Qanlı Bakı: 100 il əvvəlin mart soyqırımı necə başlamışdı (SƏNƏDLƏR)

Qanlı Bakı: 100 il əvvəlin mart soyqırımı necə başlamışdı (SƏNƏDLƏR)
  29 Mart 2018    Oxunub:14113
Yeganə Kamal Cabbarlı
AzVision.az üçün

XX yüzilliyin ilk onillikləri azərbaycan xalqının həyatında böyük əhəmiyyət kəsb edən hadisələrlə zəngin bir dövr oldu. 1917-ci ilin fevral inqilabı Rusiya imperiyasının 196 illik mövcudluğuna son qoydu. İmperiyanın çöküşü ilə onun hakimiyyətindən azad olan Cənubi Qafqaz xalqlarında inteqrasiya meylləri başladı. Bu, özünü həmin illərdə bir-birinin ardınca yaranan hakimiyyət orqanları: Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM ( 9.III.1917 – 15.XI.1917), Zaqafqaziya Komissarlığı (15.XI.1917 – 26.III.1918) və Zaqafqaziya Seymində (22.IV.1918) göstərir.

Vahid Qafqaz Dövləti niyə mümkün olmadı?


Bundan başqa, Rusiyanın Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Bolqarıstanla 3.III.1918 tarixində bağladığı, həmin ilin 13 oktyabrında isə ləğv edilən Brest-Litovsk sülh müqaviləsinə Gürcüstanın etiraz elədiyi ərəfədə Zaqafqaziya Demokratik Federativ Respublikası (22 aprel–may 1918) təşkil edilir. Rusiydan asılı olmayan müstəqil Federativ dövlətin elan edilməsi Zaqafqaziya Seyminin çoxsaylı iclaslarında müzakirə olunduqdan sonra, nəhayət, 22 apreldə sayca üstünlük təşkil edən müsəlman fraksiyasının təzyiqi ilə baş tutur.

26 apreldə isə federativ hökumət Zaqafqaziyanın müstəqilliyini elan edən və bütün dünya dövlətləri, xüsusilə, onunla həmsərhəd olan region dövlətlərlə dostluq münasibətləri quracağı barədə bəyənnamə qəbul edir. Sənəddə diyarda yaşayan xalqlar arasında bərabərlik, rus əhali ilə eyni hüquqlara malik olmaq, bütün Zaqafqaziya xalqları üçün ədalətli ərazi bölgüsü, müharibənin dayandırılması, bölgənin müdafiəsinin təşkili, anarxiya ilə mübarizə məsələləri də əks olunurdu. (Енукидзе Д.Е.Крах империалистической интервенции в Закафказье.Тбилиси,1954, с.43)

Lakin A.Çxenkelinin başçılıq elədiyi yeni Zaqafqaziya hökuməti dayanıqlığını qoruya bilmir: Osmanlıya Brest sülhünün nəticələri ilə bağlı Trabzon danışıqlarını bu dəfə Batumda (11 may) davam etdirmək təklif olunur; danışıqları müşahidəçi qismində Almaniya izləyirdı, Gürcüstan tərəfdən danışıqlarda iştirak etmək üçün alman generalı Otto fon Lasso gəlmişdi. Bundan başqa, alman qoşunları Gürcüstan ərazilərini tutmaq üçün general fon Kressin komandanlığı ilə Poti limanında yerləşmişdilər. Gürcü menşevikləri Almaniya qoşunlarına etimad göstərir, müsavatçılar isə Osmanlı ilə tərəfdaşlığa can atırdılar; hücumu davam etdirən türklər isə artıq Aleksandropolu almışdılar; Almaniya ilə Türkiyə arasında mövcud olan müqaviləyə görə, türklər almanların işğal etdikləri əraziləri tuta bilməzdilər; Ermənistan isə öz “Böyük Ermənistan” xülyası ilə Antanta və Rusiyayanın maraqlarına sadiq idi. Əslində, Batum məsələsində ermənilərin fikri heç bir tərəf üçün maraqlı deyildi.

