Hollandiya “erməni soyqırımı”nı niyə tanıdı? - Gizli səbəblər

Hollandiya “erməni soyqırımı”nı niyə tanıdı? - Gizli səbəblər
  24 Fevral 2018    Oxunub:15800
Hollandiya parlamenti uydurma "erməni soyqırımı"nı rəsmən tanıyıb. 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan qanun layihəsi Hollandiya parlamentində səsverməyə çıxarılaraq, qəbul olunub. Rəsmi Ankara Hollandiya parlamentinin qərarını şiddətlə qınayıb. Bildirilib ki, Hollandiya parlamentinin qərarı hüquqaziddir və əsassız olduğundan rəsmi əhəmiyyəti yoxdur.
Son günlər Türkiyə ilə diplomat qalmaqal yaşayan Hollandiyanın qondarma “soyqırımı” hansı səbəbdən tanıması sual doğurur.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-a bildirib ki, bu qərarın verilməsi Türkiyə-Hollandiya münasibətləri ilə bağlıdır:

“Ermənilər 100 ildir saxta “soyqırımı” dünyaya sırımağa çalışırlar. Etiraf etmək lazımdır ki, bəzi Avropa və Latın Amerikası ölkələri “soyqırım”ı tanıyıb. Onlar erməni lobbisinin istəklərini yerinə yetiriblər. Həmin ölkələr daha çox Türkiyə ilə münasibətlərə, ikili standartlara görə bu qətnamələri qəbul ediblər. Bəzi Avropa ölkələri Türkiyənin regionda imkanlarının genişlənməsindən narahatdır. Hollandiya isə sırf Türkiyəyə zərəri dəysin deyə qondarma layihəni qəbul edib.

Xatırladaq ki, ir il öncə Hollandiyada böyük qalmaqal baş vermişdi, türkiyəli nazirləri bu ölkəyə buraxmaq istəmirdilər. Buna cavab olaraq Türkiyə Hollandiyanın təyin olunmuş səfirini ölkəyə buraxmadı. Bu, iki ölkə arasında münasibətləri gərginləşdirdi. Hollandiya qarşılıqlı addım olaraq “erməni soyqırımı”nı tanıdı. Əslində bu addımın atılması çox yalnışdır. Sırf ermənilərlə bağlı deyil. Qətnamənin qəfil qəbulunu sırf Hollandiya-Türkiyə münasibətlərinə bağlayıram. Hollandiya parlamenti qərarı ona görə qəbul etməyib ki, özləri buna inanırlar, ermənilərə təəssübkeşdirlər, sırf Türkiyə əleyhinə belə addımı atıblar”.



E.Şahinoğlu deyib ki, Türkiyənin inkişafı bəzi Avropa ölkələrini ciddi narahat edir: “Türkiyə böyüyür, inkişaf edir. Eyni zamanda Türkiyə ordusu qələbələr qazanır. Bu baxımdan Türkiyənin Yaxın Şərqdə imkanları getdikcə artır. Türkiyəyə badalaq vurmaq, daha çox problemləri artırmaq məqsədilə Avropa ölkələri cür “təşəbbüs”lərlə çıxış edirlər. Elə düşünürlər ki, bu cür addımlarla Türkiyənin böyüməsinə, inkişafına əngəl ola bilərlər”.

Politoloq vurğulayıb ki, bu addımlar Türkiyənin siyasətinə təsir etmir: “Keçmişdə guya Avropa Türkiyəyə təzyiq edirdi ki, Ermənistanla sərhədləri açsın, diplomatik münasibətləri qursun. Bəlkə 20 il öncə Türkiyə bu təzyiqlər haqqında danışa bilərdi. Bu gün Türkiyə o qədər böyüyüb inkişaf edib, bölgədə söz sahibi olub ki, kimsə ona təzyiq edə bilmir. Hətta ABŞ-ın özü belə ona təsir edə bilməz ki, Ermənistanla sərhədləri açsın, diplomatik münasibətləri qursun. Ona görə erməni lobbisinin səyi nəticəsində qəbul olunan saxta qətnamələr Türkiyə siyasətinə zərrə qədər təsir etmir. Həmçinin, Hollandiyanın bu qərarı ciddi rezonans doğurmadı. Düzdür, 20 il öncə belə qərarlar Türkiyə siyasi dairələrində ciddi rezonans doğururdu. İndi vəziyyət tam fərqlidir”.

Politoloq Fikrət Sadıqov hesab edir ki, Türkiyəyə qarşı qərəzli qərarın qəbulunda bir neçə səbəb var: “Avropa ölkələrinin bir çoxu qondarma “erməni soyqırmı”nı parlament səviyyəsində tanıyıb. Buna səbəb ümümən Avropa ölkələrinin Türkiyəyə münasibəti, islam ölkələrinə təpkisi, eyni zamanda Türkiyənin son zamanlar apardığı müstəqil siyasətdir. Bütün bunlar bir sıra dairələri qıcıqlandırır”.



Politoloq qeyd edib ki, “tanımalar” ancaq parlamentlər səviyyəsində baş verir: “Onların hökumət rəsmiləri dərhal təkzib edir və bildirirlər ki, öz siyasətlərini bununla bağlamırlar. Yəni, Türkiyə ilə münasibətlər eyni olacaq və inkişaf edəcək. Məsələn, Hollandiyanın xarici işlər nazirinin bəyanatında da belə deyilir. Hollandiya parlamentində oturan hansısa deputatın bu regionda 1915-ci ildə hansı hadisələrin baş verməsindən heç xəbəri də yoxdur. Sadəcə olaraq ümumi şəkildə buna səs veriblər”

F.Sadıqov hesab edir ki, Hollandiya parlamentinin qərarı birbaşa Türkiyəyə təzyiq deyil: “Düşünmürəm ki, qərar Türkiyəyə birbaşa təzyiq xarakteri daşıyır. Əgər bunu Hollandiya hökuməti etsəydi, belə qəbul etmək olardı. Amma, bu hal baş verməyib. Sadəcə ölkə parlamentinin müxtəlif nümayəndələri öz məqsədlərinə uyğun şəkildə qərar qəbul ediblər. Çox güman ki, burada erməni lobbisinin də barmağı var”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Türkiyə   Hollandiya   Qondarma-soyqırım  





Xəbər lenti