Türkiyədəki ilk səfirimiz - Erməni qonşunun satdığı, məzarı tapılmayan tarixi şəxsiyyət (VİDEO, FOTOLAR)

Türkiyədəki ilk səfirimiz -  Erməni qonşunun satdığı, məzarı tapılmayan tarixi şəxsiyyət (VİDEO, FOTOLAR)
  20 Fevral 2018    Oxunub:51049
Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında pay sahibi olan tarixi şəxsiyyətlərdən biri Yusif Vəzir Çəmənzəminlidir. O, dövrünün tanınmış dövlət xadimi, AXC-nin Osmanlı Türkiyəsində ilk səfiri, həm də yazıçı kimi tarixin qızıl səhifələrinə adını yazdıra bilib. Baxmayaraq ki, çətin günlər yaşayıb, təqiblərə məruz qalıb, hər addımında Azərbaycanı, Azərbaycançılığı təbliğ edib...
Müsahibimiz Çəmənzəminlinin böyük nəvəsi, filologiya elmləri doktoru Leyla Vəzirovadır. Onunla söhbətimizdə tarixin səhifələrini varaqlayaraq, Çəmənzəminlinin həyatı və fəaliyyətinə işıq salmağa çalışdıq...



-Babamı canlı görmək mənə qismət olmayıb, həyatı barədə kitablardan və atam Orxan Vəzirovun yazdığı xatirələrdən oxumuşam. Gözümüzü açandan ailədə atam və əmim Fikrət Vəzirov tərəfindən Çəmənzəminli haqqında söhbətləri eşitmişəm.

Çəmənzəminli 1887-ci ildə Şuşada bəy ailəsində dünyaya gəlib. 4 bacı və 3 qardaş olublar. Onların ailəsində elmə, biliyə böyük maraq olub. Çəmənzəminlinin atası dövrünün savadlı, bir neçə dil bilən ziyalılardan olub. O, övladlarında dillərə məhəbbəti, mütaliəyə marağı yarada bilib. Nəticədə üç oğulun üçü də savadlı olub. Onların ailəsində təhsil almamaq mümkünsüz olub.



Çəmənzəminli ailənin ortancıl oğlu olub. Böyük qardaşı Əbülhəsən 21 yaşında xəstəlikdən vəfat edib. Onun haqqında Çəmənzəminli memuarlarında, xatirələrində yazır ki, Əbülhəsən çox savadlı, bilikli və ciddi insan olub. Şuşa Realnı məktəbində oxuyarkən rus, fars, ərəb dillərini öyrənib. Onun dünya və rus klassiklərinin əsərlərindən ibarət zəngin kitabxanası varmış. Əbülhəsənin vəfatı babama çox pis təsir edib. Ölümünü həssaslıqla qarşılayıb. Bununla bağlı “Son bahar” adlı kədərli hekayəsini yazıb.



Çəmənzəminli əvvəl Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində oxuyub. Ancaq atası çox keçmədən anlayıb ki, bu təhsil Çəmənzəminliyə səmərə verməyəcək. Buna görə də onu Ağdama aparıb, təhsili ilə özü şəxsən məşğul olmağa başlayıb. Ona türk və fars dillərini öyrədib. Daha sonra babamı Yusif Muradbəylidəki rus məktəbinə qoyub. O, bir il bu məktəbdə oxuyandan sonra 1896-ci ildə imtahanla Şuşa Realnı məktəbinə daxil olub.

Qeyd edim ki, Əbülhəsənin vəfatından sonra onun zəngin kitabxanası babamın ixtiyarına keçib. O, böyük həsədlə, maraqla kitabları oxumağa başlayıb. Ondan sonra həyata baxışı, dünya görüşü daha da zənginləşib.

Üçüncü qardaşı Mirabdulla Parisdə siyasi elmlər məktəbinin diplomatiya fakültəsində təhsil alıb. Bizim evdə adətən ona "Miri" deyirdilər. Çəmənzəminli onun xarakterini təsvir edərkən qardaşını əsrin “Onegin”i adlandırırmış. Onda aristokratizmə çox meyillilik olub. Bu, ondan irəli gəlirdi ki, onların qanında mədəniyyətə böyük maraq olub. Ancaq tale elə gətirib ki, Mirabdullanın da ömrü yarıda qırılıb. 29 yaşında Fransada vərəm xəstəliyindən dünyasını dəyişib. Onun sağalması üçün böyük məbləğdə pul lazım olub. Həmin vaxtlar nə babamın, nə də bacıların buna gücü çatıb. Mirabdullanı Fransada əcnəbilər məzarlığında dəfn ediblər. Oranın qaydası belə idi ki, 5 ildən sonra pul ödənilmirdisə, məzarın yeri itəcəkdi. Bu, həmin vaxtlar idi ki, Çəmənzəminli səfir olub qayıtmışdı və Cumhuriyyət dağılmışdı...