Beləliklə, Zaqafqaziya xalqlarından seçilən fraksiyalar arasında mövcud olan fikir ayrılığı onların vahid bir “azadlıq” şüarı altında birləşmələrini mümkünsüz etmişdi: gürcülər federasiyanın dağılmasında türkyönümlü olmasından dolayı azərbaycan fraksiyasını günahlandırırdılar, bunu qəbul etməyən azərbaycanlılar isə öz növbəsində gürcüləri “ayrıca siyasi mövcudluğa” can atmaqda təqsirləndırırdılər. Çünki Amaniyanın təzyiqi ilə gürcü nümayəndələr ZFR-nin tərkibindən ayırılaraq, öz müstəqilliyini elan etməyi planlaşdırırdı.

Müsavat fraksiyasından olan Xəlil bəy Xasməmmədov Gürcü Milli Şurasının Seymdən ayrılmağa hazırlaşması ilə bağlı bildirirdi: “...Biz də bu istiqamətdə işləməliyik. Birincisi, mərkəzdəki, xüsusi olaraq Yelizavetpoldakı əhali bizim bütün siyasi addımlarımız aydın olsun deyə, məlumatlandırılmalıdır. Biz özümüz isə lazım gələn anda müstəqil Azərbaycanın adından danışa bilmək üçün burada bütün formal şərtləri hazırlamalıyıq”. (ARDA, f. 970, siy.1, sax.vah. 1,səh. 39 – 40)

Rusiyada siyasi mübarizənin sürətli inkişafı onun parçalanmasına gətirib çıxardı ki, bu da Cənubi Qafqazda genişmiqyaslı münaqişələr və müharibələrlə müşaiyət olunan nəhəng tarixi sarsıntılar dövrünə start verdi. Belə vəziyyət daha çox özlərinə türk torpaqlarında uydurma “erməni vilayəti” qurmaq arzusu gözündə qalan erməniləri hərəkətə gətirmişdi və ermənilər öz dövlətçilik xəyallarını Cənubi Qafqazda reallaşdırmağa çalışırdılar.

Qırğının başlaması

Ermənilərin İran və Türkiyə ərazilərindən Qafqaza, xüsusilə, Şimali Azərbaycanın Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarına kütləvi ekspansiyası rus çarı I Nikolayın sərəncamı ilə başlamışdı. 1928–ci ilin martında Cənubi Qafqaza köçürülən ermənilər üçün çar hökuməti Naxçıvan və İrəvan xanlıqları ərazisində “erməni vilayəti” adlı inzibati-ərazi vahidi yaradır. Lakin əhalisinin əhəmiyyətli dərəcədə böyük bir hissəsini azərbaycanlılar təşkil edən “erməni vilayəti” 1840–cı ildə ləğv edilir. Bununla belə, ermənilər buraya sahıblənmək planlarından əl çəkmirlər.

Birinci rus inqilabı Cənubi Qafqazda erməni təcavüzkarlığının daha da vüsət almasına şərait yaradır. Ermənilər və azərbaycanlılar arasında ilk genişmiqyaslı silahlı toqquşmalar da 1905–1907–ci illərdə baş verir.

Öz qüdrəti ilə Avropa və Rusiyanı qısqandıran Osmanlı dövlətinin zəifləməsi və dağılması üçün yollar axtarılır və bu məqsədlə ermənilərin türk əleyhinə planlarının həyata keçirilməsinə dəstək verilirdi. Heç təsadüfi deyil ki, “Hnçak”, “Daşnaksütun” kimi erməni milli partiyaları da məhz həmin ölkələrin ərazilərində yaranmışdılar. Bu partiyalar təşkilatlanmış şəkildə Osmanlıda və Cənubi Qafqaz ərazilərində “böyük Ermənistan” xülyalarının gerçəkləşdirilməsinin ideoloqu kimi mübarizə aparırdı. Ermənilərin xəyanətkar xislətindən yararlanan ruslar Qafqaz xalqları arasında yalnız onlara xüsusi imtiyazlar vermişdi. Ordu sıralarına cəlb olunmaq və yaxşı hərbi hazırlıqdan keçə bilmək ermənilərin üstünlüyü idi.

