YAP İlham Əliyevi təbrik etdi

YAP İlham Əliyevi təbrik etdi
  12 Oktyabr 2013    Oxunub:5153
Yeni Azərbaycan Partiyası prezident İlham Əliyevi prezident seçkilərindəki qələbə münasibətilə təbrik edib.

YAP-ın təbrik məktubunda deyilir: “Möhtərəm cənab Prezident, Azərbaycan xalqının böyük etimadını qazanıb yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin ən səmimi təbriklərini və sevinc hisslərini Sizə çatdırmaqdan şərəf duyuruq. Ölkəmizdə keçirilən Prezident seçkilərində Sizin möhtəşəm qələbəniz əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş böyük yolun və son 10 ildə əldə etdiyimiz uğurların xalqımız tərəfindən qətiyyətlə dəstəklənməsinin parlaq nümunəsidir».

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış təbrik məktubunda daha sonra bildirilir: «Azad, şəffaf və ədalətli şəkildə keçirilən seçkilərdə yüksək səs çoxluğu qazanmağınız Azərbaycan xalqının Sizə olan inamının və etimadının, xalq-iqtidar vəhdətinin bariz ifadəsidir. Bu inamı yaradan Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasət nəticəsində ölkəmizin dinamik inkişafı, insanların rifahının davamlı olaraq yaxşılaşması, sabitliyin qorunub saxlanması, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində həlledici rola malik olan, güclü və müstəqil siyasət aparan dövlət kimi dünyada özünü təsdiq etməsidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olması və hazırda bu təşkilata sədrlik etməsi, kosmik ölkələr sırasına qoşulması hər bir vətəndaşın milli qürur və iftixar mənbəyinə çevrilib.

Xalqımız əmindir ki, növbəti beş ildə Sizin rəhbərliyiniz altında ölkəmiz ictimai və siyasi həyatın bütün sahələrində növbəti uğurlara imza atacaq, daha da güclü Azərbaycan qurulacaq və bu dövlətdə hər bir vətəndaş bundan sonra da sülh, əmin-amanlıq və sabitlik şəraitində rahat yaşayacaq.
Yeni Azərbaycan Partiyası üçün qürurverici haldır ki, Sədri olduğunuz partiyanın hər bir üzvü seçkilərdə Sizin qələbə əldə etməyiniz üçün yüksək fəallıq göstərmiş, təbliğat-təşviqat kampaniyasında yaxından iştirak etmişdir.

Sizə möhkəm can sağlığı, doğma Azərbaycanımızın daha da çiçəklənməsi, xalqın rifahının yüksəldilməsi yolunda yorulmaz fəaliyyətinizdə yeni - yeni möhtəşəm nailiyyətlər arzulayırıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti