“Qarabağ münaqişəsinin həllinin bir yolu var” - Prezident
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda çıxışı zamanı deyib.
Prezident bildirib ki, görülən kompleks tədbirlər nəticəsində Azərbaycan bu məsələ ilə bağlı siyasi və diplomatik üstünlüyü tam təmin edibdir. Məhz bunun nəticəsidir ki, nə qədər dünya erməniliyi çalışsa da, heç bir dövlət qanunsuz Dağlıq Qarabağ rejimini tanımayıb:
"Biz yaxşı bilirik ki, bu gün beynəlxalq hüququn normaları bir çox hallarda pozulur, işləmir. Güc amili ön plana çıxır və bu, reallıqdır. Ona görə dünya birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləməsi böyük nailiyyətimizdir. Hesab edirəm ki, beynəlxalq hüququn normalarından başqa, burada güclü Azərbaycan amili dayanır. Biz güclü dövlət qura bilmişik. Bir daha demək istəyirəm ki, bizimlə əməkdaşlıq edən və etmək istəyən ölkələrin sayı artır. Bizə hörmət artır, bizim işimizə göstərilən rəğbət göz qabağındadır. Belə bir vəziyyətdə heç bir ölkə qanunsuz rejimlə heç bir əlaqə qura bilməz və biz buna heç vaxt imkan verməyəcəyik. Biz heç vaxt imkan verməyəcəyik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın".
Dövlət başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasıdır:
"Biz güclü ordu yaratmışıq. 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi.
Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir".
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Qarabağ