Türkiyənin ərazilərində “erməni vilayəti” yaratmaq ümidləri puça çıxan ermənilərin düşüncəsində növbəti hədəf Qafqazın cənub–qərbindəki Azərbaycan əraziləri oldu. Özgə torpaqlarında məskunlaşdırılan ermənilər öz ideyalarını gerçəkləşdirmək üçün buranın daha əlverişli bir məkan olduğunu bilirdilər. Artıq 1918–ci ilin martına qədər ermənilər Qarsda, İrəvan quberniyasinda, Zəngəzurda, Göyçədə, Yelizavetpol (Gəncə) quberniyasının bəzi qəzalarında, həmçinin, Qarabağda dinc əhalini – yerli azərbaycanlıları talan, qarət və silah gücünə sıxışdırıb, öz dədə-baba yurdlarından qovmağa başlamışdılar.

1917–ci ilin bolşevik çevirilişindən sonra da müharibə davam edirdi. Erməni nizami qoşunları erməni əhalisinin də dəstəyi ilə kütləvi xarakter almış qanlı əməliyyatlarda iştirak edirdilər. Ermənilər yerlərdə təkcə əhalinin qırmaqla kifayətlənmirdilər, onlar müsəlmançılığı andıran hər şeyi məhv edirdilər. 1917–1920–ci illərdə Bakı quberniyasında 183, Gəncə quberniyasında isə 395 yaşayış məntəqəsi əhalisilə birlikdə erməni basqın, qarət və talanlarından zərər çəkmişdi. (ARDA fond 970,siyahı 1,sax. vah. 244, səh.1–5)



Ermənilərin Bakıda törətdikləri bir həftəlik qırğın zamanı ümumilikdə əksəriyyəti dinc müsəlmanlardan ibarət 12 mindən çox əhali qətlə yetirildi və bütövlükdə müsəlman əhaliyə 400 000 000 rubl maddi ziyan vuruldu. Qətlə yetirilmiş əhalinin sayını dəqiqləşdirmək mümkün deyildi, çünki qırğının ilk günlərində ermənilər meyidləri dəfn eləməyə imkan vermirdilər. Küçələr, meydanlar, həyətlər qalaq–qalaq müsəlman meyidləri ilə dolu idi. Ermənilər meyidlərin bir hissəsini yanan evlərə, bir hissəsini quyulara, əksəriyyətini isə dənizə atırdılar.

Sənədlər sübut edir

Ermənilərin bu vəhşiliyi o dövrdə Bakıda fəaliyyət göstərən azərbaycanlı firqələrlə yanaşı, başqa siyasi qüvvələri və millətləri də etinasız qoymadı. Menşevik qəzeti olan “Наш голос” yazırdı: «Hər tərəf doğranmış, şikəst edilmiş, eybəcər hala salınmış meyidlərlə doludur... Top mərmilərindən “Təzəpir” məscidi güclü zədələnib. 6-cı məntəqənin həyətində patrul 600 nəfər qadın və uşaq əsir tapdı və onları azad edərək şəhərin müsəlmanlar yaşayan hissəsinə konversiya elədi”.

Mart qırğınlarını işıqlandırdığına görə həmin vaxt Bakıda hakimiyyətdə olan və Şaumyanın başçılıq elədiyi Bakı Fəhlə və Əsgər Deputatları Soveti (7 mart 1917 – ci il) 24 mart 1918–ci il qərarı ilə adıçəkilən qəzeti və onunla yanaşı bütün nəşriyyat və digər qəzetləri “əksinqilabçı” damğası ilə bağladı. (“Известия Совета Рабочих и Солдатских депутат Бакинского района”, 9 апреля (27 марта) ,№62(284) стр.4)
Erməni quldur dəstələrinin himayədarı olan Şaumyan həm də “Известия Совета Рабочих и Солдатских депутат Бакинского района” qəzetinin redaktoru idi.

