Azərbaycan “Çıraqovların işi” ilə bağlı məsələ qaldırıb
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov AzVision.az-a bildirib ki, Ermənistan höküməti nəinki kompensasiya ödəməyib, həmçinin şikayətçilərin hüquqlarının bərpası üçün tədbirlər görməyib.
“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında birbaşa göstərilib ki, Ermənistan hüquqların bərpası üçün tədbirlər görməlidir. Kompensasiyadan əlavə laçınlı məcburi köçkünlərin şikayətlərinə baxılması prosedurunu müəyyən etməlidir. Avropa Şurasının Nazirlər Komitəsi qarşısında Ermənistanın qərarın icrası ilə bağlı heç bir tədbir görməməsinə dair məsələ qaldırmışıq”.
Ç.Əsgərov vurğulayıb ki, bu məsələ ciddi müzakirə edilməlidir: “Ümid edirik ki, bu məsələ sentyabr ayında Nazirlər Komitəsində gündəliyə çıxarılacaq və biz bunu yenə qabardacağıq”.
Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi ilə bağlı qərar çıxararaq şikayətçilərə qarşı Avropaİnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib. İş üzrə iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940). Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Avropa-Məhkəməsi Çingiz-Əsgərov