Ukrayna cəbhəsində "hind filmi" - BBC muzdluların dramından yazdı

   Ukrayna cəbhəsində "hind filmi" -    BBC muzdluların dramından yazdı
  19 Sentyabr 2024    Oxunub:991
Hindistan hökuməti Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində aldadılaraq döyüşlərə göndərilmiş 91 hindlini ordudan azad edə bilib.
Bu fikirlər BBC-də dərc olunan məqalədəndir. Nəşrin məlumatına görə, onlardan bəziləri artıq evlərinə qayıdıb. Yerdə qalan hindistanlılar isə Rusiyadan yola salınmasını gözləyir.

Vətənlərinə qayıtmaq üçün hazırlaşan hindlilər nəşrin müxbiri Niyaz Faruqi ilə söhbət ediblər. Onlar jurnalistə gördükləri dəhşətlərdən söz açıblar.
Urgen Tamanq cəbhəyə göndərilməsindən danışarkən deyib: "Mən hələ də təşvil içindəyəm. Gələcəyimin yaxşı olacağından əmin deyildim. Geri sağ-salamat, yoxsa tabutda qayıdacağamı bilmirdim. Xahiş edirəm, məni xilas edin".

Moskva Ukrayna cəbhəsinə minlərlə əcnəbi göndərib
Məqalədə qeyd edilib ki, o, da digər 90 hindli kimi, pul və yaxşı iş vədləri ilə müharibəyə cəlb edilib. Bəzən isə asiyalılar Rusiya Silahlı Qüvvələrində köməkçi qüvvələrə ehtiyac var adı altında aldadılaraq cəbhəyə yönəldiliblər. Müəllif onların əksəriyyətinin kasıb ailələrdən olduğunu vurğulayıb. Fevral ayında Rusiya ordusuna qoşulan Racastandan olan elektrik işçisi Sunil Karva müxbirə deyib: "O cəhənnəmən salamat çıxdığıma inana bilmirəm".

BBC başqa bir maraqlı məqama da diqqət çəkib. Sən demə onlarla hindistanlının praktiki olaraq heç bir hərbi hazırlığı olmayıb. Yəni hindistanlılara adi silahdan atəş açmağı belə öyrətmədən cəbhəyə yönəldib, səngərlərə "artileriya yemi" kimi yerləşdiriblər: "Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfərindən sonra Rusiya prezidenti Vladimir Putin bütün hindliləri vaxtından əvvəl azad etməyə söz verib - o vaxtdan bəri 45 nəfər azad edilib".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Hindistan   Rusiya   Müharibə  





Xəbər lenti