1918–ci ilin əvvəllərində erməni hərbi–siyasi birləşmələrinin törətdikləri qanlı hadisələr FövqəladəTəhqiqat Komissiyasının (15 iyul 1918–ci ildə təşkil edilib) sənədlərində öz əksini tapır. Xüsusilə, Bakıda təşkil edilən qırğınlar barədə FTK-nın sədri, AXC-nin Ədliyyə naziri Ələkbər bəy Xasməmmədovun “Bakı şəhərinin müsəlman əhalisinə qarşı zorakılığı barədə iş üzrə” 1918–ci il 22 noyabr tarixli məruzəsindədə müsəlman əhalinin kütləvi qırğınının həyata keçirilməsinə ermənilərin qabaqcadan necə mükəmməl bir şəkildə hazırlaşdıqları barədə dəqıq məlumatlar mövcuddur. Məruzədə deyilirdi: “1918-ci ilin yanvarında general Talışinskinin başçılığı ilə müsəlman korpusu qərərgahı gəlir. Əksəriyyətini erməni əsgərlərin təşkil elədiyi bolşeviklər həmin qərərgahın tərkibində guya əvvəllər jandarmeriyada işləmiş rus zabitləri olduğu bəhanəsi ilə bütün qərərgah korpusunu həbs elədilər. Erməni partiyası “daşnaksütun” sovet hökumətini tanıdı, müsəlmanlarla vuruşmaq üçün bolşeviklər partiyası ilə birləşdi. Müsəlman qərərgahının həbs səbəbini ermənilər müsəlmanların bolşeviklərə, həmçinin ermənilərə qarşı silahlı üsyanı kimi qələmə verdilər. Lakin müsəlmanlar onlara qarşı edilmiş bu haqsızlığı uddular. Bundan sonra müsəlmanlardan cavab görməyən erməni əsgərlər müsəlmanlara qarşı zorakılığa, həm də köməksiz qocalara, qadın və uşaqlara qarşı talana başladılar...” (ARPİİSSA, f. 277, siy.2, c.1,sax. vah.16, səh.15)

Müsəlmanların iki millət arasındakı qanlı toqquşmalardan əl çəkmək və sülh çağırışı ilə bağlı bütün cəhdləri uğursuz oldu. 1918–ci il martın 19-da Sovetlərlə birləşən erməni avantüristlər bütün cəbhə boyu hücuma keçərək, müsəlman əhalini qırmağa başladılar. Azərbaycanlıların ermənilər tərəfindən bu kütləvi qırğınının başlamasına isə müsəlman diviziyasının kiçik bir dəstəsinin “Evelina” adlı gəmidə Bakıya yaxınlaşması bəhanə oldu. Ermənilər belə bir şayə yaydılar ki, guya “Evelina”dakı Lənkəran müsəlman hərbi diviziyasından olan zabitlər Muğandakı rus-malakan kəndlərini məhv etmək tabşırığı alıblar. Əslində isə 17 mart 1918–ci il tarixdə adıçəkilən gəmidəki müsəlman diviziyasının kiçik dəstəsinin məqsədi Məmməd Tağıyevin (H.Z.Tağıyevin oğlu) Bakıya gətirilən nəşini müşayiət edib, sonra yenidən Lənkərana qayıtmaq idi.

Erməni şayiələrinin təsirilə “...Körpüyə yaxınlaşan silahlı bolşeviklər müsəlman diviziyasından tərksilah olmağı tələb edərkən etirazla qarşılaşdıqda tüfəng və pulemyotlardan atəş açmağa başlayırlar. Ertəsi gün şəhərin ermənilər yaşayan aşağı zonasında silahlı erməni əsgərləri peyda olur və onlar bütün küçələrdə səngər qazmağa başlayırlar...” (ARPİİSSA, f. 277. siy.2,c.1,sax.vah. 16,səh. 15)

Erməni terrorunun genişlənməsi

Martın 18-dən etibarən Bakıda erməni terroru vüsət almağa başlayır. A.B.Xasməmmədov məruzəsində deyirdi: “...Bazar ertəsi, martın 19–da səhər tezdən əhali hələ yuxuda ikən şəhərin müsəlmanlar yaşayan ərazisinə xüsusi təşkil edilmiş hücumlar başladı. Hücum edənlər yalnız erməni əsgərlər idilər, müsəlmanlar isə əvvəlcə nə baş verdiyini anlamırdılar. Rus matroslarını guya müsəlmanların rus əhalini doğradığına inandıran ermənilərin fitnəkarlığı ilə hərbi paraxodlar şəhərin müsəlmanlar yaşayan hissəsinə mərmilər atırdı...” (yenə orada səh.16)