(Sağdan birinci Yusif Vəzirin kiçik qardaşı Miri Vəzirov, Paris 1920-ci il)

Ataları 1906-cı ildə vəfat edəndən sonra ailənin yükü babamın üzərinə düşüb. O, maddi problemləri həll etmək üçün atasının Ağdamdakı əttar dükanını satmaq qərarına gəlib. Ancaq iş elə gətirib ki, orada yatalaq xəstəliyinə tutulub və üç ay yataqdan qalxmayıb. Həmin vaxtlar ailəyə Cənubi Azərbaycanın "Çəmənzəmin" adlı kəndindən Şuşaya pənah gətirib, Yusifgilin həyətlərində sığınacaq tapmış 3 qardaş dəstək olub. Babam anasına deyib ki, əgər sağalıb ayağa qalxsam və tanınmış adam olsam, qardaşların etdiyi yaxşılığın əvəzində özümə “Çəmənzəminli” təxəllüsünü götürəcəyəm.



Şuşada baş verən milli adəvət babamın ailəsini Aşqabada köçməyə məcbur edib. Ancaq o, bir il sonra Bakıya geri qayıdıb və rus seminariyasında oxuyub. 1910-cu ildə Yusif Vəzir 1910-cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olub. Beş illik tələbəliyi ərzində ədəbi və elmi baxımdan bir çox mövzularda yazılar yazıb, məhsuldar fəaliyyət göstərib.

-Maraqlı məqamlardan biri də odur ki, daim ehtiyaclar, sıxıntılar içində olmasına baxmayaraq, ədəbiyyatdan bir an belə uzaqlaşmayıb. Diqqətini milləti narahat edən məsələlərə yönəldib, xalqın mənafeyini şəxsi mənafeyindən üstun tutub.

- Zəngin daxili aləmin maddiyatla heç bir bağlılğı yoxdur. O, ürəyindən nəyi keçirdibsə, nədən narahat olubsa, o haqda yazıb. Yaradıcılığına fikir versək, görərik ki, romanlarında, hekayələrində, publisistikasında həyatın bütün sahələrinə toxunub. Yardıcılığında folklora, zərdüştlüyə, qadın azadlığına yer ayırıb. Azərbaycan qadınını müasir, indiki kimi görmək istəyib. Bununla bağlı kölə qadınlara həsr olunmuş xeyli məqalələri var. "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitablarını qeyd etmək lazımdır. “Bizlərdə 11 növ tərbiyyə” məqaləsində göstərir ki, savadsız ana uşağa nə tərbiyyə verə bilər? Ana savadlıdırsa, dünya görüşü varsa, uşaq da müasir dünyada özünə yer tapa biləcək. Siyasətlə bağlı xeyli məqalələr yazıb. Məsələn, “Bizim daxili və xarici siyasətimiz” adlı silsilə məqaləsini göstərmək olar. Hansı mövzuya toxunuruqsa, bilirik ki, orada Çəmənzəminlinin fikri söylənilib.



-İstərdim Yusif Vəzirin diplomat kimi fəaliyyətindən danışaq…

- Onun siyasətə qatılması Kiyevdən başlayıb. 1914-cü ildə Müsavat Partiyasının Kiyev filialına başqanlıq edib. AXC hökuməti onun diplomatik kefiyyətlərini müsbət qiymətləndirirdi. Bir diplomata nələr lazım idi? İlk növbədə savadlı, mütaliləli olmalı, siyasətdən başı çıxmalı və çox dil bilməli idi. Bütün bu tələblər babamda var idi. Məhz bu səbəbdən Azərbaycan Demokratik Cumhuriyyətinin Xarici İşlər Nazirliyi 15 aprel 1919-cu ildə Yusif Vəzir Çəmənzəminlini Azərbaycan Respublikasının Ukraynada, Polşada və Krımda diplomatik nümayəndəsi təyin edib.

Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyovun təklifi ilə 1919-cu ildə yeni yaranmış Respublikanın səfiri kimi İstanbula göndərilib. O zaman babamın 32 yaşı olub. AXC-nin süqutu onun İstanbulda səfir kimi fəaliyyətinin sonu demək idi. Yusif Vəzir bu səbəbdən vəzifəsinin bitmiş olduğunu elan edib, Parisdə yaşayan qardaşı Mirabdullanın yanına gedib. Orada zavodda işləyib, qonorarla yazılar yazıb. 1925-ci ildə qardaşının vəfatından sonra Parisdə yaşamaq onun üçün dözülməz olub. Bu səbəbdən 1926-cı ilin aprel ayında mühacirətdən vətənə qayıdıb.



-Həyat yoldaşı Bilqeyis xanımla tanışlığı yəqin ki, bu illərə təsadüf edib. Evlilik tarixçəsi haqda məlumatınız varmı?

- Babam Avropada yaşamışdı. Çoxsaylı Avropa dillərini mükəmməl bilirdi, Avropa mədəniyyəti ilə tanış idi. Buna baxmayaraq, əcnəbi qızla evlənməyə üstünlük verməmişdi. Sırf azərbaycanlı qızı Bilqeys xanımla evlənmişdi. Bu da onun vətənpərvərliyindən irəli gəlirdi. Heyif ki, onların ailə həyatları cəmi 10 il sürüb.

Mən Bilqeys xanımı görmüşəm. O, dünyasını dəyişəndə mən 8-ci sinifdə oxuyurdum. Danışdıqlarını, xatirələrini çox yaxşı xatırlayıram.

Onların evliliyinə babamın bacıları səbəbkar olub. Belə ki, Çəmənzəminli dünyanın müxtəlif ölkələrini gəzib gəlmişdi və həyatdan artıq doymuşdu. Onun evlənmək fikri yox idi. Deyirmiş ki, mən elə yaşa gəlib çatmışam ki, bu yaşda evlənməzlər. Bildiyimə görə, o, evlənəndə yaşı 40-ı keçmişdi. Fikirləşib ki, gecdir, evlənməyin mənası yoxdur. Ailənin davamçısı kimi bacısının övladını saxlamaq istəyirmiş. Bacıları isə əsl azərbaycanlı qadını kimi onun subay qalmasına imkan verməyib, babamı Bilqeys xanımla tanış ediblər.



10 il mehriban, gözəl həyat yaşayıblar. Atam danışardı ki, hər yay harasa istirahətə gedərmişlər. Səməd Vurğunun, Abdulla Şaiqin ailəsi ilə birlikdə başqa ölkələrdə dincələrmişlər.

Bilqeys xanım Çəmənzəminlidən danışanda həmişə gözləri dolardı. Biz uşaq olanda bizə baxıb deyirdi ki, heyif, o, sizi görmədi, görsəydi nə qədər çox istəyərdi. Bu sadəcə bir nənə arzusu idi. Qəlbində yanğı var idi ki, o, nəvələrini görə bilmədi. Nəinki nəvələrini, heç övladlarını böyüdə bilmədi. 9-10 yaşında uşaqların ataya ehtiyacı vardı...



-Çəmənzəminlinin neçə övladı olub?

-Onun üç- 2 oğlu və bir qızı olub. Qız övladı tez vəfat edib. Bilirsiniz, o illərin ağırlığına hər ailə dözə bilmirdi.

-Təəssüf ki, represiya qurbanlarından biri də sizin babanız olub. Yəqin, atanız həyatı boyu o illərinin ağrısını içində daşıyıb...

-1937-1938-ci ilin repressiyalarından babam yan keçə bilmədi. O, hədəfə alınmış yazıçılar sırasında idi. Onu əks-inqilabçı olmaqda günahlandırırdılar. Yazıçılar İttifaqının üzvlüyündən çıxarılmışdı. Bakıda iş tapmaq onun üçün müşkülə çevrilmişdi. Bağırova, Stalinə yazdığı məktublara cavab gəlmirdi. Bu səbəbdən 1938-ci ildə "Kommunist" qəzetində çıxan elana əsasən sənədlərini Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xarəzm Vilayət Pedaqoji institutunda rus dili müəlimi yerini qazanmaq üçün göndərib. Və müsabiqədən uğurla keçib, işləmək üçün ora gedib. Ancaq Ürgənc də onu xilas edə bilməyib. 1940-cı il yanvar ayının 25-də babam Urgəncdə həbs edilərək Bakıya gətirilib. O, altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilib. 1943-cü ildə orada vəfat edib. Təəssüf ki, biz onun qəbrini görə bilməmişik. Dedilər ki, qəbirlər dağılıb.



