XİN-də Qarabağ müzakirəsi: “Almaniya dəstək göstərəcək”
X.Xələfov ölkələr arasında yüksək səviyyəli siyasi dialoqdan məmnunluğunu ifadə edərək, bunun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini qeyd edib.
N.Löbel ölkəmizə səfərinin Cumhuriyyətimizin 100 illiyi ilə üst-üstə düşdüyünü bildirib. Azərbaycanın Almaniya üçün vacib tərəfdaşlardan biri olduğunu vurğulayıb. Ölkəmizin Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusilə qeyd edib.
Tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib və bu münaqişənin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu vurğulanıb. N.Löbel münaqişənin həll olunmasında Avropa İttifaqının digər üzvləri ilə fəal işləyəcəklərini qeyd edərək, status-kvonun qəbuledilməzliyini bir daha bəyan edib və ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, Almaniyanın münaqişənin sülh yolu ilə həllinə dəstək göstərəcəyini bildirib.
Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələlərinin müzakirəsi çərçivəsində X.Xələfov Aİ ilə müzakirə olunan yeni sazişin razılaşdırılmasının sona çatmaqda olduğunu bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: XİN Xələf-Xələfov