Yaxşı silahlanmış və hərbi bacarığa malik ermənilər Bakıdakı bütün müsəlman əhalini sonuncusu qalanadək məhv etməyi qarşılarına məqsəd qoymuş və bu səbəbdən də kütləvi qırğına başlamışdılar. Erməni əsgərlər müsəlmanların sıx yaşadıqları məhəllələrdə (“Məmmədli”, “Güllüdərə” “Kərpicxana”, “Qannı Təpə” və s.) daha qanlı cinayətlər törədirdilər: müsəlman əhali nəinki öldürülür, eyni zamanda qılınc, xəncər və nizələrlə silahlanmış ermənilər onlar üzərində dəhşətli və təhqiramiz işgəncələr həyata keçirirdilər. Ermənilər hətta südəmər körpələri nizəyə keçirir, uşaqları alovlanan evlərin içərisinə ataraq diri–diri yandırırdılar. Heç kimə aman verməyən ermənilər gizlənənləri taparaq, qaçanları isə qovqraq tutub, qətlə yetirirdilər. Arxiv sənədlərində öldürülüb torpağa basdırılmış müsəlmanların qulaqsız, burunsuz, qarnı yarılmış və s. işgəncələrə məruz qalmış cəsədlərinin kütləvi şəkildə torpağa basdırıldıqlarını sübut edən çoxlu sayda sənədlər mövcuddur.

Antimüsəlman təbliğatı aparanlar təkcə savadsız, nadan ermənilər deyildi, həm də bu işin bütün mahiyyətini dərk eləyən erməni ziyalıları idi. Onlar Bakının Nikolayev küçəsində erməni əsgərlərə rəhbərlik edirdilər. “...Erməni dəstəsi həmin küçədə evlərə girmiş və 8 nəfər dinc qadın və uşağı güllələmişdilər. Başqa bir dəstə isə Persidski küçəsində Bala Əhməd Muxtarovun evinə soxularaq, doqquz nəfər müsəlman ziyalısını küçəyə çıxarıb, Kilsə meydanında güllələmiş və meyidlərdən ikisini yanan “Dağıstan” mehmanxanasının alovları içərisinə tullamışdılar...” (yenə orada, səh.17)

Bakıda qırğın törətməklə ermənilər heç də burada Sovet hakimiyyətinin qurulması məqsədini güdmürdülər: onlar Bakını yalnız ermənilərə məxsus monomilli bir şəhərə çevirmək istəyirdilər: “...Doktor Tağıyev onlara bolşevik hökumətini tanıdığı barədə sənəd təqdim elədikdə, əsgərlər biz daşnaklarıq və bolşevikləri tanımırıq dedilər...” (ARPİİSSA, f.277.siy.2,c.1,sax.vah. 15, səh.17 )



Beləliklə, insanlıq əleyhinə bütün normaları aşan ermənilər Türk ordusu Bakıya girənə qədər öz qırğın planlarını davam etdirdilər. Mart qırğınları zamanı Bakının teatr, kinoteatr, məktəb, polis məntəqələri, Şəhər Dumasının ictimai binası, vağzal binaları, varlı ermənilərin evləri, hətta hamamlar belə yaxınları qətlə yetirilmiş azərbaycanlı qadın, uşaq və qocalarla dolu idi. Onlar həmin yerlərdə günlərlə ac – susuz halda əsir saxlanılmışdılar. Erməni quldurlar qadınların çadrasını çıxararaq, onları saç–saça bağlayır, başıaçıq və ayaqyalın şəkildə döyə-döyə küçələrdən keçirirdilər.

Talan edilmiş şəhər

Ermənilər müsəlmanları öldürməklə kifayətlənmir,onların əmlakını da məhv və talan edirdilər. Ermənilərin talan və qırğın planına müsəlmanlar arasında xüsusi tarixi əhəmiyyət kəsb edən binaların da bilərəkdən yandırılması daxil idi. Xüsusilə, azərbaycanlıların sosial–mədəni və mənəvi mərkəzi hesab edilən “İsmailiyyə”nin, “Açıq söz” və “Kaspi” mətbəələrinin, o cümlədən, “Dağıstan”, “İskəndəriyyə”, “İslamiyyə” mehmanxanalarının və karvansaranın yandırılması ilə ermənilər sanki şəhərdəki müsəlman izlərini yox eləməyə çalışırdılar.

