Marketlərdə yağ müəmması: Hərə bir qiymət deyir

Marketlərdə yağ müəmması: Hərə bir qiymət deyir
  12 Dekabr 2017    Oxunub:9817
Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması barədə qərar qüvvəyə minib.

Nazirlər Kabinetinin qərarına əsasən, yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-dək azaldılıb. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə qalacaq.
AzVision.az-ın əməkdaşı paytaxtda bir neçə marketə baş çəkərək qiymətlərlə maraqlanıb. Məlum olub ki, yağın qiyməti marketlərə görə dəyişir.

Bəzi supermarketlərdə bir kiloqram “Westgold” 17.60, “Anchor” 17.50, “President” 18.90, “Golden Crown” 17.40 , "French Cow" 20.05 , “Wellington” 17.35, “Best Cow” isə 17.45 manata satışa çıxarılıb.

Digər marketlərdə isə qiymətlər fərqlidir. Təxminən yeni məhsullar 50 qəpik - 1 manat baha satılır.

Alıcılar qiymətlərin əvvəlki kimi qaldığını, ucuzlaşmanın hiss olunmadığını deyiblər. Market sahibləri isə firmaların təyin etdiyi qiymətlər əsasında satış həyata keçirdiklərini bildiriblər.

Azərbaycana idxal olunan kərə yağının əsas hissəsi Yeni Zelandiya, Fransa və Rusiyadan gətirilir. Bazarda əsas payı bu üç ölkə tutur.

Dekabrın 8-dən etibarən rüsumların 3 dəfə azalmasına baxmayaraq, marketlərdə qiymət dəyişiminin şahidi olmadıq. İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub.

Ülviyyə Çingizzadə
AzVision.az



Teqlər: Yağ  





Xəbər lenti