəm. Sizlərə xüsusi müraciət etməyim təsadüfi deyil. Hər ikiniz məşhur qızılgül inqilabının nəticəsi olaraq siyasətdəsiniz və Gürcüstanı idarə edirsiniz. Sizin davranışlarınızın nəinki Gürcüstanın, bütövlükdə Güney Qafqazın və demokratiya uğrunda ağır şərtlər altında mübarizə aparan postsovet ölkələrinin gələcək taleyində mühüm rol oynayacağı qənaətindəyəm. Gürcüstanın timsalında demokratiyanın daha üstün dəyər olduğu əyani şəkildə öz təsdiqini tapmaqdadır. Bu prosesin davamlılığı qonşu ölkələrə təsirsiz ötüşməyəcəkdir. Çox istərdik ki, bu təsir pozitiv olaraq Azadlıq yolunun daha da möhkəmlənməsinə yardımçı olsun. Bu baxımdan Sizlərdən prezident seçkilərinin tam demokratik keçirilməsini təmin etməyinizi istəmək haqqım çatır. Siz bununla Qafqazın tarixində demokratiya yönündə müstəsna xidmət etməklə tarixə düşmüş olarsınız. Hər iki dövlətin Kreml tərəfindən himayə olunan etnik separatçılıqdan əziyyət çəkdiyini də unutmamalıyıq. Gürcüstanda məskunlaşan bir neçə yüz min soydaşımız olan Borçalı türkləri bütün təxribat və məkrli planlara uymayaraq hər zaman Gürcüstan Dövlətçiliyi mövqeyində dayanmış, klassik dostluq, qardaşlıq nümunəsi göstərmişlər. Bu gün onlar Gürcüstanın daha da güclənməsi üçün ciddi dayaqlardan biridir. Həmçinin onlar hər iki dövlətin daha qarantlı sabaha getməsi üçün Türkiyə-Gürcüstan-Azərbaycan arasında sarsılmaz mənəvi körpü rolunu oynamaqdadırlar. Düşünürəm ki, bu çox həssas bir məqamdır. Sizin hər ikiniz zaman-zaman soydaşlarımıza ehtiramınızı ifadə etmiş, onların xüsusi məzmun və mahiyyət daşıyan problemlərinin həll olunmasına yardımçı olacağınıza söz vermisiniz. Təəssüflər olsun ki, bu problemlərin, xüsusilə 1991-92-ci illərdə əsassız olaraq Bolnisi rayonunda dəyişdirilmiş kənd adlarının bərpası istiqamətində real addım atmadınız. Eyni zamanda əhalinin məlumatsızlığı ucbatından onların müxtəlif “hüquqi” yollarla əllərindən alınmış torpaqlarının onlara qaytarılması istiqamətində şifahi söz verməkdən uzağa gedə bilmədiniz. Acınacaqlı hal odur ki, bu azmış kimi son vaxtlar Segareco və Qardabani rayonlarında soydaşlarımıza məxsus olmalı bir neçə min hektar torpaq sahəsi müxtəlif vasitələrlə işbazlara verilmişdir. Haqlı olaraq soydaşlarımız bunu Gürcüstan mərkəzi hakimiyyətinin soydaşlarımıza qarşı ayrıseçkilik siyasəti kimi dəyərləndirirlər. Odur ki, sizlərdən və bütün prezidentliyə namizədlərdən soydaşlarımızın bu tip həssas problemlərinə diqqətli olmağı, onların halal haqlarının özlərinə qaytarılmasına cəsarətlə yardımçı olmağınızı, təxirə salmadan bu problemlərin həllinə qol qoymağınızı xahiş edirik. Bu demokratiyanın daha üstün dəyər olduğunu sübut edən cəsarətli addıım olmaqla, soydaşlarımızın Gürcüstana daha sıx bağlanmalarına, bölgədə barış və sülhə əvəzsiz fayda verər, Azərbaycan və Gürcüstan arası müttəfiqlik münasibətlərinin daha da möhkəmələnməsinə əlavə güc verərdi. Bu həm də hər iki dövləti təhdid edən məkrli güclərə vahid milli cəbhədə dirəniş göstərməyimizə, Vahid Qafqaz Evinin formalaşmasına ciddi təkan verərdi. Bir daha gürcü xalqına xoş rifah, demokratiya, bütövlük yolunda mübarizlik arzu edirəm. Ulu Tanrı yardımçınız olsun. Allah birlik və bərabərliyimizi qorusun! “

AzVision.az


Teqlər:  





Xəbər lenti