“İsmailiyyə”nin yandırılması şəhər əhalisinin yaddaşında silinməz izlər buraxmışdı. Divarlarına azərbaycanlıların azadlıq və müstəqillik çağırışının ilk sədaları hopan “İsmailiyyə”binasına od vuran daşnak Tatevos Amirov idi. O, sonralar əli azərbaycanlıların qanına bulaşmış Şaumyan və digərləri kimi “26 Bakı Komissarları”nın tərkibində yer aldı.

1918–ci ilin mart hadisələri zamanı Bakıda erməni cəza dəstələrindən birinin cinayətkar fəaliyyətinə başçılıq edən Stepan Lalayevin vəhşiliyi isə hətta ermənilərin özlərini belə dəhşətə gətirmişdi. FTK-nın dindirmələri zamanı şahidlərin və zərərçəkənlərin ifadəsində Lalayevin Nikolayev və Aşağı Priyut küçələrində oz qonşularına qarşı törətdiyi vəhşiliklər xüsusi amansızlığı ilə seçilirdi: “... Əsgərlərinə əmr elədi ki, mənzili dağıtsınlar, dəstə Balayevin qohumlarını... Hüseynov və Ağa Dadaş Qurban oğlunu güllələdi. Sonra Balayevin mənzilindən çıxan dəstə Ağa Dadaşın qonşuluqda yerləşən mənzilini tutdu və Ağa Dadaş kimi onun atası Hacı Qurbanı da öldürdü” (ARDA f.1061,siy.1c, sax. vah.99, səh.6)

Türk qoşunları 1918–ci ilin sentyabrında Bakıya gəldikdən sonra Lalayevin quldur dəstəsi Petrovska çəkilməli olur. “Kornilov” gəmisində baş verən yanğın səbəbindən Həştərxandan gələn 850 nəfər sərnişin “Poseydon” gəmisində 3 gün reyddə qalırlar. Dördüncü gün onlardan 100 nəfər sərnişin “Evelina” paraxoduna keçirilir. Bu, arxiv sənədlərində belə əks olunur: “...Təxminən 18–45 yaşlı müsəlmanlardan ibarət 750 nəfər Petrovskidə düşürdülür. S.Lalayev, R.Aqamanyan və başqalarının başçılığı ilə erməni əsgərlər gündə bir neçə dəfə ora gəlirdi. Bu dəstələr hər dəfə 10-15 nəfər müsəlmanı götürüb ya həbsxanaya, ya da şəhər kənarına aparırdılar. Orada müsəlmanları ağır işgəncə və zülmə məruz qoyurdular. Həmin adamlardan 8–10 nəfəri bir–birinə sarıyır və kimin silahının daha çox adam öldürəcəyi ilə bağlı mərc edirdilər... Onlar müsəlmanların əllərini bir–birinə bağlayır, sonra axırıncıdan başlayaraq, başlarına, qarın və sinələrinə xəncərlə vuraraq, bir–birinin ardinca öldürürdülər. Bəzilərini isə üz-üzə bağlayır və çalışırdılar ki, bir qılınc zərbəsilə ikisinin də başını eyni vaxtda kəssinlər. Sonuncu qayda ilə 50 nəfər öldürülmüşdü. Lalayev kompaniyasının öldürdüyü müsəlmanların meyidləri daha dəhşətli vəziyyətdə - başları və ayaqları doğranmış halda idi...” (yenə orada, səh.6)

Bakı kəndlərində qətliam

1918-ci ilin martında erməni cəlladlar təkcə Bakı şəhərində deyil, Bakının ətraf kəndləri - Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Hökməli, Zabrat, Sabunçu, Ramanı, Xırdalan və digərlərinin əhalisini də evdə, küçədə, həyətdə - gördükləri hər yerdə qətlə yetirir, qarət və talan edirdilər.

Ermənilərin Bakıda – İçərişəhərdən başlayan qırğınları Bakının hüdudlarını aşaraq, bütün quberniya və qəzalara yayılmış, dəhşətli bir vəziyyət yaratmışdı. Azərbaycanın milli qüvvələri öz çıxışlarında Cənubi Qafqazın dinc müsəlman əhalisinin soyqırımının erməni siyasi partiyaları tərəfindən qabaqcadan düşünülmüş və planlaşdırılmış bir siyasətin nəticəsi olduğunu bildirirdi.