-Çəmənzəminlinin Özbəkistanda erməni qonşusu tərəfindən satılması, buna əsasən Bakıya gətirildiyi deyilir. Bunlar doğrudurmu?

-Bəli, doğrudur. Mən də belə eşitmişəm. Bununla bağlı müsahibələrində atam və əmim dəfələrlə məlumat verib.

Çəmənzəminlinin oğlanları - Orxan və Fikrət Vəzirovlar ataları yadlarına düşəndə uşaqlıq illərinə qayıdırdılar. Ürək yanğısı, hirs və acıqla o illəri xatırlayırdılar. Bu, təbiidir. Başqa cürə ola bilməzdi. Atam çox yaxşı ata olub. Ola bilsin, o yanğı onun ürəyində olub, özü atalıq qayğısını lazımınca görmədiyinə görə, bizə qayğı göstəririrdi. Bütün bunların hamısı bir-biri ilə zəncirvari bağlıdır.



Ailənin özü də sürgün edilmişdi. Onlara 1941-ci ildə Bakını tərk etmək üçün cəmi 3 gün vaxt verilmişdi. Onlar bir müddət Dərbənddə, bir müddət Şəkidə yaşamalı olublar. Bakıya yalnız 1944-cü ildə qayıda biliblər.

Atamın memuralarında bu barədə var. O, kitabda yazır ki, onların böyüməyində dayısının köməyi dəyib. Onların ailəsində məskunlaşıblar. Dayısı bunlara yiyə durub, qoymayıb ailə yıxılsın.

Atamgil nə qədər çətinlik çəksələr də, oxumağa, kitaba maraqlı olublar. İş və ya bir parça çörək dalınca qaçmayıblar. Hər ikisinin ali savadı olub. Hər ikisi mühəndis işləyib. İki qardaş o qədər mütaliə idirdilər ki... Onlara canlı ensiklopediya deyirdilər. Hardan sual versəydin, cavabları var idi.

-Hazırda Çəmənzəminlinin yadigarlarından kimlər var?

- Çəmənzəminli yadigarı kimi nəvələri - mən və qardaşım Yusif, bir də anam Fəridə xanımın adını çəkə bilərəm. Rus dili üzrə filoloqam. Babamın yazıçılıq məharəti qardaşıma keçib. Rus dilində yazır, Yazıçılar İttifaqının üzvüdür. Eyni zamanda diplomatdır. Müxtəlif ölkələrdə işləyib. Hazırda Xarici İşlər Nazirliyində işini davam etdirir.



Babamın arxivi səliqəli arxivlərdən biridir. Axundovdan sonra ikinci yeri tutur. Onun arxivinin qorunub saxlanılmasında Bilqeys xanımın anası Kiçikxanım Acalovanın böyük rolu olub. 1937-ci ildə evi alt- üst ediləndə arxivi gizlədə bilmişdi. Arxiv hazırda Füzuli adına Əlyazmalar İnstitutunda və Salman Mümtaz adına Əlyazmlar Fondunda saxlanılır.

Bir neçə il öncə prezidentin sərəncamı ilə əsərləri latın əlifbası ilə dərc olunub. Onun tədqiqatçılarından Tofiq Hüseynovun və Mərəyəm Axundovanın adını çəkə bilərəm. Məryəm xanım böyük fədakarlıq göstərib.

2015-ci ildə Kiyevdə babamın bitirdiyi Müqəddəs Vladimir adına İmperator Universitetinin səfirlik və diaspor nümayəndələri tərəfindən 100 illiyi keçirilib. Bizi də dəvət etmişdilər. Qardaşımla mən özümüzə borc bilib ora getdik və tədbirdə iştirak etdik. Bəzi səfirlərimiz tədbirdə iştirak etmək üçün Avropadan gəlmişdi. Qürur duydum. Bu, o deməkdir ki, xalq nəinki Azərbaycanda, Azərbaycandan kənarda da Yusif Vəzir Çəmənzəminlini sevir, yaşadır.































Yusif Vəzir Çəmənzəminlinin çəkdiyi rəsmlər











Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Yusif-Vəzir-Çəmənzəminli   AXC   100-il  





Xəbər lenti