Martın 31- dən aprelin 2-dək Bakıda hakimiyyəti ələ keçirmiş daşnak-bolşevik güruhunun başcısı S. Şaumyanın rəhbərliyi ilə əvvəlcədən hazırlanmış plana əsasən, Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə bu soyqırımı həyata keçirildi. Mart hadisələrinin məqsədyönlü icrasını bütün firqələrdən olan azərbaycanlı siyasətçilər pisləyirdi. Azərbaycan bolşeviki S.M.Əfəndiyev qeyd edirdi ki, mart hadisələri zamanı daşnaklar təkcə müsavatçıları deyil, bütünlüklə müsəlmanları məhv edirdilər. Hadisələrin gedişatı göstərirdi ki, Şuranın başında dayananlar – Şaumyan, Çaparidze və başqaları da daşnakların məhbusuna çevirilmişdilər.

“..Bu hadisələr Sovet hökumətinə ləkə və qarayaxmadır”,- deyə N.Nərimanov Şaumyana məktubunda yazırdı. Bolşevik təşkilatının üzvləri olan hümmətçilər isə bildirirdilər ki, “biz bolşevik olaraq qalsaq da, kasıb müsəlmanların nahaq axıdılan qanlarını cavabsız qoymayacaq və bütün gücümüzlə müsəlmanlara qarşı münasibətdə baş verən bu rəzaləti aydınlaşdırmağa çalışacağıq”.

“Əgər tədbir görülməsə...”

Bakıda cərəyan edən bu faciəvi mart qırğınları Zaqafqaziya Seyminin azərbaycanlı fraksiyasını hərəkətə gətirdi və aprelin 2–də onlar Zaqafqaziya hökumətini Bakıda baş verən hadisələrlə bağlı məlumatlandıraraq, tələb etdilər ki, əgər müsəlman əhalinin müdafiəsi ilə bağlı həlledici tədbirlər görülməsə və Bakıya qoşun göndərilməsə, onların “Seymlə həmrəylik məsələləri mümkünsüz olacaq”.

Ertəsi gün Seymin Bakı hadisələrinə həsr olunmuş iclasında Fətəli Xan Xoyski bildirir: “...Əgər müsəlman əhalinin qorunması ilə bağlı tədbir görülməzsə, bütün müsəlman nazirlər hökumətin tərkibindən çıxacaq”.



Aprelin 17–də F.X.Xoyski Zaqafqaziya hökumətinə məruzəsində Bakı hadisələrinin artıq bütün Gəncə quberniyasında müzakirə edildiyini və bütün qərarlarda türk qoşunlarının Bakıya buraxılması ilə bağlı maddələrin olması barədə xəbərdarlıq edir və bildirir ki, əgər hökumət Bakı məsələsini həll edə bilməsə, Gəncə quberniyası müsəlmanlarını eşitmək lazım gələcək... Ola bilsin elə bir an çatacaq ki, xalq özü fəaliyyətə keçərək faciəli bir vəziyyət yaratsın, çünki Bakı məsələsi Respublika üçün ölüm-qalım məsələsidir.

Xoyskinin bu çağırışına Seymin qoşunlarının tərkibində olan Müsəlman korpusu səs verdi və knyaz Mahalovun komandanlığı ilə 2 min nəfərlik hərbi dəstələr Bakıya istiqamət aldı. Onlarla birlikdə Dağıstandan Nəcmuddin Qotsinskinin dağlı dəstəsi və Qubalı Əli bəy Zizikskinin dəstələri də birləşərək, Bakının 10 kilometrliyindəki Xırdalan stansiyasına qədər gəldilər. Lakin tezliklə çoxsaylı Qızıl Ordu qoşunlarının qarşısından çəkilməli oldular. Beləliklə, hökumətdən bütün ümidlərini itirmiş azərbaycanlı fraksiyanın son çarəsi və həm də ən başlıca vəzifəsi türk qoşunlarının çağırılması oldu.

1918–ci ilin mart soyqırımı azərbaycanlıların milli birliyini, dövlət müstəqilliyi yaratmaq əzmini qırmadı, əksinə, daha da güçləndirdi. Bakı şəhərinin Azərbaycanın müstəqilliyinə qarşı barışmaz mövqe tutmuş qüvvələrdən azad olunması üçün Qafqaz İslam Ordusu komandanı Nuru Paşa Türk və Azərbaycan hərbi hissələrindən təşkil edilmiş milli orduyla birlikdə 1918- ci il sentyabrın 14-15-də Bakıda hakimiyyəti ələ keçirmiş "Sentrokaspi diktaturası"nı devirdi və daşnakların çağırışı ilə Bakıya gəlmiş ingilis hərbi qüvvələrini Bakını tərk etməyə məcbur elədi. 15 sentyabrda Bakı azad edildi və bu möhtəşəm hadisəni böyük çoşğuyla bayram edən şəhər əhalisi, Bakının ətraf kənd sakinləri, böyük qələbəyə işıq tutanlar - Xəlil Paşa, Nuru Paşa, Əliağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, o cümlədən, Azərbaycan Parlamentinin və Hökumətinin üzvlərinin iştirakı ilə Qələbə paradı keçirildi.

"Komandanız altında bulunan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın başkəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim, zati-həmiyyəti-pərvanələrinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edərim...” Bu, Cümhuriyyətin ilk Hökumət başçısı Fətəli Xan Xoyskinin Nuru Paşaya ünvanlanmış minnətdarlıq sözləri idi.

Lakin azad olunanadək Bakı və onun əhalisi ölümdən, qılıncdan, talan və qarətdən keçən acı bir həqiqət yaşadı: bütün gerçəkliyi ilə tarixi sənədlərdə və insanların qan yaddaşında əbədi iz salan SOYQIRIMI adlı həqiqət.

Bəli! 1918–ci il martın 17– dən aprelin 2–dək erməni dəstələri Bakıda və Azərbaycanın digər ərazilərində azərbaycanlılara qarşı misilsiz bir vəhşilik törətdilər. FTK–nın mart qırğını ilə bağlı 1919–cu ilin avqust ayına qədər topladığı sənədlərin ümumi həcmi belədir: 36 cild və 3500 vərəq. Onlardan 6 cild və 740 vərəq təkcə Bakı və onun ətraf kəndlərində baş verən faciələrlə bağlıdır.

Doğrudur, bu sənədlərin hər cümləsində fəlakət hayqıran bir tarix yatır - azadlığını bərpa etmək yolunda zamanla yarışa girən bir xalqın tarixi. Bu zaman kəsiyində bir millət olaraq biz soyqırımından keçdik, lakin bununla biz özümüzü naçar, aciz və əzabkeş bir millət kimi göstərmədik – nə keçmişdə, nə də indi. Bu, əslində böyük və qürurlu bir xalqın məqsədyönlülüyü və əzmkarlığının heç bir qüvvə tərəfindən sındırıla bilməyəcəyini sübut edən bir gerçəklik idi. Bu, böyük tarixi dövlətçilik ənənəsi olan bir millətin özünə aid olanı qoruya bilmək əzminin həm də dünyaya nümayişi idi.

XX əsrin ilk onilliklərində, qarmaqarışıq dünyanın bulanıq sularının qarşı sahillərində qor salmış azadlıq adlı bir ocağın közərən işığına doğru yelkən tutan bir xalqın bütün qırğınlara rəğmən, qürurlu duruşu və humanizmi hər kəsi heyrətləndirdi: “Biz öz məqsədlərini anlamayan siyasi düşmənlərimizə bənzəmək istəmirik və bunu bacarmarıq. Biz təmkinlə, soyuqqanlılıqla, öz həqiqətimizi tamamilə dərk edərək, məqsədlərimizə doğru təmiz vicdanla, inamla gedirik və nəhayət, bizim qonşu xalqlara qarşı münasibətdə loyallığımız, səmimiyyətimiz və ürəyiaçıqlığımız həqiqətdə gözlərini ehtiraslı təkəbbür və qərəzin bürümədiyi hər kəs tərəfindən qiymətləndiriləcək və qəbul ediləcək. Fakt üzdədir. Kim istəyirsə, yoxlaya bilər!” (“Azərbaycan”qəzeti, №55, 8 dekabr 1918 – ci il )



Teqlər: 31-mart-soyqırımı   Azərbaycanlıların-soyqırımı  





Xəbər lenti